Cənubi Koreya sakitlik naminə 140 aviareysi təxirə salıb

post-img

İngilis dili dinləmə imtahanı zamanı uçuşlar və enişlər məhdudlaşdırılıb

Bu gün Cənubi Koreyada “Suneun” adlı buraxılış imtahanları keçirilib və məktəblilərə tam sakit şərait yaratmaq üçün hakimiyyət təxminən 140 aviareysi təxirə salıb. Məhdudiyyətlər ingilis dili üzrə dinləmə mərhələsi zamanı tətbiq olunur: yerli vaxtla 13:05-dən 13:40-a qədər təyyarələrin uçuş və enişinə icazə verilmir, pilotlara isə 3 kilometrdən yuxarı yüksəklikdə qalmaq tapşırılır. Bu tədbirlər artıq imtahan gününün ənənəvi hissəsinə çevrilib, – deyə TASS xəbər verir.

Həmin gün Cənubi Koreyada həmçinin hərbi təlimlər ləğv edilir, birja və dövlət idarələri işə adi vaxtdan gec başlayır. Küçələrdə təxminən 10 min polis hərəkətə nəzarət üçün xidmət göstərir. İctimai nəqliyyat gücləndirilir və imtahana gecikən şagirdlər “qaynar xətt” vasitəsilə yardım çağıraraq patrul maşını ilə imtahan məntəqəsinə çatdırıla bilirlər.

Bu il imtahana 554 min nəfər qeydiyyatdan keçib - bu, son yeddi ilin ən yüksək göstəricisidir. Artım 2007-ci ildəki demoqrafik sıçrayış ilə izah olunur - həmin ili koreyalılar “Qızıl Donuz ili” adlandırırlar. İştirakçıların təxminən üçdə biri imtahanı təkrar verir və nəticəsini yaxşılaşdırmağa ümid edir. Nəticələr 5 dekabrda elan olunacaq.

S.ELAY

XQ

Maraqlı