Cənnət Qarabağın aqroturizm potensialı

post-img

Dövlət Turizm Agentliyinin məlumatına görə, Qarabağ və Şərqi Zəngəzu­run təbii resursları və mədəni irsi aqroturizmin inkişafı üçün əlverişli şərait yaradır. Lakin bu ərazilərdə bir çox iri fermer təsərüffatları olsa da, ixtisas­laşmış aqroturizm fəaliyyət göstərmir. Buna görə də işğaldan azad edilən böl­gələrdə turizmin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildiyinə görə, sahənin inkişafının ilkin qiymətləndiril­məsi qarşıda önəmli vəzifə kimi durur. 

Qeyd edək ki, bu ərazilər özünün zəngin təbii sərvətləri, əlverişli iqlim şə­raiti, bol su ehtiyatları, tarixi-mədəni irsi və mənzərəli relyefi ilə ölkə turizminin mühüm inkişaf zonası hesab olunur. Tu­rizm potensialı baxımından seçilən əsas bölgələrdən biri olan Şuşa şəhəri respub­likanın mədəniyyət paytaxtı kimi qədim tarixi abidələri, muzeyləri və geniş turizm infrastrukturu ilə fərqlənir. Şəhərdə bey­nəlxalq səviyyəli festivalların və irimiq­yaslı turizm tədbirlərinin keçirilməsi üçün baza rolunu oynaması nəzərdə tutulur. 

Kəlbəcərdə qış və sağlamlıq turizminin inkişaf etdirilməsi, Ağdamda “dark” – iş­ğalın nəticələrinin çılpaq şəkildə göstəril­məsi, Tuğ və Hadrutda şərab, Azıx, Tağlar mağaraları ilə bağlı marşrutların salınması planlaşdırılır. Laçın meşəlik və dağlıq rel­yefi sayəsində dağ turizmi üçün əlverişli imkanlara malikdir. Rayonda ekoturizm marşrutlarının və yay istirahət mərkəzlə­rinin yaradılması planlaşdırılır. Kəlbəcər rayonu isə mineral su ehtiyatları, müalicə­vi iqlimi və dağlıq təbiəti ilə sağlamlıq və qış turizminin inkişafı baxımından yüksək potensiala malikdir. 

Zəngilanın Araz çayı boyunca uzanan landşaftları və zəngin bioloji müxtəlifli­yi ekoturizm və aqroturizmin təşkili üçün əlverişli hesab olunur. Füzuli və Cəbrayıl rayonları da tarixi abidələri, qədim yaşayış məskənləri və su ehtiyatları ilə turizm fəa­liyyətinin genişləndirilməsi üçün perspek­tivli ərazilərdir.

İqtisadiyyat