Naxçıvandan Zəngəzur dəhlizinə keçid yenidən qurulur

post-img

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərləri, həmçinin prosesə şahid qismində ABŞ Prezidentinin iştirakı ilə imzalanmış Birgə Bəyannamə və paraflanmış sülh müqaviləsi təkcə Cənubi Qafqaz regionunda deyil, bütövlükdə, qlobal geosiyasi düzəndə mühüm transformasiyalara səbəb olub. ABŞ-da əldə olunan ən mühüm nailiyyətlərdən biri də Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi (TRIPP) barədə razılığın təmin edilməsidir.

Bu layihənin əsas mahiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan strateji hədəflərindən birini reallığa çevirəcək. Dəhliz vasitəsilə uzun illər blokada şəraitində qalan Naxçıvan Muxtar Respublikası ilə maneəsiz quru bağlantısı yaranacaq. Uzunluğu 42 kilometr olan bu yol avtomobil və dəmir yolu nəqliyyatının hərəkətini təmin etməklə yanaşı, enerji və telekommunikasiya infrastrukturunun daşınmasına da şərait yaradacaq. Layihə ABŞ-ın regionda ticarət əsaslı sülh modelinin vacib elementi kimi dəyərləndirilir.

Qeyd etmək lazımdır ki, rəsmi Bakı layihə çərçivəsində dəhlizin ölkə ərazisindən keçən bölümündə tikinti işlərini sürətli və ardıcıl şəkildə icra edir. Prezident İlham Əliyev Zəngəzur dəhlizi barəsində danışarkən bildirib ki, Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq: “Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.

Yeri gəlmişkən, Naxçıvanda Ermənistanla sərhədə qədər olan dəmir yolunun yenidən qurulmasına başlanılıb. "Azərbaycan Dəmir Yolları" QSC Naxçıvanda infrastrukturun müasirləşdirilməsi ilə bağlı layihələndirmə işlərini başa çatdırıb. Başladılan tikinti işləri 188 kilometrlik dəmiryol xəttini əhatə edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayevin sözlərinə görə, təmirdən sonra xəttin illik ötürmə qabiliyyəti 15 milyon tona çatacaq.

Zəngəzur dəhlizi Orta Dəhlizin əsas marşrut xətlərindən biri kimi də qiymətləndirilir. Mütəxəssislərin qənaətinə görə, Zəngəzur dəhlizinin Orta Dəhlizlə bağlantısı ölkəmiz üzərindən illik təqribən 35 milyon ton yük axınının təmin edilməsinə şərait yaradacaq. Layihə eyni zamanda türk dövlətləri arasında iqtisadi və siyasi inteqrasiyanı gücləndirməklə yanaşı, Türkiyə və Orta Asiya üçün daha qısa və alternativ nəqliyyat yolu formalaşdıracaq.

İqtisadçıların fikrincə, hazırda Çindən Avropaya yönələn yük daşımalarının həcmi artdıqca, geri istiqamətdə də nəqliyyat vasitələrinin fəaliyyətinə tələbat yaranır ki, daşınma xərcləri minimuma ensin. Bundan başqa, Zəngəzur dəhlizinə marağı gücləndirən digər mühüm faktor Avrasiya məkanında şimal quru marşrutu üzrə Polşa–Belarus sərhədində ortaya çıxan texniki və idarəetmə xarakterli məhdudiyyətlərlə bağlıdır. Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi bu kontekstdə Şərq–Qərb xətti üzrə gündəlik milyardlarla dollar dəyərində yük daşıyan kommersiya strukturlarına, həmçinin onların iqtisadi maraqlarını qoruyan, başda Çin və Avropa olmaqla, dövlətlər üçün daha münasib variant hesab olunur.

Elman SADIQOV,
iqtisadçı-ekspert

Ümumiyyətlə, hazırda bütün dünyada ticarət yollarına yenidən baxılır, yeni logistika dəhlizləri formalaşdırılır. Orta Dəhliz barədə dəfələrlə danışmışıq, lakin bununla yanaşı, ölkələr arasında münasibətlər və yeni kommunikasiya xətlərinin çəkilməsi məsələsi də aktuallaşıb.

Məsələn, Azərbaycan və Ermənistan arasında son 35 ildə qırılmış bütün əlaqələrin bərpası istiqamətində addımlar atılır. Ermənistanın Naxçıvanla birbaşa dəmir yolu əlaqələrinin bərpa olunması, gələcəkdə isə avtomobil yollarının açılması həm Ermənistan, həm də Naxçıvan üçün əhəmiyyətlidir. Çünki Ermənistan Naxçıvan vasitəsilə Türkiyəyə müxtəlif nəqliyyat vasitələri ilə çıxmaqda maraqlıdır — təkcə dəmir yolu yox, həm də quru yol vasitəsilə. Bu baxımdan, Ermənistanın quru və dəmir yolu əlaqələrinin bərpası onun iqtisadiyyatı üçün olduqca önəmlidir.

Bəs Naxçıvan üçün bunun əhəmiyyəti nədir? Birincisi, Ermənistan tərəfindən gələn turistlərin Naxçıvana səfər etməsi turizmin inkişafına töhfə verəcək. Gürcüstandan Naxçıvana quru yol ilə Ermənistan üzərindən daha rahat gəlmək mümkün olacaq ki, bu da yeni turizm axını yaradır. Eyni zamanda, Ermənistana və Gürcüstana gələn xarici turistlərin də Naxçıvana keçidi asanlaşacaq. Yəni təhlil etdikcə, aydın olur ki, bu əlaqələrin bərpası böyük perspektivlər açır və həmin imkanlardan maksimum dərəcədə istifadə etmək lazımdır.

Naxçıvanın Ermənistan üzərindən Gürcüstana çıxışı quru yol nöqteyi-nəzərindən daha yaxındır. Düzdür, Zəngəzurdan keçməklə də Azərbaycan vasitəsilə Gürcüstana getmək mümkündür, amma Ermənistan üzərindən yol daha qısadır. Bu baxımdan Naxçıvan–Ermənistan–Gürcüstan xətti, eləcə də Naxçıvan–Türkiyə əlaqələrinin möhkəmlənməsi regionun turizm və iqtisadi potensialını artırır.

Digər tərəfdən, Orta Dəhliz vasitəsilə hərəkət edən beynəlxalq yüklər tamamilə başqa bir kontekstdir və bu məsələ Naxçıvan–Ermənistan əlaqələrinin bərpası ilə qarışdırılmamalıdır. Orta Dəhliz üzrə daşımalar daha çox beynəlxalq tranzit və Ermənistanın öz ixrac yükləri ilə bağlı olacaq. Naxçıvan–Ermənistan xətti isə daha çox regional ticarət, iqtisadi əməkdaşlıq və turizm baxımından əhəmiyyətlidir.

Ən vacib məqamlardan biri odur ki, Naxçıvan turizm potensialı yüksək olan, lakin müxtəlif səbəblərə görə illərlə bu potensialdan tam istifadə edə bilməyən bir regiondur. Bundan sonrakı dövrdə Haçadağ, Əshabi-Kəhf, Nuh peyğəmbərin məzarının olduğu məkan kimi ziyarət və turizm obyektləri həm Ermənistan turistləri, həm də digər xarici turistlər üçün yeni cəlbedici istiqamətlər olacaq. Bu isə Naxçıvanın özündə turizm sektorunun inkişafına geniş imkanlar yaradır. Eyni zamanda, ticarət, logistika və tranzit baxımından da regionun mövqeyi güclənəcək.

Düşünürəm ki, bu proseslər ardıcıl şəkildə davam edərsə, sülh müqaviləsi imzalanarsa və logistika layihələri real həyata keçirilsə, region müxtəlif istiqamətlər üzrə ciddi rol oynayacaq. Ona görə də ən önəmli məsələlərdən biri mövcud potensialı vaxtında görmək, ondan düzgün və maksimum səmərə ilə istifadə etməkdir. Hesab edirəm ki, bu istiqamətdə artıq addımlar atılmağa başlanıb.

Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert

Ümumiyyətlə, bilirsiniz ki, burada söhbət Zəngəzur dəhlizinin bərpasından gedir. Azərbaycan Ağbəndə qədər dəmir yolu xəttini artıq bərpa edib və hazırda demiryolu xəttində tamamlanma işləri aparılır. Prezident Administrasiyasının nümayəndələri tərəfindən bu ərazidən mediaya səfər təşkil olundu. Bundan əlavə, 42 kilometrlik hissə isə Ermənistan ərazisindən keçdiyi üçün həmin bölməni Ermənistan özü çəkməlidir. Ermənistanın bunu nə vaxt edəcəyi isə hələlik məlum deyil.

Bu dəhlizin əhəmiyyəti təkcə Azərbaycan–Ermənistan ticarət əlaqələri ilə məhdudlaşmır. Birinci və ən vacib məsələ Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birləşdirilməsidir. Hazırda Naxçıvan blokada şəraitindədir, iqtisadi inkişaf imkanları məhduddur və enerji, qaz, digər təminatlar üzrə Azərbaycan tərəfindən daimi subsidiya tələb olunur. Blokadadan çıxması isə region üçün strateji addımdır.

İkinci mühüm məqam Azərbaycan ilə Türkiyə arasında birbaşa və qısa nəqliyyat xəttinin formalaşmasıdır. Hazırda yüklər ya Gürcüstan üzərindən, ya da İran ərazisindən daşınır. Bu isə daha uzun məsafə, daha çox vaxt itkisi, əlavə gömrük prosedurları və yüksək xərclər deməkdir. Zəngəzur dəhlizi açıldıqdan sonra həm vaxt, həm maliyyət əhəmiyyətli dərəcədə azalacaq. Sahibkarlar üçün ikinci ən önəmli üstünlük məhz budur.

Üçüncü məsələ odur ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi çox böyükdür — ölkəmizin ümumi idxalının təxminən 17–18 faizi Türkiyənin payına düşür. Yəni hər 5 manatlıq idxalın biri Türkiyədən gəlir. Bu qədər güclü iqtisadi əlaqələrin daha qısa və səmərəli logistika xətti ilə dəstəklənməsi strateji üstünlük yaradır.

Dördüncü vacib istiqamət isə Mərkəzi Asiyadan Türkiyəyə, Türkiyədən Mərkəzi Asiyaya, eləcə də Mərkəzi Asiyadan Avropaya gedən yük axınlarının Azərbaycan üzərindən keçməsi imkanının genişlənməsidir. Bu, ölkəmiz üçün böyük tranzit gəlirləri və regional-logistika üstünlüyü deməkdir.

Beşinci məsələ — Çin–Avropa və Avropa–Çin marşrutları üçün də yeni kanal formalaşa bilər. Bu, Orta Dəhlizin güclənməsi baxımından olduqca əhəmiyyətlidir.

Nəticə etibarilə, Ermənistan da bu dəhlizdən istifadə etməklə Rusiya bazarına, Mərkəzi Asiya bazarına və digər istiqamətlərə çıxış əldə edə bilər. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşması və ticarət əlaqələrinin artması üçün də yeni imkan yaranacaq. Müqayisə üçün qeyd edim ki, Bakı–Tbilisi–Qars xəttinin potensialı 5 milyon ton idi, lakin hazırda bunun təxminən 1 milyon tonundan istifadə edə bilirik. Uzun müddət infrastruktur problemləri yarandı, böyük investisiya qoyuldu, amma dövriyyə istənilən səviyyəyə çatmadı. Zəngəzur dəhlizi isə həm coğrafi, həm iqtisadi, həm də logistika baxımından Bakı–Tbilisi–Qars xəttindən daha rentabelli və daha səmərəlidir.

Musa BAĞIRLI
XQ





İqtisadiyyat