Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Şura sədri Rəşad Məcidin adından ünvanlanmış məktubda bildirilib ki, dövlətimizin başçısının “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamı milli mətbuatımızın keçdiyi şərəfli yolun müfəssəl təsviridir. Bu mühüm dövlət sənədi, eyni zamanda, mətbuatımızın şanlı ənənələrinə, Azərbaycanda ictimai fikrin formalaşmasına, dövlətçilik ideyaları naminə səfərbərlik missiyasına böyük dəyərdir:
“Siz hər zaman mediamızın müasir və müstəqil Azərbaycanın inkişafındakı, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğundakı rolunu yüksək qiymətləndirmisiniz. Gələcək üçün yol xəritəsi mahiyyəti daşıyan yubiley Sərəncamızında 44 günlük Vətən müharibəsi zamanı jurnalistlərimizin əməyinə xüsusi yanaşmağınız isə 150 ilin sevincinə qürur və fəxarət hissi qazandırır.
Siz xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mediaya dövlət dəstəyi ənənəsini yaşadırsınız. Bu dəst-xətt özünü dönməz xarakterli fundamental islahatlarda göstərir. Qətiyyətlə deyə bilərik ki, media sahəsindəki inkişaf məhz islahatyönümlü siyasətinizdən qaynaqlanır”.
Məktubda eyni zamanda bildirilib ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Azərbaycan mediasına yüksək dəyər ifadə etməklə, gərgin əmək və axtarışlar nəticəsində əldə olunan inkişafı qiymətləndirib: “Media nümayəndələrinə milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı ünvanladığınız 22 iyul 2025-ci il tarixli müraciətdə isə inkişafın davamlılığına təminat verdiniz, mediamızın bundan sonra da cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasında, müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyinizi bildirdiniz. Həm bu əminliyiniz, həm də dünyanın yeni media düzənindəki mövcud tendensiyalar şəraitində müəyyənləşdirdiyiniz vəzifələr məsuliyyətimizi artırır”.
Məktubda, həmçinin, jurnalistlərin məsuliyyətinin dövlətimizin başçısının onlara olan etimadından qaynaqlandığı bildirilib. Vurğulanıb ki, media təmsilçiləri Qarabağı azadlığına qovuşdurmuş, torpaqlarımızın işğalına son qoymuş müzəffər Ali Baş Komandanın əsgəri kimi fəaliyyət göstərməkdən, xalqımıza rifah və əmin-amanlıq, regionumuza sabitlik gətirən siyasi kursunuza sadiq olmaqdan, nəhayət etimadınızı doğrultmaqdan məmnundurlar. Hər bir qələm sahibi üçün bu məmnunluq yaradıcılıq şövqü, ruh yüksəkliyi və əzmlə çalışmaq üçün son dərəcə böyük mənəvi stimuldur.
Mətbuat Şurasının məktubunda o da bildirilib ki, Azərbaycan dövlətinin media siyasəti özündə təkcə konseptual mahiyyət daşıyan fəaliyyət xəttini deyil, eyni zamanda, jurnalistlərə həssas münasibəti də birləşdirir. Həssaslığın isə media nümayəndələrinin əməyinin qiymətləndirilməsi, onların dövlət təltiflərinə - fəxri adlara, orden və medallara layiq görülmələri ənənəsi var: “Əvvəlki yubileylərdə olduğu kimi, milli mətbuatımızın 150 illik yubileyində də 2005-ci ildə əsasını qoyduğunuz bu ənənə özünü parlaq şəkildə göstərdi. “Media nümayəndərlərinin təltif edilməsi haqqında” 21 iyul 2025-ci il tarixli Sərəncamınızla 200-dən çox həmkarımıza inanılmaz xoşbəxtlik hissi bəxş etdiniz”, - kimi fikirlərin yer aldığı məktubda bütün bunlara, ümumən, mediaya, jurnalistlərə daim həssas münasibətinə, peşəyə yüksək dəyərə və qədirbilənliyə görə Prezident İlham Əliyevə Azərbaycan Mətbuat Şurası İdarə Heyəti üzvlərinin, bütövlükdə ölkəmizin jurnalist ictimaiyyətinin dərin təşəkkürü və minnətdarlığı ifadə olunub, dövlətimizin başçısına Vətənimiz Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulanıb.
XQ