Beynəlxalq maliyyə qurumlarının Orta Dəhlizə dəstəyi

post-img

Dünya ticarətində formalaşan yeni reallıqlar nəqliyyat marşrutlarının əhəmiyyətini daha da artırır. Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz bu prosesdə əsas marşrutlardan biri kimi ön plana çıxır. Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq qurumlarının təşəbbüsü ilə formalaşdırılıb.

Sonrakı mərhələdə layihə genişlənərək yeni iştirakçıları cəlb edib və marşruta Ukrayna, Rumıniya, Polşa kimi Avropa ölkələri qoşulub. Çin–Qazaxıstan sərhədindən başlayan bu dəhliz Mərkəzi Asiya ərazisi və Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstandan keçir, daha sonra Türkiyə üzərindən Avropaya çıxır. Bu marşrut Şərqlə Qərb arasında yüklərin daşınması üçün ən qısa və əlverişli əsas nəqliyyat arteriyalarından biridir.

Qeyd edək ki, Orta Dəhlizin inkişafında Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. Son illərdə reallaşdırılan nəqliyyat və logistika layihələri ölkəni regionun aparıcı tranzit mərkəzlərindən birinə çevirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və yenilənən dəmir yolu infrastrukturu Orta Dəhlizin səmərəli işləməsi üçün möhkəm baza formalaşdırıb.

Yeri gəlmişkən, Orta Dəhliz çərçivəsində əməkdaşlıq 2026-cı ildə “Avrasiya Nəqliyyat Marşrutu” assosiasiyası vasitəsilə praktik nəticələr mərhələsinə keçə bilər. “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri Emil Məmmədovun açıqlamalarına görə, 2026-cı il bu marşrut üçün yeni dinamikanın başlanğıcı kimi qiymətləndirilir. Onun fikrincə, region artıq “vəhşi kapitalizm” mərhələsini geridə qoyub və qloballaşmanın tələb etdiyi koordinasiyalı fəaliyyət mərhələsinə daxil olub. Bu mərhələdə əsas diqqət nəqliyyat dəhlizlərinin inkişafına, ticarət həcmlərinin artırılmasına və marşrut boyunca biznes imkanlarının genişləndirilməsinə yönələcək.

Bundan əlavə, Çin artıq bir neçə ildir bu istiqamətdə daha fəal mövqe nümayiş etdirir, hazırda isə Avropa nəqliyyat tərəfdaşları tərəfindən də oxşar açıq yanaşma müşahidə olunur. Onlar proseslərdə sadəcə kənardan müşahidəçi olmaqdan çıxıb, dəhlizin inkişafında aktiv iştirak etmək istəyirlər.

Bu kontekstdə “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması xüsusi əhəmiyyət daşıyır. 2024-cü ilin sentyabrında Bakıda Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın milli dəmir yolu qurumlarının iştirakı ilə təsis edilən assosiasiyaya sədrlik Azərbaycana həvalə olunub. Assosiasiyanın əsas hədəfləri tranzit yüklərin cəlb edilməsi, inteqrasiya olunmuş logistika həllərinin tətbiqi, vahid texnoloji yanaşmanın formalaşdırılması və tarif siyasətinin optimallaşdırılmasıdır.

Ötən gün assosiasiyasının ilk işçi iclası keçirilib. İlk işçi iclasın keçirilməsi isə Orta Dəhlizin, xüsusilə cənub qolunun gücləndirilməsi istiqamətində praktik addım kimi dəyərləndirilir.

Qeyd edək ki, Orta Dəhlizin inkişafı yalnız regional təşəbbüslərdən ibarət deyil. Sözügedən marşruta beynəlxalq maliyyə institutlarının dəstəyi də getdikcə artır. Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və “Standard Chartered” bankının birgə maliyyələşdirməsi ilə Qazaxıstanın milli dəmir yolu operatoru “Kazakhstan Temir Zholy” SC-yə 300 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Bu investisiya Almatı ətrafında 130 kilometrlik elektrikləşdirilmiş dəmir yolu dolama xəttinin inşasına yönəldilib.

Yeri gəlmişkən, layihənin həyata keçirilməsi nəticəsində Almatı ətrafında nəqliyyat sıxlığının 40 faizdən çox azalacağı, yüklərin çatdırılma müddətinin isə 24 saata qədər qısalacağı gözlənilir. Bu isə Orta Dəhliz boyunca dəmir yolu daşımalarının ötürücülük qabiliyyətini və etibarlılığını əhəmiyyətli dərəcədə artıracaq. Qazaxıstan tərəfinin açıqlamalarına görə, yeni dolama xətt regional logistikanın dayanıqlılığını gücləndirəcək və Orta Dəhlizin Asiya ilə Avropa arasında etibarlı körpü kimi mövqeyini möhkəmləndirəcək.

Bundan əlavə, statistik göstəricilər Orta Dəhlizə marağın sürətlə artdığını aydın şəkildə ortaya qoyur. 2024-cü ildə Trans-Xəzər marşrutu üzrə yük daşımalarının həcmi 62 faiz artaraq 4,5 milyon tona yüksəlib. Proqnozlara əsasən, 2027-ci ilə qədər Orta Dəhlizin illik ötürücülük imkanlarının 10 milyon tona çatacağı, 2030-cu il üçün isə bu göstəricinin 11,4 milyon ton səviyyəsində olacağı gözlənilir.

Həmçinin Qazaxıstanın “Kazmortransflot” şirkəti (“KazMunayGaz”ın törəmə qurumu) 2025-ci ildə Xəzər dənizi üzrə konteyner daşımalarını 15 faizdən çox artırıb. Belə ki, Aktau–Bakı–Aktau fider xətti ilə ötən il 59,4 min TEU həcmində konteyner daşınıb. Bu, 2024-cü ilin göstəricisi olan 51,4 min TEU ilə müqayisədə 15 faizdən artıq artım deməkdir. Müsbət dinamika Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalara tələbatın artması ilə izah olunur.

Sonda qeyd edək ki, bu artım Azərbaycanın tranzit potensialına da birbaşa təsir göstərir. Yüklərin əhəmiyyətli hissəsinin ölkə ərazisindən keçməsi yeni investisiyaların cəlb olunmasına, logistika infrastrukturunun daha da genişlənməsinə və regionda Azərbaycanın mövqeyinin güclənməsinə şərait yaradır.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat