Azərbaycan – Çin birgə kapitallı “Fujiai Azerbaijan” MMC-yə agentliyin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib. Yeni rezident tərəfindən sənaye parkının 1 hektar ərazisində lift istehsalı müəssisəsi yaradılacaq. Layihənin investisiya dəyəri 3,7 milyon manatdır. Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 1200 ədəd lift istehsalı nəzərdə tutulur. Növbəti mərhələdə şirkət tərəfindən sənaye parkında eskalator istehsalı layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Ağdam Sənaye Parkında hazırda investisiya portfeli 270 milyon manat olan 29 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
Sözügedən parkda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif güzəşt və imtiyazlar tətbiq olunur. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə yaradılmış sənaye zonaları sahibkarlara böyük iqtisadi fürsətlər təqdim edir. Dövlət sənaye parklarını hazır infrastrukturla təmin edir. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar. Həmçinin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kreditlərinə dövlət zəmanəti verilir və faizlərin bir hissəsi subsidiyalaşdırılır. Bu ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara hər ay istehlak olunan kommunal xidmətlərə görə ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsi hesabına maliyyə yardımı ödənilir.