Azərbaycan elm və təhsil naziri Emin Əmrullayevin Özbəkistana işgüzar səfəri çərçivəsində bu ölkənin məktəbəqədər və ümumi təhsil naziri Ezazxon Kərimova ilə görüşüb.
Tərəflər Azərbaycanla Özbəkistan arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Nazirlər təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, məktəbəqədər və ümumi təhsil sisteminin modernləşdirilməsi üçün əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirak edib.
***
Elm və təhsil naziri Emin Əmrullayev səfəri çərçivəsində Özbəkistanın ali təhsil, elm və innovasiya nazirinin birinci müavini Sardor Rəcəbovla da görüşüb.
Danışıqlar zamanı iki ölkə arasında ali təhsil, elm və innovasiya sahəsində strateji əməkdaşlığın yeni səviyyəyə çatdığı qeyd edilib.
Görüşdə elm, tədqiqat, təcrübə və innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsi, tələbə mübadiləsinin aktivləşdirilməsi, birgə təhsil proqramlarının həyata keçirilməsi, texnoparklar, innovasiya mərkəzləri və startap təşəbbüsləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də iki ölkənin universitet rektorlarının növbəti forumunun 2026-cı ildə Bakıda keçirilməsi və elm sahəsində birgə ekspert qrupunun yaradılması da daxil olmaqla mühüm razılaşmalar əldə edilib.
Sonda Özbəkistanın İnnovativ İnkişaf Agentliyi ilə Azərbaycanın Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında anlaşma memorandumu imzalanıb.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd


