Azərbaycanın xarici işlər naziri Keniyada

post-img

İyunun 3-də xarici işlər naziri Ceyhun Bayramov Keniyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Vilyam Samoei Ruto tərəfindən qəbul edilib.

Görüşdə tərəflər yüksəksəviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar. Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlığın bütün sahələrdə möhkəmlənəcəyinə dair əminlik ifadə ediblər. Bununla yanaşı, iqtisadiyyat, enerji, kənd təsərrüfatı, təhsil, mədəniyyət, turizm və idarəçilik sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

İnformasiya və kommunikasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, enerji və faydalı qazıntılar sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğu və konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə birgə biznes-forumların və ticarət missiyalarının təşkilinin faydalı olacağı qeyd edilib.

Afrika ölkələrinin Azərbaycanın xarici siyasətində əhəmiyyətindən bəhs olunub, Keniya ilə yanaşı, qitənin digər dövlətləri ilə əməkdaşlığın inkişafında maraqlı olduğu diqqətə çatdırılıb.

Ölkəmizin uğurlu COP29 tədbirinin və qəbul olunmuş qərarların əhəmiyyəti, 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhər Forumu çərçivəsində iki ölkə arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

***

Həmin gün Azərbaycanın Keniyada Səfirliyi açılıb. Bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Bildirilib ki, Keniyaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov keniyalı həmkarı Musaliya Mudavadi ilə səfirliyin açılış mərasimində iştirak edib.

Xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya dövlətlərarası əlaqələrinin davam etdirilməsi və möhkəmləndirilməsi, kommunikasiyaların asanlaşdırılması və əməkdaşlığın təşviqi istiqamətində mühüm addım kimi qiymətləndiriblər.

Nazir Keniya tərəfindən diplomatik missiyanın lazımi səviyyədə fəaliyyət göstərməsi üçün ev sahibi ölkə kimi yaradılmış əlverişli mühit və şəraiti yüksək qiymətləndirib.

***

Dünən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb.

Tərəflər arasında təkbətək görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib, Azərbaycan–Keniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər müzakirə olunub.

Azərbaycan ilə Keniya arasında BMT, Qoşulmama Hərəkatı və BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) kimi çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. İqtisadiyyat, ticarət, investisiyalar və ətraf mühit məsələlərinə toxunularaq, informasiya və kommunikasiya texnologiyaları, enerji və təbii ehtiyatlar, kənd təsərrüfatı və turizm, iqlim dəyişikliyinə qarşı mübarizə və yaşıl transformasiya sahələrində əməkdaşlıq üçün böyük potensial və imkanların olduğu bildirilib.

Azərbaycan Respublikasının Keniyanın paytaxtı Nayrobi şəhərində səfirliyinin rəsmi fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlığımızın daha sistematik və əhatəli şəkildə həyata keçirilməsinə töhfə verəcəyinə dair əminlik ifadə olunub.

XQ

 

Son xəbərlər