Bu ilin yanvar-mart aylarında Azərbaycandan 10-dan çox ölkəyə 2 milyard 500 milyon 709,51 min dollarlıq 5 milyon 77 min 834,33 ton neft ixrac edilib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə ölkəmizdən İtaliyaya 1 milyard 614 milyon 411,76 min dollar dəyərində 3 milyon 273 min 515 ton neft ixrac olunub. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Cari ilin ilk 3 ayında Azərbaycanın neft satdığı ölkələrin siyahısında 2-ci yeri Çexiya tutub. Hesabat dövründə bu ölkəyə 184 milyon 328,19 min dollar dəyərində 355 min 470,34 ton neft ixrac edilib. İlk üçlüyü isə Rumıniya tamamlayıb. Belə ki, yanvar-mart aylarında bu ölkəyə 178 milyon 619,93 min dollar dəyərində 372 min 51,77 ton neft satılıb. Ümumilikdə isə, yanvar-mart aylarında ölkəmiz Almaniya, Portuqaliya, Tunis, Bolqarıstan, Xorvatiya, Türkiyə, Fransa və digər dövlətlərə xam neft satıb.
Bununla yanaşı, hesabat dövründə ölkəmiz 130 milyon 938,65 min dollar dəyərində 187 min 341,29 ton neft məhsulları ixrac edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,3 dəfə, həcm etibarı ilə isə 53,1 faiz çox olub.
Xatırladaq ki, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və neft məhsullarının dəyərinə dair məlumatlar nəzərə alınıb.
XQ

