Ceyhun Bayramovun İtaliya səfəri

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikan səfəri zamanı Roma Papası XIV Leonun ümumi audiyensiyasında iştirak edib və onunla görüşüb. Nazir bu barədə özünün “X” hesabında paylaşıb.

“Rəsmi səfərim çərçivəsində Papa XIV Leonun ümumi audiyensiyasında iştirak etdim və görüşməkdən şərəf duydum.

Azərbaycan və Müqəddəs Taxt arasında möhkəm münasibətlər mövcuddur və bu əlaqələr dinlərarası dialoqun dəstəklənməsi, multikulturalizmin təşviqi baxımından böyük əhəmiyyət daşıyır.

İki ölkə arasındakı münasibətlər müxtəlif dinlər arasında dialoq üçün nümunə təşkil edir və bu, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir”, - paylaşımda qeyd olunub.

***

Xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliya Parlamentinin Deputatlar Palatasının Prezidenti Lorenzo Fontana ilə də görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Bildirilib ki, görüş Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq barədə fikir mübadiləsi aparmaq, siyasi dialoqun dinamik inkişafını müzakirə etmək və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi yollarını araşdırmaq üçün fürsət yaradıb.

Hər iki tərəf ortaq maraqların və regional sabitliyin dəstəklənməsi üçün enerji, ticarət, mədəni və humanitar sahələrdə davamlı əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüş zamanı Ceyhun Bayramov Fontanaya münaqişədən sonrakı dövrdə regiondakı mövcud vəziyyət barədə məlumat verib.

XQ



Son xəbərlər