Sentyabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri Sofi Laqutt ilə görüşüb.
Səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. C.Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Fransa arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
***
Azərbaycan “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib.
Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş təxliyə prosesi sentyabrın 17-də başlayıb və artıq həmin tələbələr təyyarə ilə ölkəmizə gətiriliblər. Onlar Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə müvafiq ali təhsil qurumlarının nümayəndələri tərəfindən qarşılanaraq yataqxanalara yerləşdiriliblər.
Qeyd edək ki, Fələstin Dövləti tərəfindən təqdim olunmuş namizədliklər əsasında həmin tələbələrdən 8 nəfəri ötən il, 6 nəfəri isə cari ildə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına qəbul olunub.
XQ