2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunması paytaxt Bakının müasir inkişaf konsepsiyasında yeni mərhələnin başlandığını aydın şəkildə göstərir. Bu ilin daha bir mühüm hadisəsi – BMT-nin qlobal əhəmiyyətli platforması olan Ümumdünya Şəhərsalma Forumunun (WUF13) məhz Bakıda keçirilməsi isə ölkəmizin şəhərsalma, ekoloji balans və davamlı inkişaf sahəsində qazandığı nailiyyətlərin beynəlxalq səviyyədə təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Bakı yalnız müasir memarlıq nümunələri ilə deyil, eyni zamanda, geniş yaşıllıq zolaqları, park və bağları ilə də seçilir. Bu yaşıllıq məkanları sırasında xüsusi yer tutan ünvanlardan biri isə Mərkəzi Nəbatat Bağıdır.
90 ildən artıq bir müddətdir yaradılan və bu gün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Mərkəzi Nəbatat Bağı uzun illər ərzində ölkənin flora zənginliyinin qorunması və öyrənilməsi istiqamətində mühüm elmi mərkəz kimi formalaşıb. Onun geniş ərazisində həm yerli, həm də dünyanın müxtəlif regionlarından gətirilmiş yüzlərlə bitki növü yetişdirilir. Bu məkan yalnız elmi-tədqiqat fəaliyyəti üçün strateji əhəmiyyətə malik canlı laboratoriya deyil, həm də istirahət zonasıdır. Burada aparılan araşdırmalar bitkilərin uyğunlaşdırılması, nadir növlərin qorunması və biomüxtəlifliyin təmin olunmasına xidmət edir.
Son illərdə dövlət səviyyəsində həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma işləri Mərkəzi Nəbatat Bağını da əhatə edib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən diqqətin bariz nümunəsidir. Xüsusilə 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Botanika İnstitutunun yeni inzibati binasının açılışı bu məkanın inkişafında yeni mərhələnin başlanğıcı kimi yadda qalıb. Açılışdan sonra bağın ərazisində həyata keçirilən işlər onun həm elmi, həm də ictimai əhəmiyyətini daha da artırıb.
Nəbatat Bağı yarandığı gündən elmi-mədəni mərkəz kimi fəaliyyət göstərib. Həmçinin şəhər sakinlərinin və paytaxta gələn qonaqların ən çox üz tutduğu məkanlardan olub. İnsanları buraya çəkib gətirən floramızın canlı kolleksiyaları ilə istirahətin bir arada cəmləşməsidir. Elə bizi də Nəbatat Bağına gətirən səbəb bu idi. Səs-küylü paytaxt küçələrindən, ardı-arası kəsilməyən maşınların əhatəsindən və insan selindən ayrılıb bağın giriş qapısından içəri daxil oluruq. Sanki meşəyə düşürük. Ucu-bucağı görünməyən bağı bir az seyr etdikdən sonra Mərkəzi Nəbatat Bağının “Qida və dərman bitkilərinin biokimyası” laboratoriyasının böyük mütəxəssisi Aynurə Seyfullayeva ilə görüşüb söhbət etdik.
Mütəxəssis bildirdi ki, son dövrdə bioloji müxtəlifliyin qorunması, onun gələcək nəsillərə davamlı olaraq çatdırılması dünyada belə həyati bir məsələdir. Ona görə də Nəbatat Bağında elmi-tədqiqat işləri ilə yanaşı, insanların maarifləndirilməsi, xüsusən də ekoloji maarifləndirmə istiqamətində fəaliyyət genişləndirilir. Mərkəzi Nəbatat Bağı ərazisində təşkil olunan ekskursiyalar zamanı ziyarətçilərin diqqətini xüsusilə bağın müasir infrastruktur elementləri və zəngin landşaft quruluşu cəlb edir. Bunlara yerli və dünyanın müxtəlif regionlarından gətirilmiş nadir bitki növlərinin qorunması və nümayişi üçün inşa edilmiş müasir tipli oranjeriyalar, piyadalar üçün nəzərdə tutulmuş 650 metr uzunluğunda müasir körpü, göl kompleksi, uşaqlar üçün yaradılmış oyun meydançası, eləcə də ziyarətçilər üçün istirahət məkanı kimi formalaşdırılmış labirint daxildir.
Ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanan bitkilər sırasında bağa yeni introduksiya olunmuş Çin lorapetalumu, respublika ərazisində yalnız Mərkəzi Nəbatat Bağında yetişdirilən Luzitan Sərvi, dünyanın ən nəhəng ağac növlərindən biri hesab olunan Sekvoya, həmçinin dünyanın ən hündür ağac növləri sırasında yer alan Mavi Evkalipt xüsusilə seçilir.
Bununla yanaşı, Çiyələk ağacı, Azərbaycanın Qırmızı kitabına daxil edilmiş uzunsaplaq palıd və Eldar şamı da ziyarətçilərin diqqətini cəlb edən nadir növlər sırasındadır. Oranjeriya şəraitində nümayiş etdirilən kofe ağacı, banan bitkisi və həşəratlarla qidalanan Nepentes (Nepenthes gaya) kimi ekzotik bitkilər də ekskursiya iştirakçılarında böyük maraq doğurur.
A.Seyfullayeva bələdçi kimi ekskursiyalar zamanı bağın əhəmiyyətini daha yaxşı çatdırmaq üçün maraqlı faktlar da danışıldığını bildirdi: “Xüsusilə sərv ağacları haqqında məlumatlar çox diqqət çəkir. Bağda sərv ağacları əsasən küləkqırıcı zolaqlar şəklində əkilib. Bu da ərazidə digər bitkilərin daha yaxşı inkişaf etməsinə kömək edir. Sərv ağacı həmişəyaşıl və uzunömürlü ağaclardandır. Bəzi növləri 800–1000 ilə qədər qala bilir. Buna görə də qədim dövrlərdən sərv ağacı “əbədi həyat” və uzunömürlülük rəmzi kimi qəbul olunub.
Ekskursiyalar zamanı ziyarətçilərin maraq göstərdiyi ağaclardan biri də dağdağan ağacıdır. Bu ağac xalq arasında “göz – nəzərdən qoruyan ağac” kimi tanınır. İnsanlar qədimdən bəri dağdağan ağacına xüsusi inamla yanaşıblar və onu pis enerjidən qoruyan təbii simvol hesab ediblər. Dağdağan ağacı həm də çox davamlı və uzunömürlü ağaclardandır. Şəhər şəraitinə uyğunlaşdığı üçün parklarda və bağlarda geniş istifadə olunur”.
Xarici turistlər üçün Mərkəzi Nəbatat Bağında ən maraqlı məkanlarından danışan bələdçi bunların əsasən oranjeriyalar və körpü hesab olunduğunu vurğuladı. Onun sözlərinə görə, ümumilikdə bağa ay ərzində, təxminən, 600–800 turist gəlir. Yerli ziyarətçilərin sayı xüsusilə həftəsonları 1000 nəfəri keçir. Bayram günlərində isə bu rəqəm 2–3 dəfə artır.
Eyni zamanda, bağın ərazisində ziyarətçilərin rahatlığını təmin etmək üçün müasir infrastruktur yaradılıb. A.Seydullayeva bildirdi ki, ərazidə müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş istirahət və əyləncə zonaları, yaşıllıq labirintləri və açıq məkanlar salınıb ki, bu da bağa gələnlərin təbiətlə daha yaxından ünsiyyət qurmasına şərait yaradır. Bütün bu yeniliklər Mərkəzi Nəbatat Bağını yalnız istirahət məkanı deyil, müasir şəhərsalma konsepsiyasına uyğun formalaşmış ekoloji və elmi kompleksə çevirib. Bu gün bağ şəhərin səs-küyündən uzaqlaşmaq istəyən insanlar üçün sükut məkanı olmaqla yanaşı, alimlər və tədqiqatçılar üçün də mühüm elmi platformadır.
Bu gün Bakı Ümumdünya Səhərsalma Forumu kimi qlobal bir tədbirə ev sahibliyi etməyə hazırlaşarkən Mərkəzi Nəbatat Bağı da bu prosesin ayrılmaz hissəsinə çevrilir. Çünki müasir şəhərsalmanın əsas prinsiplərindən biri məhz yaşıl məkanların qorunması və artırılmasıdır. Bu baxımdan bağ yalnız bir istirahət məkanı deyil, həm də Azərbaycanın dünyaya təqdim edə biləcəyi uğurlu ekoloji modeldir.
Gün batarkən bağın üzərinə enən sakitlikdə bir həqiqət daha aydın hiss olunur: şəhərlər böyüdükcə insanın təbiətə ehtiyacı daha da artır. Mərkəzi Nəbatat Bağı isə bu ehtiyacın ən gözəl cavablarından biridir. Burada qorunan hər ağac, yaradılan hər yeni guşə gələcəyin şəhərlərinə ünvanlanmış bir mesajdır. Məhz buna görə də Bakıda keçiriləcək WUF13 çərçivəsində bu bağ, sadəcə, bir məkan kimi deyil, bir ideya kimi çıxış edəcək – insanla təbiətin vəhdətinin mümkünlüyünü sübut edən canlı nümunə kimi. Bu, Azərbaycanın dünya şəhərsalma gündəminə verə biləcəyi ən dəyərli töhfələrdən biri olacaq.
Nurəngiz ADİLQIZI
XQ





