Neft sektorunda 2 yeni müqavilə imzalanıb

post-img

Azərbaycan Dövlət Neft Şirkəti və ABŞ-ın KBR şirkətinin birgə müəssisəsi olan “SOCAR-KBR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Böyük Britaniyanın BP şirkəti arasında ölkəmizdə 2 yeni layihə üzrə müqavilələr imzalanıb. Bu barədə KBR şirkəti açıqlama yayıb.

Qeyd olunub ki, bu sənədlərin biri Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsinin dəstəklənməsi, digəri isə “Şahdəniz Kompressiya Platforması” (SDS) layihəsi ilə bağlıdır. Müqavilələrin şərtlərinə əsasən, SOCAR-KBR hər iki layihə üçün ətraflı mühəndis layihələndirməsi və satınalma xidmətləri təqdim edəcək. Müqavilələrin dəyəri açıqlanmır. “SOCAR-KBR” MMC tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrasında yerli mütəxəssislərin təcrübəsindən və KBR-in beynəlxalq komandasının dəstəyindən istifadə ediləcək.

“Əvvəllər SOCAR-KBR STEL layihəsi üçün baza mühəndisliyi (FEED), həmçinin SDC üçün layihə öncəsi işləri və FEED həyata keçirib. Bu əlavə işlər BP-nin SOCAR-KBR-in yüksək keyfiyyətli xidmətlərinə dəyişməz inamını əks etdirir”, – deyə məlumatda qeyd olunub. “KBR” şirkətinin prezidenti Cey İbrahim isə bildirib ki, rəhbərlik etdiyi qurumun layihələndirdiyi, Azərbaycan ilə Avropa arasında mühüm əlaqə həlqəsi – Səngəçal terminalı ölkəyə milli enerji şəbəkəsinə keçid etməyə və emissiyaları azaltmağa imkan verəcək. Onun sözlərinə görə, “Şahdəniz” yatağında kompressor stansiyası layihəsi təhlükəsiz və səmərəli həllərin təqdim edilməsində növbəti mərhələni təmsil edir.

Xatırladaq ki, SOCAR-KBR-in Bakıdakı komandasının 95 faizindən çoxunu azərbaycanlı mühəndislər, layihəçilər və digər mütəxəssislər təşkil edir.

 

İqtisadiyyat