38 məhsul üzrə 300 milyon dollarlıq illik idxal-ixrac gerçəkləşəcək
Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bundan başqa, ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb. Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 faizini təşkil edib.
Cari ilin yanvar–mart aylarında Azərbaycan xarici ölkələrlə, ümumilikdə, 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azalma deməkdir. Hesabat dövründə xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir il ərzində ixrac 15,4 faiz, idxal isə 29,3 faiz azalıb. Nəticə etibarilə, xarici ticarət balansında 1 milyard 398 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici illik müqayisədə 93,4 faiz artım deməkdir.
Məlum olduğu kimi, Azərbaycan Ermənistana neft məhsullarını tədarük edir. Bu istiqamətdə sonuncu göndəriş aprelin 11-də 15 vaqon olmaqla, ümumilikdə, 887 ton dizel yanacağının ixracı baş tutub. İki ölkə arasında sərhədlərin uzun illər bağlı olması və bunun indi də davam etməsi iqtisadi əlaqələrin yalnız dolayı kanallar üzərindən mümkün edir. Əməliyyatlar Gürcüstan vasitəsilə həyata keçirilir. Qeyd edək ki, Azərbaycandan Ermənistana, ümumilikdə, 6 min 312 ton dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2 min 955 ton Aİ-95 markalı benzin göndərilib.
Azərbaycanın Ermənistandan ilk dəfə mal idxal etməsini bəzi ekspertlər “test xarakterli iqtisadi təmas” kimi dəyərləndirir. Mütəxəssislərin fikrincə, rəsmi Bakı və İrəvan bu cür əlaqələrin praktik olaraq necə işlədiyini yoxlayır. Yəni hər iki tərəf riskləri və imkanları nəzərdən keçirir.
Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin yeni qurulmasına baxmayaraq, hər iki ölkə SSRİ dövründə qarşılıqlı olaraq mal mübadiləsi aparıblar. Lakin o dövrdə Azərbaycan və Ermənistan iqtisadi əlaqələri klassik mənada ixrac–idxal münasibətləri üzərində qurulmamışdı. Bu, Sovet İttifaqı daxilində mərkəzləşdirilmiş planlı təsərrüfat sisteminin tərkib hissəsi kimi formalaşmışdı. Azərbaycan SSR əsasən enerji və xammal bazası kimi çıxış edirdi. Rəsmi sovet iqtisadi statistikası və dövrün sənaye hesabatlarına əsasən, respublikadan Ümumittifaq dövriyyəsinə, o cümlədən Ermənistan SSR-ə neft və neft məhsulları, neft-kimya sənayesi üçün xammallar, eləcə də pambıq və tütün kimi kənd təsərrüfatı məhsulları göndərilirdi.
Eyni zamanda, Ermənistan SSR-dən ölkəmizə elektronika və cihazqayırma məhsulları, müxtəlif ölçü cihazları və texniki avadanlıqlar göndərilirdi. Kimya və rezin sənayesi məhsulları, tekstil və ayaqqabı kimi yüngül sənaye malları da bu siyahıya daxil idi. Bundan başqa, Ermənistanın ənənəvi məhsullarından sayılan konyak və konservləşdirilmiş qida məhsulları, eləcə də tikinti materialları, xüsusilə tuf və sement Azərbaycan bazarında yer alırdı. Qeyd edək ki, hazırda iki ölkə arasında iqtisadi əlaqələrin bərpa olunması sülh prosesinin tərkib hissəsidir. Siyasi təmasların qurulması, danışıqlar prosesinin gələcəkdə iqtisadi əlaqələr daha geniş miqyas ala biləcəyini göstərir. Bu da öz növbəsində region iqtisadiyyatının inkişafına xüsusi töhfə verə bilər.
Nəhayət ki, uzun illərdən sonra Ermənistanın ali siyasi elitası Azərbaycanla münasibətlərin sülh prinsipi üzərində qurulmasının ölkə üçün faydalı ola biləcəyini anlayıblar. Baş nazir Nikol Paşinyan və onun administrasiyasının nümayəndələri dəfələrlə çıxışlarında bildiriblər ki, Azərbaycanla ticarətin bərpa olunması Ermənistana iqtisadi fayda verir. Bu günlər parlamentdə çıxış edən Nikol Paşinyan qeyd edib ki, Azərbaycandan Ermənistana neft məhsullarının idxalı sayəsində ölkə vətəndaşları və sakinləri on milyardlarla qənaət ediblər: “Azərbaycan neft məhsullarının idxalı - bazarda 8 il davam edən monopoliya vəziyyətinin aradan qaldırılması əməliyyatını başa çatdırmağımıza imkan verən son amil oldu. Niyə 8 il? Çünki biz mafiya ilə mübarizə aparırıq. Bu mafiya təkcə daxili erməni mafiyası deyil, onun bəzən başqa yerlərdə də digər filialları olur”. O əlavə edib ki, əgər Azərbaycan dəmir yolu ilə Ermənistana tədarüklər başlamasaydı, mümkün böhranlar, o cümlədən Hörmüz boğazı ətrafındakı vəziyyət ölkə iqtisadiyyatına daha güclü təsir edərdi.
Ermənistan baş nazirinin sonuncu çıxışı onu deməyə əsas verir ki, Azərbaycan aktiki olaraq bu ölkə üçün alternativ enerji mənbəyidir. N. Paşinyanın ritorikasına görə, Azərbaycan neft məhsullarının idxalı Ermənistan üçün üç əsas nəticə doğurub: İqtisadi effekt – böyük maliyyə qənaəti, bazar islahatı – monopoliyanın aradan qalxması, enerji təhlükəsizliyi – alternativ və daha sabit tədarük kanalı.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistan istiqamətində enerji məhsullarının ixracını həyata keçirir. Eyni zamanda, Azərbaycanın üzərindən daşınan və Ermənistanla əlaqəli bütün ölkələrə yük daşımaları üzrə məhdudiyyətlər aradan qaldırılır. Bu, təbii ki, Azərbaycanın regionda sülh təşəbbüslərini və dəstəyini bir daha təsdiq edir.
Təbii ki, Zəngəzur dəhlizinin açılması və istifadəsi, eləcə də kommunikasiyaların bərpası ilə bağlı qərarların genişləndirilməsi vacib məqamlardandır. Bu, regionda dayanıqlı sülhün formalaşmasına töhfə verəcək. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında aparılan qiymətləndirmələr göstərir ki, təxminən 38 məhsul üzrə, ümumilikdə, idxal–ixrac fəaliyyətlərinin qurulması mümkündür.
Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında ticarət dövriyyəsi illik olaraq təxminən 300 milyon dollar ətrafında dəyişə bilər. Bu rəqəmə birbaşa Ermənistan–Azərbaycan idxal və ixrac əməliyyatları daxildir. Yəni, söhbət idxal–ixrac əməliyyatlarının geniş spektrindən gedir. Amma sözsüz ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzrə yük daşımalarının həcmini artıracaq, eyni zamanda, region ölkələrinin bundan daha çox faydalanmasına imkan yaradacaq.
Bu kontekstdə daşınma xərclərinin azalması ölkələrin əlavə gəlir əldə etməsinə şərait yarada bilər ki, bu da praktik olaraq həm dayanıqlı sülhün möhkəmlənməsi, həm də regional iqtisadi inkişaf baxımından vacib amildir.
Musa BAĞIRLI
XQ


