Çinlə “yaşıl” saziş imzalanıb

post-img

Energetika naziri Pərviz Şahbazov Çinin Ningbo şəhərinə səfəri çərçivəsində “China Energy Engineering Corporation Limited” şirkətinin vitse-prezidenti Xu Lu ilə görüşərək rəhbəri olduğu qurum ilə adıçəkilən şirkət arasında enerji sahəsində mövcud fəaliyyət planının icrası vəziyyətini müzakirə edib. 

Xatırladaq ki, şirkətlə əməkdaşlıq gündəliyinə Azərbaycanda elektrik enerjisi planlaşdırılması və şəbəkə araşdırmaları, Birgə Yaşıl Enerji Tədqiqat Mərkəzinin yaradılması, su, günəş və dənizdə külək elektrik stansiyası layihələri, həmçinin “yaşıl” enerji interkonnektorlarının inkişafı üzrə təşəbbüslər daxildir. Görüşdə Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında “Azərbaycanın Elektrik Enerjisi Ötürmə Şəbəkəsinin Tədqiqatına dair Saziş” imzalanıb. 

Sənəd Azərbaycanın 2030-cu il və sonrakı dövrlər üçün bərpaolunan enerji hədəflərinə uyğun olaraq ötürücü şəbəkənin inkişaf etdirilməsini və bu məqsədlə adıçəkilən institut tərəfindən texniki məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur. Sazişə əsasən, Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu tərəfindən Azərbaycan elektrik enerjisi sisteminin mövcud vəziyyətinə uyğun model və simulyasiya işləri aparılacaq, şəbəkə tədqiqatı təhlil ediləcək, hədəf illər üçün enerji tələbatı proqnozlaşdırılacaq və genişmiqyaslı bərpaolunan enerji mənbələrinin inteqrasiyası üçün tövsiyələr hazırlanacaq.

İqtisadiyyat