Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 5-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmədə Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlər tədqiq edilib. Bildirilib ki, Azərbaycan Respublikasının işğal altında olan əraziləri işğaldan azad edildikdən sonra həmin ərazilərə baxışlar keçirilib, hər bir rayon və kənd üzrə vurulmuş ziyan müəyyən olunub.
Bildirilib ki, 1992–2023-cü illər ərzində təqsirləndirilən şəxslər – Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç və digərlərinin rəhbərliyi və iştirakı ilə işğal olunmuş ərazilərdə Azərbaycan xalqına və dövlətinə məxsus yeraltı və yerüstü təbii sərvətlər talan edilib.
Dövlət ittihamçısı Fuad Musayevin iştirakı ilə tədqiq edilən sənədlərə əsasən, talan nəticəsində əldə edilmiş gəlir və ya digər maddi sərvətlər Ermənistan ordusu, cinayətkar birlik tərəfindən formalaşdırılmış silahlı dəstələrin, xarici ölkələrdən gətirilən muzdluların maliyyələşdirilməsinə, onların müxtəlif növ silah, geyim, ərzaq və digər zəruri ehtiyaclarının təmin olunmasına, cinayətkar birliklərə daxil olan silahlı birləşmələrin döyüş qabiliyyətinin artırılmasına yönəldilib. Daha sonra qeyd edilən filiz, xammal və digər təbii ehtiyatların cinayətkar birliyin üzvləri tərəfindən təşkil edilmiş və idarə olunmuş şirkətlər və müəssisələr vasitəsilə istismarı ilə bağlı mövcud məlumatlar təqdim olunub.
Daha sonra məhkəmədə Azərbaycanın vaxtilə işğalda olan ərazilərində - Xankəndi şəhərində 2012-ci ilin may ayında keçirilmiş “hərbi parad”ın ermənilər tərəfindən çəkilmiş videokadrları nümayiş etdirilib. Levon Mnatsakanyan tribunaya dəvət edilib və ona Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov suallar ünvanlayıb.
Ermənistan silahı qüvvələrində yüksək vəzifələr tutmuş, o cümlədən baş qərargah rəisinin müavini olmuş, habelə qondarma rejimdə “müdafiə naziri” olmuş Levon Mnatsakanyan dindirmə zamanı əvvəlcə “parad”la bağlı sualları cavablandırıb. O deyib: “Biz “parad”ları keçirərkən keçmiş SSRİ-nin təcrübəsinə əsaslanmışıq. Adətən, “parad”ların keçirilməsi üçün əsas illik hazırlıq planı təşkil edilirdi. Həmçinin yubileylər - 5, 10, 15, 20, 25 illik - bu “parad”ların keçirilməsi üçün əsas olub. Əgər “parad”larla bağlı əlaqəmi soruşursunuzsa, mən 2012-ci ildə “müdafiə ordusu”nun qərargah rəisi olmuşam. Həmin “parad”ın hazırlanmasına cavabdeh şəxs olmuşam. “Parad” zamanı şəxsi heyəti “ordu komandanı”na təqdim etmişəm, o isə, öz növbəsində, “ölkə rəhbəri”nə raport verib.
Bundan başqa, Ermənistan Respublikasındakı iki, yaxud üç paradda da iştirak etmişəm”.
O, “parad”ın qondarma rejimin “ordusu”nun 20 illiyinə həsr edildiyini bildirib və prokurorun sualına cavabında deyib ki, onlar həmin vaxt “Yeraton” – üç bayram ifadəsindən istifadə edirmiş və bu “parad” da “Yeraton” münasibətilə təşkil edilib. Bu bayramlara həm 8 may – Şuşanın işğalı, həm 9 may - İkinci Dünya müharibəsində qələbə günü, həm də rejimin “ordu”sunun yaranma günü aiddir.
Videokadrların davamında “parad”ın komandirinin qondarma rejimin “ordu komandanının birinci müavini, qərargah rəisi”, general-mayor Levon Mnatsakanyan olduğu bildirilir. “Parad”ın qəbulunu isə qondarma rejimin “müdafiə naziri” Movsis Akopyan həyata keçirir.
Təqsirləndirilən şəxs “parad”da iştirak edən digər şəxslərin də adlarını sadalayıb: “Sağdan sola deyəcəyəm: “parlamentin sədri” Aşot Qulyan, din xadimi Servazan, həmin vaxt Ermənistan Respublikasının müdafiə naziri olan Seyran Ohanyan, “prezident” Bako Sahakyan, Ermənistan Respublikasının sabiq prezidenti Serj Sarkisyan (həmin vaxt Ermənistan prezidenti olub – red.), erməni kilsəsinin rəhbəri - katolikos, həmçinin Ermənistanın 2-ci prezidenti Robert Koçaryan, Arkadi Qukasyan və həmin vaxt “baş nazir” olan Arayik Harutyunyan”.
Levon Mnatsakanyan “parad”da artilleriya silahlarının bütün növlərinin olduğunu deyib və əlavə edib: “D-30, D-20, tank əleyhinə vasitələr, BM-21 qrad, artilleriyanın özüyeriyən qurğuları... Raket kompleksləri var idi, səhv etmirəmsə “Smerç”, “Toçka” olub. Zirehli texnikalardan tanklar, piyadaların döyüş maşınları olub”.
O, “parad”da istifadə olunan silahların bir qisminin Ermənistandan gətirildiyini də deyib və bildirib: “Bu “parad”da elə silahlar var ki, onlar “müdafiə ordusu”nun arsenalında yoxdur. Lakin hərbi “parad”ın keçirilməsi üçün gətirilib. Məncə, həmin “parad”da “BM 80”, “Toçka”, “Smerç” olubsa, Ermənistan gətirilənlərdir”.
Levon Mnatsakanyan rejimin “ordusu”nun Ermənistan silahlı qüvvələrinin bir hissəsi hesab olunduğunu, “komandan” vəzifəsinə təyinatın Ermənistan müdafiə nazirinin təqdimatı əsasında Ermənistan prezidenti tərəfindən həyata keçirildiyini bildirib və deyib: “Sonralar isə bu təyinatı Ermənistanın baş naziri həyata keçirirdi”.
Təqsirləndirilən şəxs rejimin “ordusu”nun ehtiyacı olan silahların siyahısının tərtib olunduğunu, bunun əsasında Ermənistandan silah aldıqlarını, əvəzində heç bir ödəniş edilmədiyini deyib.
Məhkəmə prosesi iyunun 12-də davam etdiriləcək.
XQ