İndiyədək kompleksə 6 milyard manat investisiya qoyulub
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Artıq həmin rezidentlərin 28-i istehsal fəaliyyəti ilə məşğuldur.
Sahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,6 milyard manat investisiya yatırılıb. Bunun da hesabına Cənubi Qafqazın ən böyük sənaye parkında 6 min 300-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə rezidentlər 14,4 milyard manatlıq məhsul satıblar ki, bunun da 5,2 milyard manatlıq hissəsi ixracın payına düşüb. Cari ilin ilk yarısında isə 1,1 milyard manatlıq məhsul satılıb. Bunun da 545 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 20 faizə yaxın artıb.
Qeyd edək ki, parkda istehsal edilən tikinti kimyəvilərin, polad və polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı istiqamətində uğurlar əldə edilib. Əsasən bu növ məhsullar dünyanın 70-dən artıq ölkəsinə “Made In Azerbaijan” brendi adı altında ixrac olunub.
Yeri gəlmişkən, Sumqayıt Kimya Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sahibkarlar burada dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin olunur. Eyni zamanda, parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Parkın rezidentlərinə indiyə qədər 912 ədəd təsdiqedici sənəd verilib. Bunun da nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqların idxalı zamanı 400 milyon manatdan çox vəsaitə qənaət ediblər.