Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən il okeanlarla da qırılmaz şəkildə əlaqəli olan iqlim dəyişikliyi ilə bağlı mühüm toplantı - COP29 beynəlxalq konfransı Bakıda uğurla keçdi. Okeanları təcili olaraq qorumağımızın bir çox səbəbi var. Okeanlar biomüxtəlifliyin böyük su anbarlarıdır, davamlı balıqçılıq üçün həyati əhəmiyyət kəsb edir və milyardlarla insanın ərzaq təhlükəsizliyi üçün vacibdir.
Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri-14 çərçivəsində keçirilən BMT-nin Okean Konfransındakı çıxışında deyib.
O bildirib ki, Xəzər dənizinin sahilində yerləşən ölkə kimi öz ətraf mühitini qorumaq üçün qətiyyətli addımlar atıb. İlk Dəniz Mühafizəsi Ərazisi yaradıb və Xəzər dənizində ilk ümid məkanını elan edib ki, bu da regionda dənizin mühafizəsi istiqamətində mühüm addım oldu.
Səfir vurğulayıb ki, məhz Azərbaycanın təşəbbüsü ilə BMT-nin COP29 beynəlxalq konfransında Xəzər kimi daxili dənizlər də daxil olmaqla, ortaq su obyektləri üzrə əməkdaşlığı inkişaf etdirmək üçün İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoqu başladı. Həmçinin ölkəmizin Milli Biomüxtəliflik Strategiyası və Fəaliyyət Planı yenilənir, zəngin biomüxtəlifliyi qorumaq və artırmaq üçün aydın məqsədlər, hədəflər və tədbirlər müəyyən edilib. Bu, Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsinə uyğundur.
XQ