Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə Çin İnvestisiya Korporasiyası arasında ortaq layihələrin icrası üzrə müzakirələr aparılıb və növbəti addımlar müəyyənləşdirilib.
Fonddan verilən məlumata görə, görüş ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində, Korporasiyanın sədri və icraçı direktoru Qingsong Zhang ilə keçirilib. Səfərin əsas məqsədi Çin ilə investisiya əməkdaşlığını gücləndirmək və qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirməkdir.
Nümayəndə heyəti Çinin yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı ilə təşkil olunan dəyirmi masa görüşündə də iştirak edib. Bu platforma investorlarla hökumət nümayəndələri arasında birbaşa fikir mübadiləsinə şərait yaradıb.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin aprelində Çinə səfəri zamanı imzalanmış Anlaşma Memorandumu iki ölkənin suveren investisiya fondları arasında əməkdaşlıqda mühüm mərhələ olub. Sənəd qarşılıqlı faydalı sərmayə təşəbbüsləri, bilik və təcrübə mübadiləsi, eləcə də dayanıqlı investisiya modellərinin təşviqi baxımından strateji əhəmiyyət kəsb edir.
XQ