Yunanıstanda Azərbaycanın “yaşıl” enerji təqdimatı

post-img

Yunanıstanın Afina şəhərində “The Economist Impact” platforması tərəfindən 29-cu illik hökumət dəyirmi masası keçirilib. Toplantıda ölkəmizi energetika nazirinin müavini Orxan Zeynalov təmsil edib.

Energetika Nazirliyinin məlumatına görə, nazir müavini “Enerji sahəsində regional və regionlararası əməkdaşlıq, enerji təhlükəsizliyi və yaşıl keçid üçün çağırışlar” mövzusunda təşkil olunan panel sessiyada çıxışı zamanı Cənub Qaz Dəhlizinin əhəmiyyətindən, Avropanın, eləcə də Yunanıstanın enerji təhlükəsizliyindəki mühüm rolundan bəhs edib, bu dəhliz vasitəsilə gələcəkdə Avropaya qaz təchizatının artırılması imkanlarından danışıb.

Azərbaycanda enerji sahəsində, xüsusilə enerji keçidi, bərpa olunan enerji üzrə həyata keçirilən layihələr, “yaşıl” enerji dəhlizləri təşəbbüsləri barədə məlumat verən O.Zeynalov “Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi”nin əhəmiyyətini qeyd edərək bu kimi dəhlizlərin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Regional enerji əlaqələrinin gücləndirilməsi, “yaşıl” enerji nəqli marşrutlarının şaxələndirilməsi istiqamətində çoxtərəfli əməkdaşlıq imkanlarının əhəmiyyətindən bəhs edən nazir müavini enerji böhranının qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsi üçün dövlət və özəl sektor əməkdaşlığının vacibliyini vurğulayıb.

Səfər çərçivəsində nazir müavini Yunanıstanın energetika nazirinin müavini Nikos Tsafos, Yunanıstanın xarici işlər nazirinin müavini Harry Theoharis və Moldovanın energetika naziri Dorin Junghietu ilə görüşüb. Görüşlərdə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

 

İqtisadiyyat