Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 22-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmədə təqsirləndirilən şəxs Davit İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.
Videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan “Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: “Daşnaksütyun” 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı. “Daşnaksütyun” təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Digər əsas məsələ isə təşkilatçılıq idi. “Daşnaksütyun” bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil ki, partiya 1990–1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda, həmçinin digər sahələrdə öz parlaq fəaliyyətini göstərdi. O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam”.
Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən D.İşxanyan deyib: “Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm”.
Televiziyaya verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verən D.İşxanyan videomaterialda Qarabağın Ermənistana birləşdirilməsi barədə söylədiyi fikirləri “Daşnaksütyun”un deyil, “deputat” olaraq qondarma rejimin “parlament”inin fikirləri kimi səsləndirdiyini deyib.
Təqsirləndirilən şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın Azərbaycan ərazilərinin işğalının hansı zərurətdən irəli gəlməsinə dair sualına cavab verməkdən yayınıb.
Məhkəmə prosesində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə keçmiş qondarma qurumun nümayəndələri ilə keçirdiyi görüşə dair videomaterial nümayiş olunub.
Videomaterialda göstərilir ki, görüşdə çıxış edən Levon Ter-Petrosyan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan qondarma quruma Ermənistan adından ən yüksək təhlükəsizlik zəmanətləri verdiyini xatırladıb.
O, qondarma qurum ilə Ermənistan arasında imzalanacaq təhlükəsizlik zəmanətləri barədə müqaviləni məxfi sənəd adlandırıb.
Kadrlarda Ermənistanın keçmiş prezidenti müqavilənin iki nüsxədən ibarət olacağını deyərək əlavə edib: “Dağlıq Qarabağ respublikası” beynəlxalq ictimaiyyətin, Rusiya Federasiyasının, ABŞ-ın və xüsusilə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın zəmanətlərinə güvənir”.
L.T.Petrosyan bildirir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir.
Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs Arkadi Qukasyan L.T.Petrosyanla keçirilən həmin görüşdə iştirak etdiyini deyib.
Həmin görüşü “taleyüklü məsələ” adlandıran təqsirləndirilən şəxs videomaterialın Kəlbəcər rayonu işğal olunduqdan sonra çəkildiyini xatırladıb. Bildirib ki, həmin görüş zamanı keçmiş qondarma qurumun Azərbaycanla danışıqlar aparan qrupunun rəhbəri və qurumun “deputatı” olub.
A.Qukasyan əlavə edib ki, bu görüşdən sonra Georgi Petrosyan “vəzifəsindən” istefa verib: "Parlamentin sədri vəzifəsini Karen Baburyan icra etməyə başladı. O isə Robert Köçəryanla birlikdə Levon Ter-Petrosyanın təqdim etdiyi sənədi imzaladı.
Həmin sənədə əsasən, Ermənistan Respublikası münaqişə tam başa çatanadək Qarabağın təhlükəsizliyinin təminatını öz üzərinə götürürdü”.
Daha sonra dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyana Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov tərəfindən Şuşanın işğalı, işğalda iştirak edən şəxslərlə bağlı suallar ünvanlanıb.
L.Mnatsakanyan suallara cavabında Şuşanın işğalında iştirak edən Aşot Qulyanı tanıdığını, lakin onunla xidmət etmədiyini deyib.
Məhkəmədə L.Mnatsakanyanın da olduğu qondarma qurumun vəzifəli şəxslərinin müsahibə verdiyi videomaterial nümayiş etdirilib.
Videomaterialda L.Mnatsakanyan deyir: “Şuşanı tutan zaman Aşot Qulyanın bölüyündə olmuşam. Bizim bölüyümüz onların bölüyünün sol tərəfində – Şuşa qalası istiqamətində fəaliyyət göstərirdi və bölük ilə sıx əməkdaşlıq edirdi. Əsas cəbhənin yarılması mərkəzi və sol hissədə idi.
Ardınca dövlət ittihamçılarının sualını cavablandıran Levon Mnatsakanyan kadrlarda dediyi sözləri inkar edib.
Təqsirləndirilən şəxs bildirib ki, 1993-1994-cü illərdə onların əsas istiqamətləri Ağdərə, Ağdam, Cəbrayıl və Füzuli olub.
Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.
XQ