Azərbaycan uzun illər Avropanı qazla təmin edəcək

post-img

Azərbaycan Avropa İttifaqı ilə uzun illərdir ki, enerji sahəsində fəal tərəfdaşlıq edir. Son illər bu sahədə əlaqələrin genişləndirilməsi istiqamətində vacib addımlar atılıb. Ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına və enerji resurslarının Avropa bazarına çıxarılması üçün şaxələndirilmiş boru kəmərləri sisteminə malik olması isə enerji əməkdaşlığının bir qədər də genişləndirilməsinə səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkəmizin “köhnə qitə”nin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verdiyini diqqətə çatdıraraq deyib: “Biz təchizatı artırmaq variantını nəzərdən keçiririk. Şaxələndirilmiş boru kəməri sistemi və etibarlı təchizatçı kimi yaxşı nüfuza, yaxşı siyasi əlaqələrə malik olan Azərbaycanın qazı bir çox ölkələr üçün enerji təhlükəsizliyində mühüm rol oynayır. Çünki müştərilərimizin əksəriyyəti Avropa İttifaqının üzvləridir. Bütün bunlar çox müsbət amillərdir”.

Həcm və coğrafiya baxımından qaz ixracının getdikcə artmasını vurğulayan dövlət başçısının sözlərinə görə, Azərbaycan indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz edib. Yeri gəlmişkən, 2022-ci ilədək Azərbaycan yalnız Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliyaya qaz ixrac edirdisə, sonrakı mərhələdə bu coğrafiya xeyli genişlənərək Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna və Suriyanı əhatə edib.

2026-cı ildə isə bu siyahıya daha iki Avropa ölkəsinin əlavə olunacağı gözlənilir. Bu da boru kəməri qazı ilə bağlı indiyədək qeydə alınan ən böyük rəqəmdir. Müsahibəsində bu vacib məqama toxunan Prezident İlham Əliyev bildirib ki, dünyada heç bir dövlət Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə “mavi yanacaq”la təchiz etmir. Ümumilikdə isə, yola saldığımız 2025-ci ildə Azərbaycan 25 milyard kubmetrdən çox təbii qaz ixrac edib.

Bununla belə, Avropa İttifaqı ölkələrinin əksəriyyəti təbii qaza olan tələbatın ödənilməsi üçün Azərbaycana böyük ümid bəsləyirlər. Bunun üçün isə ölkəmizin kifayət qədər qaz ehtiyatları var. Belə ki, əvvəlki illərin proqnozlarına əsasən, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilirdisə, son zamanlar kəşf edilmiş yataqlar bu potensialın daha yüksək olmasını söyləməyə əsas yaradır. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan” və “Qarabağ” yataqlarının da potensialı olduqca yüksək qiymətləndirilir. Bununla yanaşı, “Abşeron” qaz yatağının ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarının verilməsindən sonra illik hasilatın həcmi 5 milyard kubmetrə çatdırılacaq.

Dövlətimizin başçısı məlum müsahibəsində ölkəmizin artmaqda olan qaz potensialından danışarkən diqqəti mövcud və yeni yataqlardan gözlənilən hasilata yönəldərək deyib: “Biz “Azəri-Çıraq-Günəşli” dərin qaz yatağından yeni hasilat gözləyirik. Bildiyiniz kimi, bu yataqdan çoxlu neft hasil edilir, həmçinin dərində böyük qaz yataqları var. Məhz buna görə onu “dərin qaz yatağı” adlandırırlar. Hasilatın bu il başlanmasını gözləyirik. Biz, həmçinin qarşıdakı illərdə “Şahdəniz”də əlavə həcmdə qaz təmin edəcək yeni mərhələnin başlanmasını gözləyirik, bu, “Şahdəniz Kompressiya” adlanır. Həmçinin “Babək” yatağı var, çox böyük və ümidvericidir, bir sıra şirkətlər investor olmaq istəyir”.

Azərbaycanın bərpaolunan enerji mənbələrinin hərəkətə gətirilməsi də ölkənin bir sıra mühüm obyektlərində qaz sərfiyyatının azalmasına gətirib çıxaracaq ki, bu da son nəticədə ixrac potensialının bir qədər artmasına səbəb olacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müsahibəsində bildirib ki, bərpaolunan enerjimiz nə qədər çox olsa, biz ixrac üçün o qədər çox qaza qənaət edə bilərik.

Azərbaycan təbii qazını dünya bazarına çıxarmaq üçün də mükəmməl ixrac infrastrukturuna malikdir. Məlum olduğu kimi, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil edilən “mavi yanacağ”ın dünya bazarına ixrac etmək məqsədilə 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi istifadəyə verilib. Bu dəhlizin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycan qazını Avropa bazarlarına çatdırır. Ümumilikdə isə, 2007-ci ilin əvvəllərindən 2025-ci il dekabrın 1-dək ölkəmizdən, təqribən, 190 milyard kubmetr “Şahdəniz” qazı ixrac olunub ki, bunun da 51 milyard kubmetri Avropa bazarlarına çatdırılıb.

Hazırda isə qarşıda duran əsas məsələ yeni qaz bazarlarına çıxmaqdan ibarətdir. Bu məqsədlə Cənub Qaz Dəhlizini, eləcə də mövcud interkonnektorları genişləndirmək və ya yenilərini tikmək üçün Avropada əlavə sərmayələrin qoyulması vacibdir. Yeri gəlmişkən, 2026-cı il yanvarın 1-dən etibarən TAP boru kəmərinin illik nəqletmə gücü daha 1,2 milyard kubmetr artırılıb. Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəmərinin genişləndirilməsi layihəsinin bir hissəsi olaraq ilkin mərhələdə Türkiyə ilə Yunanıstan sərhədi yaxınlığındakı Aleksandrupoli ərazisində yerləşən Kipoi Kompressor Stansiyasında işlər uğurla başa çatdırılıb.

Sonda bir məqamı da qeyd edək ki, Avropa ölkələrinin “yaşıl keçid” kimi xarakterizə etdikləri mədən yanacağından imtina edilməsini nəzərdə tutan proqrama baxmayaraq, uzunmüddətli perspektivdə qazdan və neftdən tam imtina edilməsi gözlənilmir. Ölkənin aparıcı televiziya kanallarına verdiyi müsahibədə bu vacib məqama toxunan Prezident İlham Əliyev Azərbaycanın bu gün və gələcək illərdə Avropa istehlakçıları üçün mühüm tərəfdaş olduğunu vurğulayaraq bildirib ki, ölkəmizin enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolu yalnız artacaq, azalmayacaq. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın karbohidrogen ehtiyatları hələ uzun illər Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oyanayacaq.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Cənab Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində vurğuladığı kimi, Azərbaycan bu gün dünyada boru kəməri vasitəsilə qaz tədarükü həyata keçirən ölkələrin sayı baxımından birinci yerdədir. Bu mühüm mərhələ faktiki olaraq 2025-ci ildə reallaşıb. Məlum olduğu kimi, avqustun 2-də Azərbaycan qazı Türkiyə üzərindən çəkilmiş yeni boru kəməri vasitəsilə Suriyaya çatdırılıb. Bu, Suriyanın enerji təminatına töhfə verməklə yanaşı, Azərbaycanın dünya miqyasında digər ölkələri boru kəməri qazı ilə təmin edən aparıcı dövlət kimi mövqeyini daha da möhkəmləndirib.

Xatırladaq ki, bu liderlik uzun müddət – təxminən 50 ildən artıq bir dövrdə əvvəlcə Əlcəzairə, daha sonra isə Rusiya Federasiyasına məxsus olub. Hazırda isə Azərbaycan ixrac etdiyi qazın artıq iki ildir ki, ardıcıl olaraq, təqribən, 50 faizini Avropa ölkələrinə yönəldir. Eyni zamanda, bu ölkələrin coğrafiyası ildən-ilə genişlənir. Məhz bu səbəbdən dövlətimizin başçısı müsahibəsində xüsusilə vurğulayıb ki, daha 2 Avropa ölkəsi Azərbaycan qazını almağa hazırlaşır. Azərbaycan isə bu tələbatı təmin etməyə hazırdır. Çünki ölkəmizin kifayət qədər enerji resursları mövcuddur.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat