Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

post-img

Bu gizli proses əhalinin rifahına aşkar zərbə vurur

Azərbaycan hökuməti və Mərkəzi Bankın açıqlamalarına əsasən, 2026-cı ildə illik inflyasiyanın 3-4 faiz aralığında qərarlaşacağı proqnozlaşdırılır. Bu hədəf makroiqtisadi sabitliyin qorunması baxımından müsbət siqnal kimi dəyərləndirilsə də, inflyasiyanın strukturuna nəzər saldıqda daha mürəkkəb mənzərə ortaya çıxır. Xüsusən də hazırda 6,8 faiz səviyyəsində ölçülən ərzaq inflyasiyası və ekspertlərin gələn il üçün 5-6 faiz aralığında gözləntiləri ümumi inflyasiya hədəflərindən kənara çıxan risklərin mövcudluğunu göstərir.

Keyfiyyət dəyişikliyi olmadan mal və xidmətlərin ümumi qiymət səviyyəsinin davamlı artması nəticəsində pulun alıcılıq qabiliyyətinin sürətlə aşağı düşməsi əhalinin gündəlik rifahına daha çox birbaşa təsir göstərir. Aşağı və orta gəlirli təbəqələrin xərclərində ərzağın payı daha yüksək olduğu üçün bu sahədəki bahalaşma sosial təsirləri də gücləndirir. Bu baxımdan, 2026-cı ildə ümumi inflyasiya 3-4 faiz səviyyəsində olsa belə, ərzaq qiymətlərinin daha yüksək artım tempi göstərməsi real alıcılıq qabiliyyətinin zəifləməsi riskini özündə saxlayır.

Bahalaşmanın qarşısını necə almaq olar?

Ekspert qiymətləndirmələrinə görə, ərzaq inflyasiyasının nisbətən yüksək qalmasının başlıca səbəbi qiymətlərin sabitləşməsi üçün zəruri olan təməl əsasların tam formalaşmamasıdır. Bu əsaslar 2 əsas istiqamətdə cəmlənir:

– yerli istehsalın məhdud artımı. Azərbaycanın aqrar potensialına baxmayaraq, bir sıra əsas ərzaq məhsulları üzrə daxili istehsal tələbatı tam qarşılamır. Nəticədə idxaldan asılılıq qalır və bu, beynəlxalq bazarlardakı qiymət dalğalanmalarını birbaşa daxili bazara ötürür. Logistika xərcləri, valyuta məzənnəsi riskləri və regional ticarət məhdudiyyətləri ərzaq qiymətlərində əlavə təzyiq yaradır.

– vergi və gömrük yükü. Ərzaq məhsullarının qiymətində vergi və rüsumların payı az deyil. Xüsusən də əlavə dəyər vergisinin (ƏDV) 18 faiz səviyyəsində qalması istehsalçıdan istehlakçıya qədər bütün zəncirdə qiymətləri yuxarı çəkir. Mütəxəssislər belə hesab edirlər ki, ƏDV-nin 10 faizə endirilməsi kimi addımlar qısa müddətdə qiymət artımlarını yumşalda, orta müddətdə isə bazarda rəqabəti gücləndirə bilər.

Son illər ciddi nəzərə çarpan qlobal inflyasiya dalğası da bütün ölkələr, eləcə də respublikamız üçün ciddi çağırışlar yaradıb. Azərbaycanın bəzi qida məhsullarında idxaldan asılılığı bu təsirləri daha aydın hiss etdirib. Lakin ölkəmizin ərzaq təhlükəsizliyi sahəsində atdığı strateji addımlar – aqroparkların yaradılması, suvarma sistemlərinin yenilənməsi, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, ehtiyatların artırılması və təchizat zəncirinin diversifikasiyası uzunmüddətli ərzaq dayanıqlığını gücləndirib.

Hazırda isə milli istehsalın artırılması, idxalın əvəzlənməsi və aqrar sahədə innovasiyaların tətbiqi istiqamətində ardıcıl siyasət yürüdülür. Nəticə etibarilə ölkəmizdə həm daxili bazarın sabitliyi reallaşdırılır, həm də respublikamızın gələcəkdə regional ərzaq mərkəzinə çevrilmək üçün möhkəm təməl yaradılır. Bu baxımdan gələn il inflyasiya hədəflərinə nail olmaq və xüsusən də ərzaq qiymətlərində sabitliyi gerçəkləşdirmək məqsədilə yerli kənd təsərrüfatı istehsalının daha geniş miqyasda stimullaşdırılması, subsidiya və texniki dəstək mexanizmlərinin gücləndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulur.

Xatırladaq ki, son 5 ildə sadalanan istiqamətlərdə həyata keçirilən layihələr nəticəsində təkcə heyvandarlıq məhsulları üzrə istehsal dinamikasında müsbət meyillər müşahidə edilib. Belə ki, bu dövrdə ümumi ət istehsalı 11,6 faiz, o cümlədən mal əti istehsalı 6,8 faiz çoxalıb, quş əti istehsalı 24,1 faiz, yumurta istehsalı isə 14,8 faiz yüksəlib. Cari ilin ötən 9 ayında da bu artım tendensiyası davam etdirilib, ət istehsalında 1,2 faiz, süd istehsalında 0,3 faiz artıma nail olunub.

İdxal asılılığının əsas səbəbləri sırasında əhali artımı fonunda istehlakın genişlənməsi, məhsuldarlıq səviyyəsinin aşağı olması və kiçik təsərrüfatların emal və bazar infrastrukturlarına çıxış imkanlarının məhdudluğu qeyd edilməlidir. Buna görə də dövlət heyvandarlıq sektorunun inkişafının stimullaşdırılması məqsədilə sistemli dəstək mexanizmlərinin tətbiqinə önəm verir. 2021-2025-ci illərdə 25 min 615 baş iribuynuzlu və 8 mindən artıq xırdabuynuzlu damazlıq heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilməsi və 10 mindən artıq təsərrüfat subyektinə 128 milyon manatdan çox aşağıfaizli güzəştli kreditlər verilməsi də məhz bunun bariz ifadəsidir.

Ekspertlər bildirirlər ki, qiymət formalaşmasında şəffaflığın artırılması və rəqabət mühitinin gücləndirilməsi əsas şərtlərdən biridir. Bu isə güclü antiinhisar siyasəti, dövlət qurumlarının səmərəli nəzarəti, istehlakçıların maarifləndirilməsi, eləcə də rəqabətə mane olan kartelləşmənin (rəqabəti aradan qaldırmaqla daha yüksək mənfəət əldə etmək) qarşısının alınması ilə gerçəkləşir. Nəticədə bazarda ədalətli qiymətlər, istehlakçı rifahının artması, yeniliyin və səmərəliliyin təşviqi kimi müsbət nəticələr daha çox diqqət çəkir.

Ölkəmizdə 2026-cı ildə inflyasiya hədəflərinə nail olmaq və xüsusən də ərzaq qiymətlərində sabitliyi təmin etmək üçün zərurət duyulan addımlar sırasında aqrar sahənin logistika və saxlanma infrastrukturunun inkişafı xüsusi yer tutur. Bu, itkiləri azaltmaq üçün son dərəcə vacibdir, çünki sözügedən amil məhsulun fermadan bazara daha səmərəli çatdırılmasını gerçəkləşdirir, soyuducu anbarlar, müasir daşıma vasitələri və yaxşı yollar məhsulların xarab olmasının qarşısını alır, keyfiyyəti qoruyur, eləcə də kənd təsərrüfatı sektorunda itkiləri əhəmiyyətli dərəcədə azaldır.

Ekspertlər qeyd edirlər ki, son illər bu sahədə müəyyən layihələr reallaşdırılıb. Belə ki, təbii resursların məhdudluğu səbəbindən yerli fermerlər zəruri həcmdə və ya keyfiyyətdə, o cümlədən sərfəli qiymət şərtlərinə uyğun səviyyədə istehsal olunmayan ərzaq məhsullarının daha əlverişli şərtlərlə idxal edilərək ehtiyatlarının yaradılması və emalı məqsədilə ölkədə müvafiq saxlama infrastrukturu, eləcə də istehsal bazası yaradılıb.

Məsələn, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun təkmilləşdirilməsi üçün son illər dövlət dəstəyi hesabına regionlarda 400 min ton tutumu olan soyuducu anbarlar, 1,9 milyon ton tutumu olan müasir taxıl elevatorları və digər logistika obyektləri qurulub. Bu istiqamətdə görülən işlərin sayəsində torpaq resurslarının məhdudluğu və təbii-iqlim şərtlərinin əlverişsizliyi səbəbindən yerli fermerlər tərəfindən zəruri həcmdə istehsal oluna bilməyən buğda, şəkər, bitki yağları və yem xammalı kimi məhsullar daha əlverişli şərtlərlə idxal olunaraq ehtiyatlar yaradılıb. Hazırda bu ehtiyatların formalaşdırılması prosesi dövlət-özəl tərəfdaşlığı mexanizminə əsaslanmaqla, ərzaq sektorunda fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən müvafiq dəstəyin verilməsi hesabına həyata keçirilir.

Respublikada meliorasiya və suvarma layihələrinin həyata keçirilməsinin diqqətdə saxlanılması da kənd təsərrüfatının inkişafını sürətləndirib. Ölkədə yeni su ehtiyatlarının idarə olunması strategiyası qəbul edilib, çox sayda su kanalı yenilənib və alternativ suvarma üsullarının (damcı suvarma və s.) təşviqinə önəm verilib. Su resurslarının səmərəli istifadəsi də məhsuldarlığın artmasına səbəb olub.

Yerli toxumçuluğun inkişafı da yeni mərhələyə yüksəlib. Bu mərhələdə strateji əhəmiyyətli toxum sortlarının yerli istehsalı çoxalıb. Bununla da həm xarici asılılıq azalıb, həm də məhsulun adaptasiya qabiliyyəti güclənib. Sənaye heyvandarlıq və quşçuluq təsərrüfatları genişləndirilib. Protein tələbatını yerli istehsal hesabına gerçəkləşdirmək üçün yeni iri komplekslərin yaradılmasına başlanıb. Bu sahənin dirçəldilməsi ilə idxaldan asılılıq minimuma endirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar bu gün kənd təsərrüfatının inkişafını daha da sürətləndirir və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək layihələri gerçəkləşdirilir. Bunun nəticəsində fermerlərin həyat səviyyəsi getdikcə yüksəlir, aqrar sahənin dayanıqlı inkişafı təmin edilir.

Vergi və cərimə məbləğləri də qiymətlərə təsirsiz ötüşmür

Son dövrlərdə respublikada vergi və cərimə məbləğlərinin artırılması, eləcə də əvvəlki illərdə tətbiq olunan bəzi güzəştlərin mərhələli şəkildə ləğv ediləcəyi gözləntiləri qiymət dinamikasına əlavə təzyiq yaradır. Fiskal (dövlət xəzinəsinə toplanan pullar, onların idarə olunması və vergi sistemləri) intizamın gücləndirilməsi büdcə dayanıqlığı baxımından zəruri olsa da, bu addımların inflyasiyaya təsiri diqqətlə qiymətləndirilməlidir. Çünki artan xərclər bir qayda olaraq, son qiymətlərə transfer olunur.

Gələn il üçün artıq indidən proqnozlaşdırılan istiqamətlərdən biri avtomobil qiymətlərinin kəskin bahalaşmasıdır. Vergi-gömrük güzəştlərinin məhdudlaşdırılması, ekoloji standartların sərtləşdirilməsi və idxal xərclərinin artması avtomobil bazarında qiymətlərin yüksəlməsini qaçılmaz edir. Bu isə təkcə nəqliyyat sektoruna deyil, logistik xərclər vasitəsilə ərzaq və digər istehlak mallarının qiymətlərinə də dolayı təsir göstərə bilər.

Mərkəzi Bankın inflyasiya hədəflənməsi çərçivəsində atdığı addımlar ümumi qiymət səviyyəsinin nəzarətdə saxlanılmasında mühüm rol oynayır. Lakin ərzaq inflyasiyası daha çox struktur və təklifyönlü amillərlə bağlı olduğu üçün təkcə faiz dərəcələri vasitəsilə bu sahədə sürətli nəticə əldə etmək çətindir. Bu baxımdan, pul-kredit siyasəti fiskal və aqrar siyasətlə daha sıx koordinasiya olunmalıdır.

Azərbaycanın inflyasiya və xüsusilə ərzaq qiymətləri ilə bağlı üzləşdiyi çağırışlar region ölkələri üçün də xarakterikdir. Lakin seçilən siyasət vasitələri və prioritetlər nəticələrdə ciddi fərqlər yaradır. Məsələn, Türkiyə nümunəsinə diqqət yetirək. Son illərdə qardaş ölkədə yüksək inflyasiya və ərzaq qiymətlərində kəskin artımlar, əsasən, pul-kredit siyasətinin gec reaksiya verməsi, eləcə də fiskal genişlənmə ilə əlaqələndirilir. Buna cavab olaraq hökumət bir sıra əsas ərzaq məhsulları üzrə ƏDV-ni minimum səviyyəyə endirib, bələdiyyə satış məntəqələri vasitəsilə ucuzlaşdırma mexanizmləri tətbiq edib. Bu addımlar qısamüddətli sosial təzyiqləri azaltsa da, istehsal və struktur problemlər həll olunmadığından qiymət sabitliyi davamlı xarakter almayıb.

Rusiya təcrübəsində isə sözügedən vəziyyət fərqlidir. Belə ki, bu ölkə ərzaq inflyasiyasına qarşı daha çox inzibati və ixrac məhdudiyyətlərinə əsaslanan yanaşma seçib. Ayrı-ayrı məhsullar üzrə ixrac rüsumlarının artırılması və qiymət tavanlarının tətbiqi daxili bazarda müvəqqəti rahatlıq yaratsa da, uzunmüddətli perspektivdə istehsalçıların marağını zəiflədib. Bu nümunə göstərir ki, inzibati müdaxilələr bazar mexanizmlərini əvəz etmir. Gürcüstan isə nisbətən liberal iqtisadi yanaşmanı qoruyaraq, ərzaq bazarında vergi yükünü aşağı səviyyədə saxlayır və idxal prosedurlarını sadələşdirir. Nəticədə, ölkə beynəlxalq qiymət dalğalanmalarına daha tez reaksiya versə də, daxili bazarda süni qiymət artımlarının qarşısı müəyyən qədər alınır. Bu model Azərbaycanda vergi-gömrük siyasətinin qiymətlərə təsirini yenidən nəzərdən keçirməyin vacibliyini önə çıxarır.

Qazaxıstan və Mərkəzi Asiya ölkələrində isə ərzaq inflyasiyası, əsasən, logistika xərcləri və idxal asılılığı ilə bağlıdır. Qazaxıstan dövlət ehtiyat fondu və intervensiya mexanizmləri vasitəsilə bazara müdaxilə edir, lakin paralel olaraq yerli istehsalın artırılmasını strateji hədəf kimi müəyyənləşdirir. Bu yanaşma orta müddətdə qiymət sabitliyinin daha dayanıqlı olmasına xidmət edir.

Region təcrübəsi göstərir ki, ərzaq inflyasiyasına qarşı ən səmərəli strategiya inzibati məhdudiyyətlər və ya təkcə monetar tədbirlər deyil, eyni zamanda, istehsalın genişləndirilməsi, vergi yükünün optimallaşdırılması və rəqabət mühitinin qorunmasıdır. Belə bir halda, ölkəmizdə 2026-cı ildə inflyasiya hədəflərinə nail olmaq və xüsusən də ərzaq qiymətlərində sabitliyi təmin etmək üçün bir sıra addımlar zəruri sayılır:

– yerli kənd təsərrüfatı istehsalının stimullaşdırılması, subsidiya və texniki dəstək mexanizmlərinin daha səmərəli tətbiqi;

– ərzaq məhsulları üzrə vergi və gömrük yükünün azaldılması, xüsusən ƏDV dərəcəsinə yenidən baxılması;

– logistika və saxlanma infrastrukturunun inkişaf etdirilməsi ilə itkilərin azaldılması;

– qiymət formalaşmasında şəffaflığın artırılması və rəqabət mühitinin gücləndirilməsi.

Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə qlobal ərzaq bazarlarındakı dəyişikliklərə daha həssas reaksiya nəzərə çarpır. Bu həssaslığın bir neçə səbəbi var. Əvvəla, bu gün Azərbaycanın bəzi strateji ərzaq məhsullarında idxaldan asılılığı 30-60 faiz arasında dəyişir. Xüsusilə taxıl, şəkər, bitki yağları və bəzi növ tərəvəzlər üzrə xarici tədarük həlledici rol oynayır. Beynəlxalq qiymətlər yüksəldikcə, idxal xərcləri də artır və bu, tədricən daxili pərakəndə bazara ötürülür.

Bu məsələdə daşınma və logistik xərclərin artması da, necə deyərlər, öz sözünü deyir. Belə ki, ölkəmizin coğrafi yerləşməsi əlverişli olsa da, idxal məhsullarının böyük hissəsi uzaq regionlardan gətirilir. Nəqliyyat xərclərinin artması da məhsulun son qiymətinə ciddi təsir göstərir.

Beləliklə, Hökumət və Mərkəzi Bankın 2026-cı il üçün 3-4 faiz inflyasiya hədəfi makroiqtisadi baxımdan real görünür. Lakin ərzaq inflyasiyasının daha yüksək səviyyədə davam etməsi ehtimalı sosial rifah və alıcılıq qabiliyyəti üçün əsas risk olaraq qalır. Bu risklərin azaldılması yalnız monetar tədbirlərlə (pul siyasəti layihələri) deyil, kompleks struktur islahatları, istehsalın genişləndirilməsi və vergi siyasətində balanslı yanaşma ilə mümkün ola bilər. Əks halda, statistik olaraq aşağı inflyasiya şəraitində belə, vətəndaşların gündəlik xərclərində bahalaşma davam edəcək.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

İnflyasiyanı şərtləndirən əsas səbəblərdən biri beynəlxalq iqtisadi və maliyyə müstəvisində baş verən proseslərdir. Azərbaycan ərazisinin ölçülərinə, əhalisinin sayına və iqtisadiyyatının həcminə görə kiçik dövlətlər sırasında yer alsa da, ölkəmiz dünyanın iqtisadi və maliyyə müstəvisinin bir parçasıdır. Bu müstəvidə baş verən proseslərin bizdən yan ötməsi mümkün deyil.

Növbəti ildə də biz beynəlxalq iqtisadi və maliyyə müstəvisində baş verən proseslərin təsirlərini hiss edəcəyik. Bu gün dünyada diqqətçəkən siyasi hadisələr, Rusiyanın Ukraynaya qarşı yönələn müharibəsi, Yaxın Şərqdə İsrail, Fələstin və İran hərbi toqquşması, Suriya ətrafındakı hadisələr dünya iqtisadiyyatına, beynəlxalq maliyyə müstəvisindəki duruma və dünya ticarətinə ciddi təsir göstərir. Təbi ki, bu hadisələrin təsirləri bizim ölkəmizdən də yan keçmir. Dünya iqtisadiyyatında və beynəlxalq maliyyə müstəvisində baş verən mənfi tendensiyaların təsirlərinin minimallaşdırılması hər bir hökumətin ümdə vəzifəsi olmalı, bu təsirləri azaltmaq üçün qabaqlayıcı tədbirlər görülməlidir.

Azərbaycan neft ölkəsidir. Son 12 il ərzində hökumət iqtisadiyyatın şaxələndirilməsi istiqamətində bir çox layihələr həyata keçirib və yüksək nəticələr əlddə edilib. Lakin reallıqlar onu göstərir ki, ümumi iqtisadiyyatda real sektorun payının artması hələ heç də iqtisadiyyatın tam şaxələndirilməsi anlamına gəlmir. Baxın, cari ilin 11 ayının yekunlarına görə, iqtisadiyyatımızın 70 faizdən çoxu real sektorun payına düşür. Lakin bu zaman ümumi ixracımızın 14 faizindən bir qədər çox hissəsi real sektorun payına düşür. Odur ki, biz bu problemin həllini diqqət mərkəzində saxlamalıyıq.

Əgər beynəlxalq iqtisadi və maliyyə müstəvisində baş verən neqativ proseslərdən maksimum sığortalanmaq istəyiriksə, ilk növbədə, yerli istehsal həcminin artırılması istiqamətində radikal addımlar atmalıyıq. Bu gün ölkəmiz yerli bazarın tələb etdiyi ərzaq məhsullarının az qala ¾ hissəsini idxal edir. Təbi ki, belə olan halda dünya ərzaq bazarında baş verən neqativ tendesiyaların Azərbaycandakı ərzaq bazarına təsirlərindən qaçmaq çətin olur.

İnflyasiya səviyyəsinin tənzimlənməsinin başlıca şərtlərindən digəri isə Rəqabət Məcəlləsinin bütün tələblərinin yerinə yetirilməsi, inhisarçılığın və ilk növbədə, ərzaq idxalı sahəsindəki monopoliyanın aradan qaldırılması ola bilər.

Vaqif BAYRAMOV
XQ





İqtisadiyyat