AZƏRTAC-ın şəhid jurnalisti yad edilib

post-img

Dünən şəhid jurnalist Məhərrəm İbrahimovun 44 yaşını doğmaları, dostları, həmkarları dərin hüzn və ehtiramla qeyd etdilər. 5 ildir ki, aprelin 16-da onun adı dillərdən düşmür, əziz xatirəsi ürəkləri göynədir.

Məhərrəm 2020-ci ilin noyabrından – Qarabağ zəfərinin ilk günlərindən işğaldan azad edilmiş bölgələrin yaşayış məntəqələrini qarış-qarış, şəhərbəşəhər, kəndbəkənd dolaşaraq erməni vandalların xarabalığa çevirdiyi məkanların qəlbağrıdan mənzərəsini tarix üçün salnamələşdirirdi. 2021-ci ilin iyunun 4-də o, doğulduğu Göyçənin Ardanış kəndindən 50 kilometrlik məsafədə yerləşən Kəlbəcərin Susuzluq kəndində şəhidliyə qovuşdu.

AZƏRTAC-ın əməkdaşları Müşfiqabad qəsəbə qəbiristanlığında şəhid-jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət edərək onun mənalı ömür yolu və fədakar fəaliyyəti barədə ətraflı söhbət açıblar. Şəhid-jurnalistin həmkarı Elçin Hüseynov qeyd edib ki, Məhərrəm azad edilmiş bölgələrə ilk qədəm basanlardan olub, üz tutduğu ünvanlarda erməni qəddarlığı və soyğunçuluğuna şahidlik edən mənzərələrin geniş xronikasını yaradıb. Məhərrəm İbrahimovun xatirəsi doğma kollektivdə həmişə əziz tutulur.

AZƏRTAC-da onun adına xüsusi guşə yaradılıb, barelyefi hazırlanıb.

Ailə üzvləri adından jurnalist Əsgər Əlioğlu, İradə İbrahimova və Sevda Əsgərova qardaşlarının xatirəsini əziz tutduqlarına görə AZƏRTAC-ın kollektivinə və ziyarətçilərə minnətdarlıqlarını bildiriblər.

XQ

Sosial həyat