Dünya gündəmi eyni anda həm enerji siyasətinin sərt qərarları, həm də hərbi-siyasi qarşıdurmaların kölgəsində formalaşır. ABŞ Prezidenti Donald Trampın Kanada ilə neft daşımalarına dair icazələri imzalaması enerji təhlükəsizliyi məsələsini yenidən ön plana çıxarır. Eyni vaxtda Yaxın Şərqdə İsrail–Livan xəttində mümkün atəşkəs və İran ətrafında genişlənən hərbi gərginlik regionu kritik mərhələyə sürükləyir. Hörmüz boğazı ətrafında artan ritorika isə qlobal iqtisadiyyat üçün strateji risklərin hələ də yüksək olduğunu göstərir.
“BBC”: ABŞ Prezidenti Donald Tramp Kanada ilə neft və neft məhsullarının daşınması ilə bağlı bir neçə sənəd imzalayıb. Məlumata görə, sənədlərdən biri Şimali Dakota ştatının Burke dairəsində boru kəməri infrastrukturunun tikintisi, qoşulması, istismarı və texniki xidməti işləri “Bakken Pipeline Company LP” şirkətinə verilib. Bundan əlavə, “Bakken Pipeline Company” eyni qraflıqda mövcud boru kəməri qurğularının istismarı və texniki xidməti üçün ayrıca icazə alıb.
“Financial Times”: Livanda atəşkəs tezliklə elan edilə və bu həftə qüvvəyə minə bilər. Məlumata görə, bu, İsrail qoşunları Livanın cənubundakı sərhəd şəhəri Bint-Cbeyil üzərində nəzarəti ələ keçirdikdən sonra baş verə bilər. Adının çəkilməsini istəməyən Livan rəsmisi qəzetə bildirib ki, mümkün razılaşma İsrailin hücumlarının dayandırılmasını əhatə etsə də, onun qoşunlarının Livan ərazisindən çıxarılmasını özündə ehtiva etmir.
“Al Jazeera”: Aprelin 21-dən İranda bütün məktəblər distant təhsilə keçir. Məlumata görə, bu keçid ölkə üzrə bütün təhsil səviyyələrinə və siniflərə şamil edilir və xüsusi sərəncama qədər qüvvədə olacaq.
“Ynet”: İsrail Knessetinin “Likud” partiyasından olan deputatı Gila Qamliel baş nazir Benyamin Netanyahunun Livan Prezidenti Cozef Aunla telefon danışığı aparacağını təsdiqləyib. Qamliel bunu “Galei Zahal” radiostansiyasının efirində bildirib. “Ümid edirəm ki, bu addım Livanla münasibətlərin inkişafına gətirib çıxaracaq. Bu, uzun müddət ərzində formalaşan bir prosesdir”, - o qeyd edib.
“Gulf News”: Hörmüz boğazından dünya birliyinə siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə edilməsi yolverilməzdir. Bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. XİN-dən bildirilib ki, Hörmüz boğazı qlobal enerji təchizatının təxminən beşdəbiri üçün həyati bir keçiddir və beynəlxalq ticarətdə mühüm rol oynayır. “Hörmüz boğazından iqtisadi məcburiyyət və ya şantaj vasitəsi kimi istifadə edilməsini qəti şəkildə rədd edir və kollektiv beynəlxalq reaksiya tələb edirik, çünki bu, regiondan kənara çıxaraq bütövlükdə qlobal iqtisadiyyata təsir edən iqtisadi müharibə və piratçılıqdır”, - bəyanatda qeyd edilib.
“The Times of Israel”: Livan Prezidenti Cozef Aun İsraillə danışıqlara başlamazdan əvvəl atəşkəsin vacibliyini bəyan edib. Aun bildirib ki, Livanın İsraildən xahiş etdiyi atəşkəs iki ölkə arasında birbaşa danışıqlar üçün başlanğıc nöqtəsidir. Qəzet qeyd edir ki, Livan liderinin şərhləri bu gün iki ölkənin danışıqları məsələsinə dair ilk açıqlamalardır. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və Livan liderlərinin danışıqlar aparmalı olacağını elan etmişdi.
“Bloomberg”: Türkiyə Pakistan, Səudiyyə Ərəbistanı və Misirin iştirakı ilə regional təhlükəsizlik platformasının yaradılmasına dair müzakirələr təşkil edir. Görüş Antalya Diplomatik Forumu çərçivəsində keçirilə bilər. Agentliyin məlumatına görə, Misirin iştirakı hələ təsdiqlənməyib. İştirakçıların region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə və qarşılıqlı etimad səviyyəsinin artırılmasına diqqət yetirməklə geniş dairədə təhlükəsizlik məsələlərini müzakirə edəcəkləri gözlənilir. Həmçinin Yaxın Şərqdəki münaqişənin nizamlanması məsələsinə xüsusi diqqət yetiriləcək.
“Reuters”: Fars körfəzi ölkələri Hörmüz boğazı açıldıqdan sonra bir həftə ərzində onun vasitəsilə neft tədarükünü bərpa etməyə hazırdır. Bu bəyanatla ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə çıxış edib. Onun sözlərinə görə, o, Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası çərçivəsində Yaxın Şərqdən olan həmkarları ilə görüşüb. Bessent bildirib ki, Hörmüz boğazı açılsa, bir həftə ərzində neft tədarükünə başlaya biləcəklər.
“Euronews”: Avropa və Fars körfəzi ölkələri ümumi təhlükəsizlik çağırışları fonunda əməkdaşlığı dərinləşdirməlidir. Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen “X” hesabında yazıb. Onun sözlərinə görə, iki regionun təhlükəsizliyi bir-biri ilə qarşılıqlı surətdə əlaqəlidir və Avropa İttifaqı (Aİ) İranın hücumları şəraitində Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ilə tam həmrəydir. Fon der Lyayen Rusiya-Ukrayna müharibəsi kontekstində nümayiş etdirdikləri həmrəylik və vasitəçilik səylərinə görə bir sıra Körfəz ölkələrinə təşəkkür edib.
Hazırladı:
N.BEYDİYEVA
XQ

