Xalq şairi Rəsul Rzanın “Vəfa” tamaşası səksən iki ildən sonra yenidən səhnəyə qayıtdı. Böyük şairimiz bu pyesi Böyük Vətən müharibəsinin qızğın çağlarında - 1942-ci ildə qələmə almışdı. 1943-cü ildə “Vəfa” pyesi” Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyuldu. Tamaşaya Xalq artisti Adil İsgəndərov rejissor Ələsgər Şərifovla birlikdə quruluş vermişdi. Vəfa obrazını böyük sənətkarımız Hökümə Qurbanova canlandırırdı. Məhz bu roldan sonra Hökümə xanıma teatrda baş rollar həvalə edilməyə başladı. Vəfa onun teatrda yaratdığı ən uğurlu rollarından biridir. Təsadüfi deyil ki, aktrisa öz qız övladına da Vəfa adını vermişdi ki, həmin qız sonralar Azərbaycan teatrının tanınan, sevilən aktrisalarından birinə çevrildi – Vəfa Fətullayeva.
O zaman bu tamaşada böyük sənətkarlarımız Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, Mərziyə Davudova, Möhsün Sənani, Leyla Bədirbəyli, Məhluqə Sadıqova, Mirvari Novruzova və digərləri iştirak edirdilər. Tamaşa 1945-ci ilə qədər Akademik Teatrın səhnəsində üç yüz dəfədən çox oynanılıb. Tamaşaçılar igid oğul və qızlarımızın şücaətinə səhnədə şahidlik edirdilər. Onu da deyək ki, həmin vaxt özü də Krım cəbhəsində düşmənlə üz-üzə olan Rəsul Rza bu əsəri qələbəyə böyük inam hissiylə qələmə alıb.
Xalq yazıçısı Anarın Rəsul Rzanın həyat və yaradıcılıq yolundan bəhs edən “Mübarizə bu gün də var” kitabında “Vəfa” pyesi ilə bağlı olduqca qiymətli, maraqlı məqamlar var. Bu pyesin yazılması ilə bağlı Rəsul Rza dostu, teatrşünas Cəfər Cəfərovla fikirlərini bölüşürmüş. Cəfər Cəfərovun dostuna yazdığı məktub bunu təsdiqləyir. O, məktubunda “Vəfa”nın taleyi məni yaman maraqlandırır” yazırdı və əlavə edirdi ki, sentimentallığa qapılmadan həm məzmun, həm də stil etibarilə yaxşı bir əsər yazmalısan. Məktubdan o da bəlli olur ki, rejissor Adil İsgəndərov Rəsul Rzanı tələsdirirmiş ki, pyesi tez tamamlayıb teatra təhvil versin.
“Vəfa” pyesinin uğurlu nümayişindən sonra Cəfər Cəfərov pyesi müharibə haqqında yazılmış ən yaxşı əsərlərdən biri adlandırır.
Bu dəfə “Vəfa” tamaşası Bakı Bələdiyyə Teatrının repertuarında səhnə həyatı qazandı. Rəsul Rzanın 115 illik yubiley tədbirləri çərçivəsində hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Azərbaycan teatrının son 50 illik tarixinə öz imzasını atmış görkəmli rejissor monumental bir tamaşa hazırlamışdı. Müharibə temasını səhnəyə gətirmək, dövrün atmosferini əks etdirmək, tamaşaçıda lazımi əhval-ruhiyyə yaratmaq üçün rejissor bir sıra bədii ifadə vasitələrindən istifadə edərək nəticədə istəyinə nail olmuşdur. Səhnədə hərəkət iştirak edən şəxslərin söylədikləri söz vasitəsilə meydana çıxır. Bu zaman bunlardan hər birinin öz dilində danışması, təkrarolunmaz nitqə malik olması çox vacibdir. Ən yaxşı pyeslərdə həmişə belə olur. “Vəfa” pyesində də aktyorlar obrazların xarakterlərini öz danışıq tərzində, hərəkətlərində uğurla ifadə edirlər. Tamaşada kollektiv yaradıcılıq, ansambl bütövlüyü öndə idi.
Vəfa obrazını canlandıran istedadlı aktrisa Ülviyyə Rza əri müharibədə döyüşən gənc qadının hiss və həyəcanlarını son dərəcə təbii şəkildə ifadə edir. O, bir prokuror olaraq müharibədən yayınan tüfeylilərə, rüşvətxoralara qarşı nə qədər amansızdırsa, sevgisində də o qədər vəfalı, sədaqətlidir. Bu iki fərqli situasiyanı bir obrazda birləşdirməyi bacaran aktrisanın oyun tərzi tamaşaçıda unudulmaz təəssürat oyadır.
Bahadır pyesin aparıcı xəttini təşkil edir, o, komandirdir, döyüşü idarə edir. Vəfanın adından yazılmış yalançı məktubla onun iradəsini sarsıtmağa çalışırlar. Bu işin başında dayanan müxtəlif yollarla cəbhədən yayınan Minnətovdur. Yeri gəlmişkən, İsmayıl Atakişiyevin oyununda Minnətov olduqca təbii, inandırıcı görünür. Aktyorun obrazın xarakterinə uyğun dinamik səhnə plastikası, uğurlu tapıntıları tamaşaçıda da ona qarşı rəğbət hissi oyadır. Ümumiyyətlə, İsmayıl Atakişiyev geniş imkanlara malik aktyordur, xarakterlər ustasıdır. Düşünürəm ki, hələ də onun yaradıcı potensialından tam istifadə edilməyib. Bir sözlə, “Vəfa” tamaşasında oynadığı obraza öz möhürünü vurmağı bacardı.
Bahadır rolunu canlandıran gənc aktyor Elməddin Zakirli haqda onu deyə bilərik ki, bu obraz sanki onun boyuna biçilib. Bahadırın düşmənə nifrəti, Vətən sevgisi, öz yarından ayrı düşməsinin möhnəti, nisgili təbii ştrixlərlə zahiri görkəmində, səhnə hərəkətlərində qabarıq görünür. Xüsusən, faşistlərə əsir düşməsi səhnəsindəki situasiyada aktyor şəraitin tələb etdiyi davranış qaydalarına ustalıqla riayət edir. Düşmən tərəfin zabiti qarşısında öz qürurunu itirməyən, ona sərt cavablar verməyi bacaran Bahadır tamaşaçının gözündə əsl qəhrəmana çevrilir.
Mayor əsir düşmüş kapitana deyir:
– Siz ağıllı adamsınız, kapitan. Mənim sizə heyfim gəlir. Bu dava böyük millətlər arasında gedən amansız bir mübarizədir. Siz azərbaycanlılar kiçik bir millət olaraq bu davada nə qazana bilərsiniz? Siz qolunu daha bərk bağlamaq üçün zəncir hazırlayan bir qula bənzəyirsiniz.
Bahadır isə ona belə cavab verir:
–Millətin böyüklüyü sayında deyil, cənab mayor. Ali irq dediyiniz siz almanların babaları vəhşi dəstələrlə basqın edib Roma mədəniyyətini dağıdanda kiçik millət dediyiniz azərbaycanlılar sənət sarayları yaradırdı.
Müharibənin hələ bitmədiyi bir zamanda Azərbaycan səhnəsində bu fikirlər səslənirdi. Rəsul Rza azərbaycanlıların guya döyüşmək istəmədiyi fikrini də bu əsərlə alt-üst edir. Bu yalan, iftira dolu fikirlərə də əsərdə qəhrəmanın dilindən tutarlı cavablar verilir. Pyesin bütün personajları azərbaycanlılardır. Müəllif düşünərək əsəri bu formada qələmə alıb. Həqiqət ön güclü silahdır.
Əməkdar artist Aydın Əliyev alman zabitini özünəməxsus plastika ilə ifa edir və yadda qalır. Geniş yaradıcı diapazona malik aktyor bu tamaşada da obrazına uğurlu çalarlar qatır.
Əməkdar artist Səmayə Sadıxovanın ifasında Ülkər xala tamaşanın ən təsirli, ən emosional məqamlarını təşkil edir. O, Bəxtiyarın anasıdır. Aktrisa oğulları cəbhədə döyüşən anaların mərd, mübariz xarakterini ifadə etməyi bacarıb.
Günel Həmidovanın ifasında İntizarın sevgidən doğan iztirabları, daxili çırpıntıları tamaşaçını mütəəssir edir. Tamaşaçı onun qəlbini bürüyən kədərli duyğuların həzin musiqisini eşidərək ona acıyır. Aktrisa Arzu Ağayeva tamaşada Firuzə obrazını canlandırır və öz rolunun öhdəsindən uğurla gəlir. Əməkdar artist Əhməd Salahovun ifasında Vəzir bir az komik, bir az laübalı, bir az əhlikef, bir az da hiyləgər adam təəssüratı yaradır. Aktyor Toğrul Rza Bəxtiyar rolunda “öz qabında” görünür, Bahadırla Bəxtiyarın əsir düşdükləri səhnədə öz rolunun öhdəsindən məharətlə gəlir.
Yaddaqalan obrazları ilə tamaşaçılar tərəfindən sevilən Zülfiyyə Qurbanova Vəsfiyyəni rəqsvari hərəkətlərlə “bəzəyir” və bu qadının xarakterini uğurlu tapıntıları ilə tamaşaçıya təqdim edir.
Rəsul Rza hələ həmin illərdə üçrəngli bayrağımıza şeir yazmışdı:
Al günəşdən, yaşıl dağdan, göy dənizdən rəng alaraq
Sənin azad göylərində öz bayrağın ucalacaq!
Rejissor tamaşanın finalını da böyük şairimizin bu misraları üzərində qurub. Bu sətirlərin müəllifi də pyesin yenidən işlənməsində iştirak edib. Biz şairin şeirlərindən, məktublarından istifadə edərək tamaşanın müasir versiyasını hazırladıq.
Tamaşada əməkdar artistlər Şahzadə Babayeva, Gülsabah Quliyeva, aktyorlardan Rəşad Kəsəmənli, Əzizə Həşimova, Elçin Muradov, Namiq Cavadov, Təzəgül Məmmədova, Rəşid Soltanov, Asif Rəhimov və digərləri iştirak edirlər.
Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərli, bədii işlər üzrə tərtibatçısı Elnur Ehtiramoğludur.
Kənan HACI,
yazıçı-dramaturq