“Ağ qızıl”ın cəfası və səfası

post-img

Müstəqillik dövrünün ilk pambıq rekordu – 355,7 min ton!

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, dekabrın 15-dək ölkə üzrə 100 min 468 hektar sahədən 355,7 min ton xam pambıq tədarük olunub. Hər hektarın orta məhsuldarlığı 35,40 sentnerə yüksəlib. Ötən il isə 103 min hektardan artıq sahədə pambıq əkilib və 307 min tondan çox məhsul götürülüb.

Beləliklə, əkin sahələrinin azalmasına baxmayaraq, məhsul həcminin və məhsuldarlığın kəskin artması ilə pambıqçılıq müstəqillik dövründə ən yüksək göstəricilərlə yeni bir tarixi inkişaf mərhələsinə daxil olub. Bu mühüm nəticələr təsadüfi xarakter daşımır. Çünki pambıqçılıqda əldə edilən uğur aqrar sektorda həyata keçirilən davamlı dövlət siyasətinin, institusional islahatların, texnoloji yenilənmənin və fermer maraqlarının uzlaşdırılmasının məntiqi nəticəsidir.

Yüksəlişin səbəbləri və strateji əhəmiyyəti

Xatırladaq ki, pambıqçılığın inkişafı uzun müddətdir ki, Azərbaycanın aqrar siyasətində üstün istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının şaxələndirilməsi, qeyri-neft ixracının artırılması və regionlarda məşğulluğun gücləndirilməsi məqsədilə bu sektor strateji sahə elan olunub. Dövlət proqramları çərçivəsində pambıq istehsalçılarına subsidiyaların verilməsi, güzəştli kreditlərin ayrılması, texnika və gübrə təminatının gerçəkləşdirilməsi, eləcə də məhsulun tədarükünə dövlət dəstəyi mexanizmlərinin yaradılması gerçəkləşdirilib.

Xüsusilə qeyd edilməlidir ki, subsidiyaların elektron kənd təsərrüfatı sistemi vasitəsilə şəffaf şəkildə verilməsi fermerlərin bu sahəyə marağını artırıb. Yenilik qeyri-formal münasibətləri minimuma endirib. Artıq istehsal edilən məhsulun hər kiloqramına görə əvvəlcədən müəyyənləşdirilən dövlət dəstəyi pambıqçılığın inkişafına yeni təkan verib.

Son illər pambıqçılıqda aqrotexniki tədbirlərin elmi əsaslarla həyata keçirilməsi nəticəsində məhsuldarlıq sürətlə artıb. Torpaq analizlərinin genişləndirilməsi, düzgün əkin dövriyyəsinin tətbiqinə üstünlük verilməsi, keyfiyyətli toxum materiallarından istifadənin diqqət mərkəzində saxlanılması və vaxtında suvarma prosesinin reallaşdırılması bu sahədə göstəricilərin yüksəlməsinə mühüm təsir göstərib. Xüsusilə yüksək reproduksiyalı, xəstəliklərə davamlı toxum sortlarının tətbiqi hektarın məhsuldarlığını əhəmiyyətli dərəcədə artırıb. Bu yanaşma pambıqçılıqda əsas məsələnin – əkin sahəsinin genişləndirilməsi ilə bərabər, həm də hər hektardan maksimum səmərə əldə etməyin zəruri olduğunu təsdiq edib.

Məhsuldarlığın yüksəlməsində suvarma sistemlərinin yaxşılaşdırılması da əhəmiyyətli rol oynayıb. Son illər regionlarda kanalların bərpası, nasos stansiyalarının yenilənməsi və damcı suvarma texnologiyalarının tətbiqinin diqqətdə saxlanılması pambıq sahələrinin su ilə təminatını xeyli yaxşılaşdırıb. Suvarmanın vaxtında və normaya uyğun aparılması bitkinin inkişafına müsbət təsir göstərib, məhsul itkisini azaldıb. Bununla da pambıqçılıqda yüksək nəticələrin fermer zəhməti və infrastruktur yatırımları ilə əldə edilməsi qənaəti möhkəmlənib.

Pambıqçılıqda rekord göstəricilərin qeydə alınmasının digər mühüm bir səbəbi isə müasir kənd təsərrüfatı texnikasının geniş tətbiqi ilə bağlı olub. Əkin, becərmə və xüsusilə yığım prosesində kombaynların geniş istifadəsi itkiləri minimuma endirib, məhsulun keyfiyyətini yüksəldib. Əl əməyindən asılılığın azalması həm məhsuldarlığı artırıb, həm də mövsümi işçi çatışmazlığı problemin qarşısını xeyli alıb.

Rekord göstəricilərin arxasında dayanan əsas amillər kompleks xarakter daşıyır. Dövlət dəstəyi ilə yanaşı, fermerlərin bilik səviyyəsinin yüksəlməsi və texnologiyaya çıxış imkanlarının genişlənməsi bu məsələdə mühüm rol oynayır. Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi, torpaq analizlərinin aparılması və sahələr üzrə fərqli gübrələmə yanaşmalarının tətbiqi də məhsuldarlığa əsaslı təsir göstərir. Ənənəvi üsullarla fəaliyyət göstərən təsərrüfatlarla innovativ yanaşmaya üstünlük verən fermerlər arasındakı fərq isə artıq qabarıq şəkildə nəzərə çarpır.

Son illər pambıq tədarükü və emalı zəncirində münasibətlər də daha institusional xarakter alıb. Fermerlə emal müəssisəsi arasında müqavilənin bağlanılması, tədarük qiymətlərinin əvvəlcədən müəyyənləşdirilməsi istehsalçı üçün riskləri azaldıb. Fermerin artıq məhsulu harada və hansı şərtlərlə təhvil verəcəyini əvvəlcədən bilməsi nəticəsində istehsala inam daha da güclənib.

Pambıqçılıqda yüksək artım əldə edilməsi təkcə statistik göstərici deyil, eyni zamanda, sosial-iqtisadi səmərəliliklə bağlı bir prosesdir. Bu sahə minlərlə insanın mövsümi və daimi məşğulluğunu təmin edir, regionlarda gəlir səviyyəsinin artmasına şərait yaradır. Xüsusilə kənd yerlərində pambıqçılıq ailə təsərrüfatlarının əsas gəlir mənbələrindən biri kimi diqqət çəkir.

Yeri gəlmişkən, mövcud göstəricilər pambıqçılığın inkişaf potensialının hələ tam tükənmədiyini göstərir. Qarşıdakı mərhələdə əsas hədəf məhsuldarlığın daha da artırılması, su və torpaq resurslarından səmərəli istifadə edilməsi, emal sənayesinin genişləndirilməsi və pambıqdan əldə olunan hazır məhsulların ixrac payının yüksəldilməsidir. Bu isə son nəticədə artıq xammal ixracından dəyər zəncirinin yuxarı mərhələlərinə keçidin reallaşdırılmasıdır.

Göründüyü kimi, pambıq tədarükü və orta məhsuldarlıq üzrə müstəqillik dövrünün ən yüksək göstəricilərinin əldə edilməsi kompleks amillərin və düşünülmüş dövlət siyasətinin gerçəkləşdirilməsi nəticəsində mümkün olub. Dövlət dəstəyi, elmi yanaşma, texnologiya, infrastruktur və fermer maraqlarının uzlaşdırılması bu sektoru yenidən respublikanın aparıcı aqrar sahələrindən birinə çevirib. Bu uğur modeli digər sahələr üçün də nümunə kimi dəyərləndirməni şərtləndirib.

Pambıqçılığın inkişaf dinamikası

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata əsasən, 2025-ci ildə respublikanın 16 rayonunda çiyid səpini aparılıb. Əkinin, təxminən, 86 faizə yaxın hissəsi pambıqçılıq üzrə ixtisaslaşan 9 rayonda (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyan) reallaşıb. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara çatdırılıb. Cari il ən çox pambıq Saatlı (12 min 634 hektar), Ağcabədi (11 min 822 hektar) və Sabirabad (11 min 86 hektar) rayonlarında əkilib.

Yuxarıda qeyd etdiyimiz kimi, ölkədə pambıq əkini torpaq mülkiyyətçisi olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında bağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyə əsasən, şirkət fermeri zəruri toxum, gübrə, pestisid və herbisidlərlə təmin edir, onun torpağın əkinə hazırlanması, aqrotexniki qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika təchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerə zəruri məsləhətlər üçün aqronom ayırır, əkin xərclərini qarşılamaq üçün avans verir. Fermer isə bütün bunların qarşılığında məhsulu yetişdirmək və müqavilədə göstərilən qiymətə şirkətə təhvil vermək öhdəliyinə malikdir. “Contract farming” formatında müqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışı problemini aradan qaldıran üsul kimi respublikada uzun illərdir ki, tətbiq olunur və özünü uğurla doğruldur.

Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonunda qeydə alınıb. Burada hektarın orta məhsuldarlığı 41,26 sentner olub. Dekabrın 11-dək rayon üzrə əkin aparılan 8 min 898 hektar sahədən 36 min 712 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Hektara görə orta məhsuldarlıq göstəricisində növbəti yerləri Neftçala (39,69 sentner), Biləsuvar (39,49 sentner), Tərtər (37,51 sentner), Bərdə (36,15 sentner) və Saatlı (35,89 sentner) tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Azərbaycanda pambıqçılıq əsasən Aran iqtisadi rayonunda formalaşsa da, son illər regionlar üzrə məhsuldarlıq göstəricilərində ciddi fərqlər və müsbət dinamika müşahidə olunur. Saatlı, İmişli, Sabirabad və Beyləqan rayonları ənənəvi olaraq pambıq istehsalında lider mövqedədir. Bu rayonlarda orta məhsuldarlıq bəzi təsərrüfatlarda hektardan 38–40 sentnerə qədər yüksəlib. Buna isə torpaqların münbitliyi, suvarma şəbəkəsinin nisbətən inkişaf etməsi və iri fermer təsərrüfatlarının mövcudluğu ilə nail olunub.

Ağcabədi, Bərdə və Yevlax rayonlarında son illər məhsuldarlıq artımı xüsusilə diqqət çəkir. Əvvəllər orta göstəricilərlə kifayətlənən bu regionlarda aqrotexniki tədbirlərin təkmilləşdirilməsi və toxumçuluğun yenilənməsi nəticəsində məhsuldarlıq 33-36 sentner səviyyəsinə yüksəlib. Bu da göstərir ki, düzgün idarəetmə və texnologiya tətbiqi torpaq potensialını tam üzə çıxara bilir.

Ucar, Zərdab və Kürdəmir rayonlarında isə əsas problem uzun illər suvarma ilə bağlı olub. Son dövrdə meliorasiya layihələrinin icrası, kanalların təmizlənməsi və su itkilərinin azaldılması bu ərazilərdə də pambıqçılığın dirçəlməsinə şərait yaradıb. Nəticədə məhsuldarlıq artımı həmin rayonlarda da müşahidə olunur, lakin potensial hələ tam reallaşmayıb.

Regionlar üzrə müqayisə göstərir ki, pambıqçılıqda uğur yalnız təbii şəraitdən deyil, idarəetmə keyfiyyəti və investisiya səviyyəsindən birbaşa asılıdır. Bu sahənin inkişafı regionlarda sosial sabitliyə müsbət təsir göstərir. Belə ki, mövsümi işlərlə yanaşı, emal və logistika sahələrində də daimi iş yerləri yaranır. Bu isə kənd yerlərindən şəhərlərə miqrasiyanın qarşısının alınmasına xidmət edir.

Subsidiyalaşma maraq yaradır

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə 195 manat subsidiya ödəniləcək.

Pambığa görə məhsul subsidiyası bu il dekabr ayının 15-dək məhsulun təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edən fermerlərə verilir.

Cari il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.

Sabaha inamla...

Bütün müsbət göstəricilərə baxmayaraq, qarşıda müəyyən çağırışlar da mövcuddur. Su resurslarının məhdudluğu, iqlim dəyişiklikləri və dünya bazarında qiymət dalğalanmaları pambıqçılığın davamlı inkişafını risk altına sala bilər. Buna görə də daha qənaətcil suvarma texnologiyalarının tətbiqi, sığorta mexanizmlərinin genişləndirilməsi və fermerlərin bazar risklərindən qorunması vacibdir.

Beləliklə, pambıq tədarükü və orta məhsuldarlıq üzrə müstəqillik dövrünün ən yüksək göstəricilərinin əldə olunması təkcə aqrar uğur deyil, həm də regional inkişaf, sənayeləşmə və ixrac strategiyasının birləşməsidir. Regionlar üzrə balanslı inkişaf, tekstil sənayesinin genişləndirilməsi və dəyər zəncirinin ölkə daxilində tamamlanması pambıqçılığı Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas sütunlarından birinə çevirir.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

İqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində strateji önəm daşıyan pambıq istehsalı son illərdə dövlətin məqsədyönlü siyasəti, fermerlərin maraqlarının artırılması, innovativ texnologiyaların tətbiqi və müasir emal müəssisələrinin qurulması nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub.

Pambıq yalnız kənd təsərrüfatı məhsulu deyil, həm də sənaye üçün strateji xammaldır. Bu baxımdan, pambıqçılığın inkişafı həm kənd təsərrüfatının, həm də yüngül sənayenin tərəqqisinə təkan verir. Hazırda respublikada bu sahə sürətlə inkişaf etməkdədir. Dövlət dəstəyi və subsidiya mexanizmləri, texnikanın güzəştli şərtlərlə fermerlərə təqdim olunması, müasir suvarma sistemlərinin tətbiqi və aqrotexniki xidmətlərin gücləndirilməsi nəticəsində məhsuldarlıq da getdikcə artır. Belə ki, əgər əvvəllər hər hektardan 15–20 sentner məhsul götürülürdüsə, operativ məlumata əsasən, cari mövsümdə bu göstərici 35,40 sentner, tədarükü isə 355,7 min ton təşkil edir.

Pambıq istehsalının artması emal sənayesinin də genişlənməsini zəruri edib. Bu, bölgələrdə yeni pambıq emalı zavodlarının inşa olunması, mövcud olanların modernləşdirilməsinin həyata keçirilməsi ilə öz ifadəsini tapıb. Belə müəssisələrdə qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verilib. Bununla da mahlıcın keyfiyyətinin yüksəlməsinə, itkilərin minimuma endirilməsinə və ixrac üçün rəqabətqabiliyyətli məhsulun əldə edilməsinə nail olunub.

Hazırda pambıqçılıq üzrə klaster modelinin tətbiqi istiqamətində önəmli layihələr gerçəkləşdirilir. Belə bir yanaşma fermerlərdən tutmuş emal müəssisələrinə, hazır tekstil fabriklərindən ixrac şirkətlərinə qədər bütün zənciri vahid sistemdə birləşdirir. Bu isə səmərəliliyin artırılmasına, istehsalın şəffaf idarə olunmasına və iqtisadi dəyərin ölkə daxilində formalaşmasına zəruri şərait yaradır.

Lakin xammal ixracı ilə kifayətlənməklə yüksək gəlir əldə etmək mümkün olmur. Ona görə də hazırda qarşıya qoyulan əsas məqsəd pambığı hazır tekstil məhsuluna çevirərək ixracının gerçəkləşdirilməsidir.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat