Bu il aprelin 15-dən Laçın şəhərində Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda səyyar təlim proqramının ikinci sessiyasına start verilib. Proqram Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidmətləri”nin əməkdaşları üçün nəzərdə tutulub və dövlət idarəçiliyində müasir yanaşmaların, innovativ texnologiyaların tətbiqi sahəsində bilik və bacarıqların artırılmasını hədəfləyir.
Təlimin açılışında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və “Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional nümayəndəsi Ceyhun Əzizov çıxış edərək dövlət idarəçiliyində innovativ yanaşmaların xüsusi rola malik olduğunu, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və idarəetmə proseslərində peşəkar kadr potensialının böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Akademik Urxan Ələkbərovun təqdim etdiyi “Şəhərsalma və memarlıqda davamlı innovativ inklüziv inkişaf siyasəti” mövzusunda keçirilən təlimdə müasir şəhərsalma siyasətinin əsas prinsipləri, innovativ və inklüziv yanaşmalar, eləcə də beynəlxalq təcrübə ilə milli modelin müqayisəli təhlili təqdim olunub. Onun sözlərinə görə, inkişaf indikatorları (ÜDM, insan inkişafı, davamlı və inklüziv inkişaf göstəriciləri) şəhərsalma prioritetlərinin müəyyənləşdirilməsində xüsusi rol oynayır, resursların səmərəli idarə olunması, enerji istehlakı mədəniyyəti və texnoloji həllər böyük əhəmiyyət kəsb edir. Odur ki, müasir şəhərsalma yalnız infrastrukturla məhdudlaşmır, həm də sosial inklüzivlik, ekoloji tarazlıq və effektiv idarəetmə yanaşmalarının inteqrasiyasını tələb edir.
Bundan əlavə, hüquq elmləri doktoru, professor, Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri İsaxan Vəliyev tərəfindən “Dövlət idarəçiliyində maraqların toqquşması və antikorrupsiya siyasəti” mövzusunda təlim keçirilib, korrupsiya ilə mübarizənin hüquqi və institusional əsasları, maraqların toqquşmasının qarşısının alınması mexanizmləri, şəffaflıq və etik davranış prinsipləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Təlim proqramının ikinci günündə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov tərəfindən “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim keçiriləcək. Təlim çərçivəsində iştirakçılar dövlət idarəçiliyində institusional təcrübə, milli iqtisadi inkişaf modeli, iqtisadi islahatların əsas istiqamətləri və müasir çağırışlar barədə məlumatlandırılacaqlar.
Daha sonra siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elnur Əliyev tərəfindən “Dövlət idarəçiliyi islahatları: beynəlxalq təcrübə və Azərbaycan modeli” mövzusunda təlimin keçirilməsi nəzərdə tutulur. Təlimdə beynəlxalq təcrübə ilə Azərbaycan modelinin uyğunlaşdırılması, qabaqcıl idarəetmə yanaşmalarının tətbiqi, milli xüsusiyyətlərə uyğun adaptasiya mexanizmləri, institusional islahatlar, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, eləcə də şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğuna yönəlmiş prinsiplər üzrə müzakirələr aparılacaq.
P.ƏMİRCANOV
XQ




