2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 807 milyon 475,9 min ABŞ dolları dəyərində 762,3 min ton meyvə-tərəvəz ixrac edilib. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 179,5 milyon dollar və ya 28,6 faiz, həcmi isə 152,2 min ton və ya 25 faiz artıb. Xatırladaq ki, 2024-cü ilin 11 ayında ölkəmizdən 628 milyon dollar dəyərində 610 min ton meyvə-tərəvəz ixrac edilib.
Komitənin məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında ixrac edilən əsas meyvə-tərəvəz məhsulları 175,5 milyon dollar dəyərində pomidor (158,3 min ton), 150,5 milyon dollarlıq meşə fındığı (17,4 min ton), 107,7 milyon dollarlıq xurma (145,9 min ton), 65,9 milyon dollarlıq alma (93,9 min ton), 31,4 milyon dollarlıq nar ( 32,1 min ton) və 28,3 milyon dollarlıq kartof (71 min ton) olub.
Xatırladaq ki, hesabat dövründə meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3,45 faiz, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24,34 faiz təşkil edib.
XQ

