Azərbaycan–Çin ticarət dövriyyəsi dinamik artım nümayiş etdirir. 2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7 faiz artaraq, 3.7 milyard ABŞ dolları təşkil edib.
Habelə 2024-cü ilin yanvar-sentyabr aylarının rəsmi statistikasına əsasən, Azərbaycan ilə Çin arasında xarici birbaşa investisiya dövriyyəsi 85,9 faiz artaraq 14 milyon ABŞ dolları səviyyəsinə çatıb. Çin investorları tərəfindən qeyd edilən dövrdə Azərbaycana yönəldilən birbaşa xarici investisiyanın həcmi ötən ilə nəzərən 92,8 faiz artaraq 11,4 milyon ABŞ dolları təşkil edib. Bütün bu göstəricilər Azərbaycan ilə Çin arasında investisiya və ticari əlaqələrin yüksəlməsinin göstəricisidir. 2025-ci ilin yanvar–iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard ABŞ dollarına çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artım deməkdir. Çin şirkətləri artıq sənaye, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və yüksək texnologiyalar kimi sahələrdə birgə layihələr həyata keçirirlər.
Son illərdə Azərbaycanla Çin arasında investisiya əməkdaşlığı nəzərəçarpacaq nəticələr verir. 2024-cü ilin yanvarına olan göstəricilərə əsasən, Çinin 1995-ci ildən bəri ölkəmizə yatırdığı birbaşa investisiyaların həcmi 920 milyon dollara yüksəlib. Diqqətçəkən məqamlardan biri də Azərbaycanın Çinə qoyduğu sərmayələrin bu rəqəmdən təxminən iki dəfə çox olmasıdır.
Azərbaycan iqtisadiyyatı sabitlik və dayanıqlı inkişafı ilə seçilir. Energetika, nəqliyyat, tikinti və informasiya texnologiyaları sahələrində Çin sərmayələrinin artması Azərbaycanın iqtisadi diversifikasiyasına mühüm töhfə verir. Hazırda ölkəmizdə Çin kapitalı ilə yaradılmış 375 şirkət qeydə alınıb və onların 298-i fəaliyyət göstərir. Çin şirkətlərinin maraq dairəsi təkcə ənənəvi sektorlarla məhdudlaşmır – işğaldan azad edilən ərazilərdə həyata keçirilən iri infrastruktur layihələrinə də müraciətlər edilib.
Prezident İlham Əliyevin aprel ayında Çinə dövlət səfəri çərçivəsində imzalanmış birgə bəyanat münasibətləri strateji tərəfdaşlıq müstəvisinə yüksəldib. Dövlət başçısının son səfərində Çinin 6 iri korporasiyasının rəhbərləri ilə görüşməsi də göstərir ki, Çin sərmayədarları Azərbaycanın sabit iqtisadi mühiti və əlverişli coğrafi mövqeyinə güclü maraq göstərirlər.
Ümumiyyətlə, Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan BTC, BTQ, TAP və TANAP kimi iri layihələrin təşəbbüskar və aparıcı iştirakçılarındandır. Bu mövqe ölkəmizi ŞƏT üzvləri üçün enerji ixracı və müxtəlif bazarlara çıxış baxımından strateji tərəfdaşa çevirir. Azərbaycan dövləti isə bütün tərəflərə sülhsevər yanaşma, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri ilə çıxış edir. Elə bu xüsusiyyətlər də Azərbaycanın ŞƏT ölkələrinin inkişafında mühüm rol oynamasına imkan yaradır.
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət körpüsü rolu sayəsində ölkəmiz Çin üçün strateji tərəfdaş statusunu möhkəmləndirir. CIFIT-2025 sərgisi isə bu əməkdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar açır.
Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert
Ümumilikdə, Azərbaycanın idxalında Çindən gətirilən məhsulların payı 18–20 faiz arasında dəyişir. Bu göstərici zaman-zaman fərqli olsa da, həmişə ilk üçlükdə yer alır. Rusiya, Türkiyə və Çin Azərbaycanın idxalında mühüm rol oynayan əsas tərəfdaşlardır.
Çin böyük istehsal potensialına malik ölkədir. Dünyanın ən iri istehsal gücü burada cəmləşib. Bu sərgilər də Azərbaycan şirkətləri və iş adamlarının Çin şirkətləri ilə əməkdaşlıq qurması baxımından olduqca faydalıdır.
Çin özünü dünyada əlverişli istehsalçı kimi təqdim edir və münasib qiymətlərlə səmərəli həll yolları təklif edir. Bu, həm istehsal texnologiyası, həm hazır məhsullar, həm də xammal, material və aksesuar baxımından diqqətəlayiqdir. Buna görə də Çinlə əməkdaşlığın genişlənməsi, o cümlədən idxal sahəsində, Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda da rəqabətqabiliyyətli məhsul istehsalı və xərclərin optimallaşdırılması üçün bu əməkdaşlıq vacibdir. Bundan əlavə, əvvəlki illərlə müqayisədə bu il sahibkarlarımız Çinə səfərlərində viza çətinliyi ilə üzləşməyiblər. Bu da iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq çərçivəsində əldə olunmuş razılaşmaların nəticəsidir. Beləliklə, azərbaycanlı sahibkarlar daha geniş şəkildə sərgilərdə iştirak edə bilirlər.
Çində Azərbaycanın dövlət stendinin olması da xüsusi əhəmiyyət daşıyır. Çünki biz yalnız məhsul ixracı ilə kifayətlənmirik, eyni zamanda, Çindən investisiyaların ölkəmizə cəlb olunmasını, turizm sahəsində əməkdaşlığı da hədəfləyirik. Burada söhbət təkcə məhsul almaqdan getmir, həm də Çin sahibkarlarını ölkəmizin maraqlarına cəlb etməkdən gedir. Azərbaycanın Çinə ixrac imkanları harada əlverişli olsa, həmin istiqamətdə də fəaliyyət göstərilir.
Bütün hallarda Çinə geniş sahibkar kütləsi üz tutur və ölkəmizin orada təmsil olunması Azərbaycanın maraqlarına tamamilə uyğundur. Ümid edirik ki, bu proses nəticəsində ölkəyə həm investisiya resursları cəlb olunacaq, həm də Azərbaycanın beynəlxalq nüfuzu daha da artacaq. Bu əlaqələr gələcəkdə formalaşmış münasibətləri daha da irəli aparmağa imkan verəcək.
Nurlan ABDALOV
XQ