TRIPP marşrutu Transxəzər qaz kəmərinə “yaşıl” işıq yandırır

post-img

Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan vasitəsilə Türkiyəyə nəqlini nəzərdə tutan Transxəzər qaz kəməri ideyası yenidən aktuallaşıb. Xatırladaq ki, bu ideya ilk dəfə 1997-ci ildə irəli sürülüb. Həmin il Türkiyənin “Botaş” şirkəti ilə Türkmənistanın “Türkmənqaz” Dövlət Konserni arasında illik 30 milyard kubmetr olmaqla qaz alqı-satqısına dair kommersiya sazişi imzalanıb.

Müqaviləyə görə, “Botaş” Türkmənistan qazını tam həcmdə almağı və bunun 10 milyard kubmetrini Türkiyənin daxili bazarında satmağı planlaşdırırdı. Digər həcmləri isə Avropaya ixrac etməklə bu infrastrukturun yaradılması və özünün xərclərini kommersiya baxımından qarşılıqlı faydalı bir şəraitdə həyata keçirməli idi. Bununla bağlı 30 milyard kubmetr ötürmə qabiliyyəti olan boru kəmərinin Türkmənistandan Bakı yaxınlığına, Səngəçal terminalına çəkilməsi, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Türkiyə ərazisinə daxil olması nəzərdə tutulurdu. Daha sonra layihənin müzakirəsi və tranzit ölkələrlə bu prosesin tənzimlənməsi ilə bağlı danışıqlara başlanılıb. Ancaq uzun illər keçməsinə baxmayaraq, Transxəzər qaz kəməri layihəsi ilə bağlı heç bir irəliləyiş müşahidə olunmur.

Bununla belə, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşdə Orta Dəhlizin mühüm seqmentlərindən sayılan Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aparılması Transxəzər qaz kəməri layihəsinə ümidləri bir qədər artırır. Məlum olduğu kimi, həmin görüşdə beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi üçün əlverişli hesab edilən və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” – TRIPP) adlandırılan Zəngəzur dəhlizi ilə bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma da əldə edildi. Belə bir fikir ifadə olundu ki, bu addım regionun logistika xəritəsini dəyişdirə və enerji-ticarət axınlarını yönləndirə bilər.

Bugünlərdə ABŞ-ın Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi “Arab News” nəşrində dərc olunan məqaləsində bildirib ki, TRIPP-nin həyata keçirilməsi fonunda Transxəzər qaz kəmərinin inşası yeni impuls qazanacaq. Onun fikrincə, kəmərin inşası ABŞ-ın xarici siyasət gündəminə, o cümlədən Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirən “Tramp Marşrutu” adlı təşəbbüsə mükəmməl şəkildə uyğun gəlir.

Bu layihənin 1990-cı illərdə ABŞ Prezidenti Bill Klintonun dəstəyi ilə reallaşan regional enerji layihələri ilə, xüsusən də Bakı – Tbilisi – Ceyhan kəməri ilə tarixi paralellər təşkil etdiyini vurğulayan məqalə müəllifinin sözlərinə görə, həmin dövrdə həyata keçirilən layihələr təkcə Xəzər regionunun enerji resurslarına qlobal bazarların çıxışını təmin etmədi, həm də Qərblə əlaqələrin dərinləşməsi yolu ilə siyasi və iqtisadi sabitliyə töhfə verdi.

Müəllif Transxəzər qaz kəməri layihəsinin mübahisəli mövzu olduğuna diqqət çəkərək yazır: “Bu layihə beynəlxalq istehlakçılara Rusiya və İranın enerji bazarları və tranzit marşrutlarını kənardan dolanmağa imkan verəcək və bununla da hər iki ölkənin strateji mövqeyini zəiflədəcək. Uzun illərdir ki, Moskva və Tehran bu layihəni ətraf mühitə təhlükə və ya Xəzər dənizinin qeyri-müəyyən hüquqi statusunu əsas gətirərək diplomatik və siyasi yolla əngəlləməyə çalışıblar. Lakin müşahidəçilərin fikrincə, onların əsl narahatlığı bazar payının və siyasi nüfuzun itirilməsi ilə bağlıdır”.

Lyuk Koffi vurğulayıb ki, 1990-cı illərdən bəri Transxəzər qaz kəmərinin həyata keçirilməsi üçün belə əlverişli fürsət olmamışdı. Əgər bu kəmər inşa olunarsa, bu bütün region üçün dönüş nöqtəsi olacaq: Avropanın enerji təhlükəsizliyi təmin ediləcək, Türkmənistan üçün əlavə gəlir mənbəyi açılacaq və Avrasiya məkanında geosiyasi sabitlik güclənəcək.

Məqalə müəllifinin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtondakı uğurlu səfərindən sonra Türkmənistana etdiyi səfər təsadüf deyil. Əksinə, bu səfər Transxəzər qaz kəməri təşəbbüsünün irəlilədilməsi məqsədi daşıyır. Digər tərəfdən, Türkmənistan da yeni reallıqlar fonunda enerji ixracını diversifikasiya etməklə qazana bilər. Avropa isə bu kontekstdə son dərəcə vacib və yeni bazar təklif edir. Qlobal enerji axınlarına qoşulmaq ölkənin geosiyasi mövqeyində strateji dəyişiklik ola bilər.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, Zəngəzur dəhlizi yalnız avtomobil və dəmir yolu nəqliyyatından ibarət olmayacaq. Bu, həmçinin Ermənistan üzərindən Naxçıvana və oradan Türkiyəyə uzanacaq yüksək gərginlikli elektrik xətləri ilə enerji dəhlizi funksiyasını da yerinə yetirəcək. Məlum olduğu kimi, sovet dövründə Naxçıvana Cənub istiqamətindən qaz kəməri çəkilmişdi. Həmin kəmərin tikintisinə 1976-cı ildə başlanmış, bir il sonra isə artıq Naxçıvanın qazla təminatı həyata keçirilmişdi.

İndi də oxşar addımlar atılır. Amma başqa bir məqam var ki, çoxları bu suala cavab vermək istəmir. Məsələn, biz Cənub Qaz Dəhlizinə 15 milyard dollar sərmayə qoymuşuq və onun Türkiyə hissəsi 2018-ci ilin ortasında istismara verilib. Kəmərin Avropa hissəsi isə 2020-ci ilin sonunda tamamlanıb. Bu ilin martında İğdır – Naxçıvan qaz kəməri istifadəyə verildi. Onun maksimal ötürmə gücü 1,5 milyard kubmetrdir. Halbuki Naxçıvanın qaz tələbatı, təxminən, 400 milyon kubmetr təşkil edir. “Yaşıl” enerji imkanları genişləndikcə artan enerji ehtiyacları da, əsasən, həmin resurslar hesabına ödəniləcək. Deməli, qaz tələbatı əvvəlki kimi yüksək olmayacaq. Bununla yanaşı, həmin kəmər əks istiqamətdə də istifadə olunaraq qazın Gürcüstan üzərindən Ərzuruma və oradan İğdıra daşınması əvəzinə, birbaşa Azərbaycandan ötürülməsini təmin edəcək. Bu isə alternativ imkan deməkdir.

Transxəzər layihəsi ilə bağlı müzakirələr 30 ilə yaxındır davam edir. 1997-ci ildə gündəmə gələn bu məsələ ətrafında çoxlu bəyanatlar səslənsə də, Avropanın uzunmüddətli qaz təminatı artıq prioritet sayılmır. Çünki ABŞ Avropa bazarında üstünlük əldə edib. Rusiya – Ukrayna müharibəsi fonunda Birləşmiş Ştatlar Norveçlə birlikdə əsas oyunçuya çevrilib. Lakin Norveçin hasilat imkanları 2030-cu ilə qədər azalacaq. Belə olan təqdirdə ABŞ-ın rolu daha da güclənəcək.

Bununla belə, hesab edirəm ki, Türkmənistan qazının Cənub Qaz Dəhlizinə calanması faktiki olaraq mümkün deyil. Çünki Prezident İlham Əliyevin də Bakı Enerji Həftəsində dediyi kimi, yaxın 5 ildə Azərbaycanın qaz ixracı əlavə 8 milyard kubmetr artacaq və bu həcmdə qaz genişləndirilmiş Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ötürüləcək. Ən azı, 10 il həmin ritmdə işləmək planlaşdırılır.

Türkmənistan qazının Avropaya çıxarılması üçün isə paralel boru infrastrukturunun yaradılması gərəkdir. Əgər 10 il əvvəl biz Cənub Qaz Dəhlizinə 15 milyard dollara sərmayə qoymuşduqsa, bu gün eyni layihənin dəyəri iki dəfə bahalaşaraq 30 milyard dollara qədər yüksələr. Avropanın isə bu istiqamətə pul xərcləyəcəyi inandırıcı deyil. Çünki Avropa hətta Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün tələb olunan 5 milyard dollarlıq krediti belə münasib şərtlərlə ayırmadı.

Bir məqamı da qeyd edim ki, Avropa qaz qıtlığı çəkən bir region deyil. Beləliklə, səslənən bəyanatlar daha çox siyasi xarakter daşıyır. Əgər real maraq olsaydı, Avropanın enerji şirkətləri Türkmənistanla uzunmüddətli müqavilələr bağlamağa çalışardı. Ancaq bu günə qədər belə bir təşəbbüs olmayıb. Kommersiya marağı yoxdursa, yalnız siyasi bəyanatlar da kağız üzərində qalmaqda davam edəcək.

Mirbağır YAQUBZADƏ
XQ





İqtisadiyyat