BTC Azərbaycan neftini dünya bazarına qovuşdurur

post-img

Ötən müddətdə bu kəmərlə 600 milyon ton neft nəql olunub

Azərbaycanın neft strategiyasının təntənəsi olan Bakı – Tbilisi – Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara verilməsindən 19 il ötür. Məlum olduğu kimi, 2006-cı il iyulun 13-də Aralıq dənizinin sahilindəki Ceyhan terminalında BTC neft ixracı boru kəmərinin Türkiyə hissəsinin, buradakı yeni dəniz ixrac terminalının və bütövlüklə, BTC ixrac boru kəməri sisteminin rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Prezidenti Mixail Saakaşvili və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, eləcə də yüksək vəzifəli hökumət və dövlət rəsmiləri, BTC-nin səhmdar şirkətlərinin baş icraçı direktorları və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Ölkəmizi Cənubi Qafqazın lider dövlətinə çevirən Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəmərinin ideya müəllifi isə ümummilli lider Heydər Əliyevdir. Məlum olduğu kimi, Ulu öndərin işləyib hazırladığı yeni neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin etibarlı, şaxələndirilmiş ixrac boru kəmərləri sistemi ilə dünya bazarına nəqli ilə bağlı idi. Xam neftin dünya bazarına çatdırılması üçün əsas ixrac marşrutu kimi Bakı – Tbilisi– Ceyhan kəmərinin seçilməsi ilk dəfə 1998-ci il aprelin 26-da Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə dəqiqləşdirilib. Bu, həm də sözügedən kəmərin reallaşmasına dair son siyasi qərarın verilməsi demək idi.

Həmin il oktyabrın 29-da isə Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri, eləcə də ABŞ-ın energetika naziri tərəfindən Bakı – Tbilisi – Ceyhan marşrutu ilə əsas ixrac kəmərinin çəkilməsi ideyasını müdafiə edən Ankara Bəyannaməsinin imzalanmasıyla bu layihəyə dair ilkin razılaşma əldə olunub. Ulu öndər Heydər Əliyev imzalanma mərasimindəki çıxışında səsləndirdiyi “Mən BTC-nin böyük gələcəyinə inanıram. İnanıram ki, bu neft borusunun tikilməsi və ondan gələcəkdə istifadə edilməsi ölkələrimuiz arasında dostluq, əməkdaşlıq, qardaşlıq əlaqələrini daha da yüksəklərə qaldıracaq” fikri isə “Üç dənizin əfsanəsi” adlandırılan layihəyə verilmiş ən yüksək qiymət idi.

Növbəti illərdə Heydər Əliyevin siyasi iradəsi sayəsində həmin layihəni maraqlı tərəflərlə uzlaşdırıb razılaşdırmaq, beynəlxalq güc mərkəzlərinin dəstəyini qazanmaq, nəhayət, onu imzalamaq mümkün olub. Nəhayət, Ümummilli liderin qətiyyəti sayəsində “Bakı – Tbilisi – Ceyhan” layihəsi həyata vəsiqə alıb. Belə ki, ATƏT-in 1999-cu il noyabr ayının 18-də İstanbulun “Çırağan” sarayında “Xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının əraziləri ilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında saziş” imzalanıb. Bununla da, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı – Tbilisi –Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradılıb.

Sentyabr ayının 18-də isə Bakıda, Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı –Tbilisi – Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub. Kəmərin inşası üçün tanınmış podratçı şirkətlə müqavilə imzalandıqdan sonra 2003-cü ilin aprel ayında tikinti işlərinə başlanılıb.

Ulu öndər Azərbaycan neftinin Bakı – Tbilisi – Ceyhan boru kəməri ilə dünya bazarlarına çıxarılmasını görə bilməsə də, müəllifi olduğu bu nəhəng enerji layihəsi onun siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində reallığa çevrildi. Təsadüfi deyil ki, İlham Əliyev Azərbaycanın Baş naziri kimi fəaliyyətinin ilk günlərində, 2003-cü il avqustun 11-də BTC əsas ixrac neft boru kəmərinin Azərbaycan hissəsində, Bakı yaxınlığındakı Umbakı ərazisində aparılan tikinti işləri ilə tanış olaraq tövsiyə və tapşırıqlarını verib.

2004-cü il fevralın 3-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda “Gülüstan” sarayında BTC ixrac boru kəmərinin tikintisinin maliyyələşdirilməsi üçün layihənin son maliyyələşmə sənədləri paketi imzalanıb. Həmin il oktyabrında Azərbaycanın Ağstafa rayonunun Böyük Kəsik kəndində, Gürcüstanın Qardabani rayonu ilə sərhəddə BTC kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi mərasimi keçirilib. “Qızıl qaynaq” adlanan bu mərasimdə hər iki ölkənin dövlət başçıları kəmərin Azərbaycan və Gürcüstan hissələrini rəmzi olaraq qaynaqlayaraq birləşdiriblər.

2005-ci il mayın 10-da ulu öndər Heydər Əliyevin doğum gününə hədiyyə olaraq Səngəçal terminalındakı BTC baş nasos stansiyasının neftlə doldurulmasına start verilib. Ayın 25-də isə terminalda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə keçirilən mərasimdə neftin BTC-yə vurulmasına başlanılıb. Həmin gün burada quraşdırılmış xüsusi qurğudakı sürgü аçıldıqdan sonra kəmərlə ilkin neft axmağa başlayıb. Oktyabrın 25-də isə kəmərin Gürcüstan hissəsinin istifadəyə verilməsi münasibətilə bu ölkənin Qardabani rayonunda yerləşən 1 nömrəli nasos stansiyasının ərazisində təntənəli mərasim keçirilib.

BTC kəməri ilə nəql edilən xam neft 2006-cı il mayın 28-də Türkiyənin Ceyhan terminalına çatıb. XXI əsrin ən böyük enerji layihələrindən sayılan Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi isə iyulun 13-də Türkiyənin Ceyhan şəhərində keçirilib. Prezident İlham Əliyev mərasimdə geniş nitq söyləyərək deyib: “Bakı-Tbilisi-Ceyhan bizim müstəqilliyimizi möhkəmləndirəcək, enerji müstəqilliyimizi təmin edəcəkdir. Belə olan halda, biz müstəqil siyasət apararaq, xalqlarımızın rifah halını yaxşılaşdıracağıq, milli maraqlarımızı daha da inamla müdafiə edəcəyik... Bir sözlə, bu, strateji əhəmiyyət daşıyan, ölkələrimizin müqəddəratını təmin edən, xoşbəxt gələcəyini təmin edən layihədir”.

Xəzər regionundan dünyaya qapı açan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri hazırda Azərbaycanla yanaşı, bir sıra ölkələrin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Təkcə onu qeyd etmək kifayətdir ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyul ayında istismara veriləndən 2025-ci ilin birinci rübünün sonunadək, ümumilikdə, 598 milyon ton (4,5 milyard bareldən çox) xam neft nəql edib. Həmin neft həcmləri Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanında 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

 

 

İqtisadiyyat