Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) aldığımız məlumata görə, 2025-ci il ilin yanvar–iyun aylarında KOB evlərində sahibkarlara 260 min xidmət göstərilib. Bu xidmətlərin 170 mini “Bakı KOB evi”ndə, 54 mini “Yevlax KOB evi”ndə, 36 mini isə “Xaçmaz KOB evi” və onun Xudat şəhərindəki xidmət mərkəzində həyata keçirilib. KOB evlərində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi isə 98 faiz olub.
Xidmətlərin 232 mini dövlət təşkilatları (“G2B”), 24 mini isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib. Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması, vergi, gömrük, kommunal xidmətlər və s. üçün müraciət ediblər.
Qeyd edək ki, KOB evləri sahibkarlara operativlik, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsasında biznes xidmətlərinin göstərildiyi vahid məkandır. Hazırda KOB evlərində biznesin qeydiyyatından başlayraq, inkişaf etdirilməsinə qədər olan bütün zəruri xidmətlər, o cümlədən biznesin qeydiyyatı, lisenziya, icazə və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, güzəştli maliyyə vəsaitlərinə çıxış, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlər göstərilir.
Ümumilikdə, Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxildir.