Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi aqrar sektorun ölkənin sosial-iqtisadi inkişaf gündəliyində strateji mövqeyini bir daha göstərdi. Müşavirədə verilən əsas mesajlardan biri aqrar sektorun inkişafında “kəmiyyət artımı” mərhələsindən “keyfiyyət və məhsuldarlıq artımı” mərhələsinə keçidin zəruriliyi idi. İsmayıllı rayonunda da keyfiyyətli, ərzaq bolluğu naminə yorulmaz səylər göstərilir.
Rayon Dövlət Aqrar İslahat Mərkəzindən (DAİM) aldığımız məlumata görə, cari ilin məhsulu üçün 2025-ci ilin payızında əkilmiş 18 min 726 hektarda buğda, 11 min 35 hektarda dən üçün arpa olmaqla, 29 min 761 hektar sahədə alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı mübarizə və yemləmə gübrəsinin tətbiqi geniş vüsət alıb. Əksər sahələrə yemləmə gübrəsi verilib, alaq otlarına, pas xəstəliyi, məftil qurdu və taxıl böcəyinə, gəmiricilərə qarşı mübarizə aparılıb.
Taxılçılığa dövlət dəstəyinin düzgün idarə olunması və nəzarətin gücləndirilməsi məqsədilə əvvəlki illərdən fərqli olaraq bu il payızlıq taxıl bitkilərinin ümumilikdə 5300-ə yaxın əkin yerinin monitorinqi planlaşdırılmışdı ki, 2200-ə yaxın ərazidə monitorinq başa çatdırılıb, qalan ərazilərdə isə bu iş sürətlə davam etdirilir. Monitorinqin maksimum qısa müddətdə başa çatdırılmasından ötrü DAİM-in bütün əməkdaşları bu işə səfərbər ediliblər.
Hesabat döründə kənd təsərrüfatı texnikalarının istismarına nəzarətlə bağlı müvafiq tədbirlər görülüb. 160 ədəd texnikaya texniki baxış keçirilib, 4 ədəd inzibati protokol tərtib olunub. Yaz-tarla işlərinə hazırlıq məqsədilə 450 traktor və 54 taxılbiçən kombayn tam saz vəziyyətə gətirilib.
Yazlıq bitkilərin səpininə başlanıb və müvəffəqiyyətlə davam etdirilir. Bu günə kimi xeyli sahədə yazlıq dənli və paxlalı bitkilər, kartof, vələmir, tərəvəz əkini aparılıb. Yazlıq əkinlərlə bağlı fermerlərin müvafiq sənədləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilib, hazırda daxil olunmuş sənədlərə dair məlumatlar yoxlanılaraq subsidiya ödənilməsi üçün təsdiq olunur. Subsidiya ödənişi ilə bağlı 200 fermerin 360 hektar yazlıq əkinləri EKTİS-ə işlənib.
İsmayıllıda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində hesabat dövründə 1643 baş iribuynuzlu heyvanda süni mayalanma aparılıb və 919 baş sağlam cins buzov alınıb. Alınmış cins buzova görə fermerə subsidiya ödənilməsi üçün də müvafiq sənədlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilib. Rayonun epizootik vəziyyətinin sağlam qalması üçün dövr ərzində proflaktiki tədbirlər davam etdirilib, dezinfeksiya işləri aparılıb.
Mövcud olan 961,1 hektarlıq üzüm, 3959,2 hektarlıq meyvə-giləmeyvə və üzüm bağlarında qış çiləməsi həyata keçirilib, quru budama və bağlama, eləcə də digər aqrotexniki tədbirlər vaxtında və düzgün aparılıb. Hazırda yaşıl budama, bitki diblərinin şumlanıb bellənməsi davam etdirilir.
Rayonda ənənəvi istehsal sahələrindən olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafı da daim diqqət mərkəzində saxlanmışdır. DAİM vasitəsilə yeni intensiv meyvə bağlarının salınması daim təşviq olunur. Yeni bağların salınması zamanı mütəxəssislər ərazilərə gedərək, fermerlərə müvafiq tövsiyələr veriblər.
İlqar HƏSƏNOV
XQ-nin bölgə müxbiri

