Avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində Parlamentlərarası Forum öz işinə başlayıb. Tədbirdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Sahibə Qafarova Forumun “Vyanadan Avazaya: Həll olunmamış çağırışlar, öyrənilmiş dərslər və irəliyə doğru yol” mövzusunda keçirilən birinci sessiyasına sədrlik edib.
Milli Məclisin sədri bildirib ki, bu forumun məqsədi dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə, tranzit ölkələrdə və inkişaf tərəfdaşlarında siyasət və proqramların formalaşdırılması və icrasında, həmçinin bu ölkələr üçün qəbul edilmiş Fəaliyyət proqramları üzrə öhdəliklərin və prioritetlərin yerinə yetirilməsində parlamentlərin oynaya biləcəyi rolu qəbul etməkdir.
S.Qafarova çıxışında milli sərhədləri aşan və parlamentlərin fəaliyyətini beynəlxalq səviyyəyə qaldıran parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, ideyaların müzakirəsi və təcrübə mübadiləsinin parlamentlərin fəaliyyətinə yeni perspektivlər qatacağına inamını ifadə edib. Qeyd olunub ki, belə forumlar parlamentlərin səylərinin birləşdirilməsinə və fəaliyyətlərin əlaqələndirilməsinə kömək edə bilər.
Parlamentin sədri müzakirələr zamanı Azərbaycanın bu istiqamətdəki təcrübələrini də diqqətə çatdırıb. O, dənizə çıxışı olmayan ölkə kimi Azərbaycanın həyata keçirdiyi təşəbbüslərin coğrafi məhdudiyyətləri imkanlara çevirdiyini vurğulayaraq bildirib ki, son illər ərzində ölkəmiz nəqliyyat infrastrukturuna, o cümlədən Ələt Beynəlxalq Dəniz Ticarət Limanına, yeni avtomobil və dəmir yollarının inşasına milyardlarla dollar sərmayə yatırıb. S.Qafarova, həmçinin hazırda həyata keçirilən digər mühüm təşəbbüs - Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlıq haqqında da məlumat verib.
Müzakirələr digər çıxışlarla davam edib.
***
Dünən Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.
Görüşdə D.Qulmanova diqqətə çatdırıb ki, konfransda müzakirə olunan məsələlər mühüm əhəmiyyətə malikdir və xalqlarımızın maraqlarına xidmət edir. O, Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək ölkələrimiz arasındakı münasibətlərin mövcud səviyyəsindən razılığını bildirib.
Sahibə Qafarova dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafından danışaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edib.
Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin parlamentlərinin əhəmiyyətini vurğulayan Sahibə Qafarova bu sahədə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətini təqdir edib.
***
Milli Məclisin sədri Sahibə Qafarova həmin gün Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə də görüşüb.
Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, əlaqələrimizin dərinləşməsində ölkə başçılarının müstəsna rolu xüsusi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əməkdaşlığın dinamik inkişaf tempinə malik olduğu bildirilib. Qeyd olunub ki, sıx təmaslar, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirilən mütəmadi görüşlər və qarşılıqlı səfərlər qanunverici orqanlarımızın əməkdaşlığına mühüm və müsbət təsir göstərir. Sahibə Qafarova özünün Özbəkistana çoxsaylı səfərlərini, o cümlədən cari ilin iyulunda Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası Forumunda iştirakını məmnunluqla xatırlayıb.
XQ