Türkiyə və Gürcüstanın din xadimləri Ağdamda

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyədən və Gürcüstandan olan din xadimləri Şuşa şəhərindən sonra Ağdama gəliblər.

Nümayəndə heyəti əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib. Məlumat verilib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

Din xadimləri sonra Ağdam şəhər Cümə məscidinə gəliblər. Onlara ermənilərin mədəni, tarixi, dini abidələri məhv etmələri və Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib.

Din xadimləri məsciddə namaz qılıblar.

Nümayəndə heyəti daha sonra Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi ilə tanış olub.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb.

XQ

Son xəbərlər