Milli Məclisin Sədri Qadın Liderlər Forumunda

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Malayziyanın Kuala Lumpur şəhərində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 2-ci Qadın Siyasi Liderlər Forumunda iştirak edib.

Milli Məclisin Sədri çıxışı zamanı Azərbaycan parlamentinin təcrübəsi və ölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlər barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycan qadınların hüquqlarının qorunmasına və onların qərarların qəbulunda fəal iştirakının təmin edilməsinə tam sadiqdir.

S.Qafarova Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrini də qabaqlayaraq qadınlara səsvermə hüququ verdiyini xatırladıb. Deyib ki, 2024-cü ilin sentyabrında keçirilən seçkilər nəticəsində isə qadınlar parlamentdəki 125 yerdən 26-sını qazanıblar, bu da əvvəlki dövrlə müqayisədə say artımını nümayiş etdirir.

Milli Məclisin Sədri, həmçinin Azərbaycanın gender məsələləri ilə bağlı beynəlxalq parlament təşkilatlarında fəaliyyəti və təşəbbüsləri haqqında da danışıb.

***

Milli Məclisin Sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfəri çərçivəsində Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb.

Görüşdə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının beynəlxalq parlament platforması kimi fəaliyyəti, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub. O, həmçinin deputatların qarşılıqlı səfərlərindən, hər iki tərəfdən nümayəndələrin Azərbaycan və Kambocada təşkil edilən tədbirlərdə iştirakından məmnunluq ifadə olunub.

Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. O, Milli Məclis Sədrinin AİPA-da iştirakından və onunla Assambleya çərçivəsində görüşməkdən məmnun olduğunu bildirib.

XQ



Son xəbərlər