Taxıl biçini itkisiz və nizamla davam edir

post-img

İndiyədək 1,8 milyon tondan çox məhsul yığılıb 

Ölkəmizdə taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, artıq taxıl sahələrinin 58,6 faizi biçilib. Ötən müddətdə biçin aparılmış 546 min 787 hektar sahədən 1 milyon 849 min 872 ton taxıl yığılıb. Məlumata görə, 14 rayonda arpa biçini, 1 rayonda isə buğda biçini tam başa çatdırılıb. Hazırda ölkə üzrə taxıl sahələrinin orta məhsuldarlığı 33,8 sentner/hektar təşkil edir. 

Xatırladaq ki, bu il ölkə üzrə 932 min hektardan artıq sahədə payızlıq taxıl əkilib. Bunun da 505 min 696 hektarı buğda, 426 min 623 hektarı arpa isə sahələridir. İyunun 30-na qədər buğda sahələrinin 38,8 faizində, arpa sahələrinin isə 82,2 faizində biçin tam yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,2 sentner/hektar, arpa üzrə isə 32 sentner/hektar təşkil edir. Hazırda ümumi məhsuldarlıq göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 sentner/hektar çoxdur. 

Artıq 14 rayonda arpa biçini tam başa çatıb, 17 rayonda isə biçin 90 faizi keçib. Yevlax rayonunda buğda biçininə yekun vurulub, Saatlı, Göyçay, Ağdaş, Bərdə, Masallı və Ucarda isə buğda biçini tamamlanmaq üzrədir. Bugünədək buğda və arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb – 55 sentner/hektar. Samux rayonunda buğda üzrə orta məhsuldarlıq 49,5 sentner/hektar, Bərdə, İmişli və Sabirabad rayonlarında isə arpa üzrə orta məhsuldarlıq 39,4 sentner/hektar təşkil edib. Taxıl biçininin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

İqtisadiyyat