Şirvanın su şəbəkəsi yeniləşdirilir

post-img

Şirvan şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təchizatının yaxşılaşdırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan Şəhər Sukanal İdarəsi tərəfindən zəruri işlər görülüb.Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, şəhərin küçə və prospektlərdə qəzalı vəziyyətdə olan su xətləri təmir edilərək mövcud çatışmazlıqlar aradan qaldırılıb. Ümumilikdə, cari ilin ötən dövründə şəhərin ayrı-ayrı küçələrində müxtəlif diametrli 928,5 paqonometr uzunluğunda su xətləri təmir edilib.

Eyni zamanda, şəhər ərazisində 363 ədəd mexaniki su sayğacı, 5 ədəd müxtəlif diametrli yeni siyirtmə quraşdırılıb. Şəhərin Heydər Əliyev və Tofiq İsmayılov küçələrində məhəllədaxili kanalizasiya sistemində istismara yararsız olan xətlər, çoxmənzilli yaşayış binalarının zirzəmisində isə tullantı su boruları təmir edilib. Şəhər ərazisində baş vermiş tutulmalar və kanalizasiya xətləri iri həcmli xüsusi texnika və maşınlarla yuyularaq təmizlənib.

Bununla yanaşı, 63 nəzarət quyusu xüsusi maşınla çikrabdan təmizlənib, 1270 paqonometr kanalizasiya xətti yuyulub, bunun da nəticəsində 76 kubmetr çirkab su kənarlaşdırılıb. İlin ötən dövründə içməli su və kanalizasiya xətlərində baş vermiş qəzaların nəticələri vaxtında aradan qaldırılıb.

Şirvan Şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov görülmüş işlər barədə məlumat verərək bildirib ki, işlər əhalinin su ilə təminatı üçün tərtib olunmuş plan əsasında davam etdirilir. Abonentlər şəhər ərazisindən keçən 1200 millimetrlik Şirvan-Muğan xəttindən ayrılmaqla 710 millimetrlik, 450 millimetrlik və 410 millimetrlik xətlərlə üç istiqamətdə içməli su ilə təmin olunur.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı hazırda Şirvan şəhərində də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Layihəyə uyğun olaraq şəhərin müxtəlif küçələrini əhatə etməklə 606 paqonometr müxtəlif diametrli yeni su xətti, 2379 paqonometr müxtəlif diametrli yeni kanalizasiya xətləri çəkilib, 241 ədəd kanalizasiya baxış quyusu inşa edilib, 232 ədəd mexaniki su sayğacı quraşdırılıb. Görülən işlər zamanı qazılmış asfalt örtüyünün 11 min 83 kvadratmetri bərpa edilib.

Fərhad Hüseynovun sözlərinə görə, Şirvan şəhərində “2025-ci il Dövlət layihəsi” çərçivəsində su və kanalizasiya çəkilişi bir neçə küçədə başa çatıb. Məhəmməd Əsədov, Şirvan, Şəhidlər və Mehdi Hüseyn küçələrində işlər tamamlanıb. 580 sayğac quraşdırılaraq əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, abonentlərə göstərilən su və tullantı su xidmətlərinin dayanıqlılığını təmin etmək məqsədilə Şirvan Şəhər Sukanal İdarəsi tərəfindən şəbəkələrə daimi nəzarət həyata keçirilir.

 

İqtisadiyyat