İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, yaxın zamanda rəqəmsal transformasiya və informasiya texnologiyaları (İT) sahəsində dünya liderlərindən olan “EPAM Systems” şirkətinin nümayəndəliyi Bakıda fəaliyyətə başlayacaq. Qurum əməliyyat işləri ilə yanaşı, irimiqyaslı rəqəmsallaşma təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutan innovasiya mərkəzi kimi də müəyyən layihələr həyata keçirəcək.
Əməkdaşlığın xüsusi istiqaməti süni intellekt sahəsini əhatə edəcək. Belə ki, “EPAM Systems” şirkəti digər ölkələrdə reallaşdırılan layihələrdə öz səmərəliliyini təsdiqləyən qabaqcıl həlləri respublikamızda da tətbiq edəcək. Bildirilir ki, şirkət Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında, “mygov” (o cümlədən “mygov biznes”) rəqəmsal xidmətlər ekosisteminin genişləndirilməsində və bu xidmətlərin səmərəliliyinin və əlçatanlığının artırılmasına yönəlmiş texnoloji həllərin tətbiqini diqqətdə saxlayacaq. “EPAM Campus” platforması vasitəsilə yerli İT mütəxəssislərin hazırlanması və texnoloji səriştələrin inkişafı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və digər dövlət qurumları ilə birgə layihələrin icrasına xüsusi diqqət ayrılacaq. Əməkdaşlıq çərçivəsində proseslərin avtomatlaşdırılmasını asanlaşdıran, xidmətlərin dəqiqliyini və sürətini artıran, istifadəçi təcrübəsini təkmilləşdirən süni intellekt həllərinin inteqrasiyasına da mühüm önəm veriləcək.
Məlumatda qeyd edilir ki, “EPAM Systems” rəqəmsal platformaların hazırlanması, süni intellekt həllərinin tətbiqi və ümumilikdə, rəqəmsal transformasiya üzrə ixtisaslaşmış dünyanın ən böyük texnologiya şirkətlərindən biridir. 62 mindən artıq mütəxəssisə malik bu şirkət 55-dən çox ölkədə təmsil olunur və “Fortune 500” siyahısına daxil olan dünyanın ən iri korporasiyalarına xidmət göstərir. 2012-ci ildən etibarən “EPAM Systems”in səhmləri Nyu-York Fond Birjasında satılır, şirkət 2021-ci ildən “S&P 500” indeksinə sahibdir. Bu, şirkətin miqyasını və qlobal iqtisadiyyat üçün nə dərəcədə əhəmiyyətli olduğunu sübut edir.
“EPAM Systems”in 2024-cü ildə illik gəliri 4,7 milyard ABŞ dollarını ötüb. Rəqəmsal həllərin dayanıqlığı, çevikliyi və miqyaslana bilməsi şirkətə rəqəmsal iqtisadiyyatın çağırışlarına səmərəli şəkildə uyğunlaşmağa, müştərilərinə sadəcə xidmət deyil, həm də kompleks strateji dəstək təqdim etməyə imkan verir.
Dövlət sektorunun rəqəmsallaşması sahəsində böyük təcrübəyə malik olan “EPAM Systems” indiyədək Avropanın bir sıra ölkələrində, eləcə də Körfəz regionunda layihələr həyata keçirib. Ukraynada “Diia” adlı rəqəmsal xidmətin hazırlanması və yenilənməsində iştirak edib, Birləşmiş Ərəb Əmirliklərində isə “DGE OneHub” platformasını istifadəyə verib. Bu layihələr xidmətlərin rəqəmsallaşdırılmasını, süni intellektin, bulud həllərinin və rəqəmsal platformaların tətbiqini diqqət mərkəzində saxlamaqla yanaşı, sözügedən şirkətin qabaqcıl texnologiyasını da dövlət idarəçiliyinin xüsusiyyətinə uyğunlaşdırıb.
Azərbaycanda son illər rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və süni intellekt texnologiyalarının tətbiqinin dəstəklənməsi istiqamətində ardıcıl strateji təşəbbüslər həyata keçirilir. Bu səylər, eyni zamanda. “EPAM Systems” kimi qlobal şirkətin respublikamızda nümayəndəlik açma qərarına təsir göstərən vacib faktorlardan olub. Ölkəmizdə rəqəmsallaşma dayanıqlı iqtisadi artımın hərəkətverici qüvvələrindən biri hesab edilir və “EPAM Systems”in ölkəmizdə fəaliyyətə başlaması da bu yanaşmaya olan yüksək etimadın göstəricisidir.