“Milli Qurtuluş Günü və yerli özünüidarəetmənin inkişafı” mövzusunda tədbir keçirilib

post-img

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin  təşkilatçılığı  ilə Naxçıvan şəhərində  15  iyun Milli  Qurtuluş  Gününə  həsr olunmuş “Milli Qurtuluş Günü və yerli özünüidarəetmənin inkişafı" mövzusunda muxtar respublika  üzrə fəaliyyət göstərən bələdiyyə üzvlərinin iştirakı ilə tədbir keçirilib. Bu haqda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Xalq” qəzetinə məlumat verilib. Məlumata görə, tədbirdə rayonlar  üzrə bələdiyyə nümayəndələri, ictimaiyyətin fəal  üzvləri və dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxışlar və təqdimatlarla konfrans öz işinə başlayıb. İlk olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Naxçıvandan Bakıya: Milli Qurtuluş tariximizin başlanğıcı” mövzusunda çıxış edib. O, Ümummilli liderin Naxçıvana qayıdışının Azərbaycanın müstəqilliyi və sabitliyi üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Milli Qurtuluş missiyası: Böyük xilaskarlıqdan ümummilli zəfərə” mövzusunda çıxış edib. O, çıxışında dahi şəxsiyyətin xilaskarlıq missiyasının yalnız o dövrün deyil, həm də müasir Azərbaycanın inkişaf tarixinin əsas dayağı olduğunu qeyd edib. Ramiz Qasımov həmçinin bu siyasi irsin nəticələrinin bugünkü uğurlarımızda əks olunduğunu da bildirib.

Tədbirdə çıxış edən bələdiyyə sədrləri yerli özünüidarəetmənin inkişafında Ulu öndərin xüsusi roluna toxunub, bələdiyyə institutunun hüquqi əsaslarının və konstitusiyada əksini tapan səlahiyyətlərin əhəmiyyətini vurğulayıb.

Sonda Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.

 



Son xəbərlər