MDB dövlətləri Miqrasiya Şurasının Bakı iclası

post-img

Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MDB MORŞ) 29-cu iclası keçirilir.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov açılış nitqi ilə çıxış edib. Xidmət rəisi bildirib ki, son illər ərzində Azərbaycanda mütərəqqi miqrasiya idarəçiliyi modeli formalaşdırılıb. Azərbaycan MDB ölkələri ilə miqrasiyanın tənzimlənməsi sahəsində qarşılıqlı faydalı fəaliyyətdə maraqlıdır. 

Vüsal Hüseynov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası regionda miqrasiya sahəsində yeni reallıqlar yaradıb. O, eyni zamanda, çıxışı zamanı azad edilmiş ərazilərdə mina probleminin mövcudluğunu, Azərbaycanın minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu və bununla bağlı Azərbaycanın rəsmi şəkildə humanitar minatəmizlənməni Dayanıqlı İnkişafın 18-ci milli məqsədi elan etdiyini bildirib.

MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri, Milli Məclisin deputatı Nizami Səfərov bildirib ki, MDB ölkələrinin parlamentləri miqrasiya sahəsində hüquqi bazanın təkmilləşdirilməsində mühüm rol oynayır. 

Sonra MDB MORŞ-yə yeni sədr seçilib. Bu posta Rusiya Federasiyasının daxili işlər nazirinin birinci müavini - Vətəndaşlıq Məsələləri və Xarici Vətəndaşların Qeydiyyatı Xidmətinin rəisi Andrey Kikot seçilib. 

Qeyd edək ki, MDB MORŞ 2007-ci il oktyabrın 5-də MDB Dövlət Başçıları Şurasının qərarına əsasən yaradılıb. MDB-nin sahəvi əməkdaşlıq orqanı olan MORŞ-da 8 dövlət təmsil olunur.

XQ

 

Son xəbərlər