Sumqayıt Kimya Sənaye Parkı xarici sərmayələrə açıqdır

post-img

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Par­kının ərazisi genişləndiriləcək. İZİA-dan verilən məlumata görə, parkın ge­nişləndirilməsi, əsasən, sahibkarların çoxsaylı müraciətləri ilə bağlıdır.

Qurumun mətbuat katibi Elçin Kazı­mov bildirib ki, Park yaradılarkən onun ərazisi 167,66 hektar olaraq müəyyənləş­dirilib. Onun sözlərinə görə, sahibkarların parka artan marağı nəzərə alınaraq ölkə Prezidenti İlham Əliyev müxtəlif illərdə parkın ərazisinin genişləndirilməsilə bağlı 7 sərəncam imzalayıb. Bunun da nəticə­sində Sumqayıt Kimya Sənaye Parkının ərazisi mərhələlərlə 639,83 hektara çat­dırılıb. “Ötən müddətdə rezidentlər qəbul edildikcə mövcud sahələrin kifayət etmə­diyi nəzərə alınaraq yeni genişlənmə ilə bağlı yeni qərarları qəbul edilib. Bu maraq davam etdikcə, gələcəkdə də parkın yeni sahələr hesabına genişləndirilməsi gözlə­nilir”, – deyə o əlavə edib.

Parkın böyüdülməsinin ölkədə səna­ye istehsalının miqyasının daha da geniş­ləndirəcəyini bildirən mətbuat katibinin sözlərinə görə, bununla yanaşı, ixracyö­nümlü məhsulların istehsalına dəstək veril­məsi beynəlxalq bazarlarda yerli məhsul­ların rəqabət qabiliyyətini də yüksəldəcək: “Yeni texnologiyaların tətbiqi isə müasir və innovativ istehsal proseslərinin qurulması­na imkan yaradacaq. Genişlənmə həmçinin xarici investisiyaların ölkəyə cəlb olunma­sını təmin edərək iqtisadiyyatın inkişafına əlavə təkan verəcək. Layihənin həyata ke­çirilməsi minlərlə yeni iş yerinin açılması­na şərait yaradacaq və əhalinin məşğulluq səviyyəsini yüksəldəcək. Bununla yanaşı, yerli sahibkarlığın inkişafına dəstək göstə­rilməklə iqtisadiyyatın şaxələndirilməsi daha da gücləndiriləcək”.

Qeyd olunub ki, ötən müddətdə Sumqayıt Kimya Sənaye Parkında investi­siya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik sta­tusu verilib. Bunun da hesabına 28 müəs­sisə fəaliyyətə başlayıb, qalan rezidentlər isə tikinti-quraşdırma və layihələndirmə mərhələsindədir. Parkın ərazisinə indiyə qədər 5,5 milyard manatdan çox investi­siya yatırılıb və 6 min 300-dən çox daimi iş yeri yaradılıb. Bu rəqəmlər göstərir ki, Sumqayıt Kimya Sənaye Parkı təkcə sə­naye istehsalının mərkəzinə deyil, həm də regionun sosial-iqtisadi inkişafının mühüm dayaqlarından birinə çevrilib. Burada yara­dılan hər yeni müəssisə həm iqtisadi artı­ma, həm də əhalinin məşğulluğuna ciddi dəstək verir.

Parkın fəaliyyətinin təkcə kimya sə­nayesi ilə məhdudlaşmadığını diqqətə çatdıran E. Kazımov daha sonra bildirib ki, burada metallurgiya, tikinti materialla­rı, energetika və digər sahələrdə fəaliyyət göstərən çoxsaylı yerli və xarici şirkətlər mövcuddur. Həmin şirkətlər isə müasir is­tehsal avadanlıqları və beynəlxalq ekoloji standartlara uyğun texnologiyalar tətbiq etməklə Azərbaycanın sənaye potensialını daha da gücləndirirlər. “Parkda yaradılan şərait sahibkarlara həm daxili bazarda, həm də xarici bazarlarda rəqabətqabiliy­yətli məhsullar istehsal etmək imkanı verir. Bu isə Azərbaycanın qeyri-neft-qaz sekto­runun inkişafına mühüm töhfədir”, – deyə o bildirib.

İqtisadiyyat