Bu il Azərbaycan peşəkar milli teatrı 150 illik yubileyini qeyd edir. Teatr tarixinin öyrənilməsində və mühafizəsində Azərbaycan Dövlət Teatr Muzeyinin əvəzsiz rolu var. Həm milli teatrın yubileyi, həm də teatr muzeyinin yaranma günü ilə əlaqədar olaraq yolumuzu Teatr Muzeyindən saldıq. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova 89 yaşlı sənət saxlancı ünvanı haqqında ətraflı məlumat verdi:
– Azərbaycan Dövlət Teatr Muzeyi milli səhnə sənətimizə dair materialların toplanması, mühafizəsi və nümayişi ilə yanaşı, peşəkar teatr tariximizin təbliği işini də həyata keçirir. Odur ki, milli teatrımızın 150 illik yubileyi yalnız teatrlarımız üçün deyil, muzeyimiz üçün də əlamətdar hadisədir və biz bu tarixi günü ilboyu müxtəlif layihələrlə qeyd edirik. Bu il Xalq artistləri Rafiq Əzimovun 85, Hökümə Qurbanovanın 110, Hamlet Qurbanovun 85 illik yubileylərini keçirdik. Ankara şəhərində “TÜRKSOY” Beynəlxalq Mədəniyyət Təşkilatının mənzil-qərargahında Xalq artisti, görkəmli rejissor Tofiq Kazımovun 100 illik yubileyi qeyd olundu. Həmin toplantıda muzeyimiz sənətkarın həyat və yaradıcılığını əks etdirəm səyyar foto-sərgi və video-çarx ilə iştirak etdi.
Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə Bakıda keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasiminə Teatr Muzeyi fondunda qorunan və müxtəlif dövrlərin teatr estetikasını əks etdirən 200-dən artıq fotonun cəmləndiyi səyyar sərgi ilə qatıldıq. Festivalın Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən bağlanış mərasimində muzeyimizin zəngin kolleksiyasında qorunub saxlanılan, teatr rəssamlarının yaradıcılığını əks etdirən eksponatlardan ibarət “Eskizdən səhnəyə” adlı səyyar sərgi maraqla qarşılandı.
Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Ulu öndər dahi siyasi xadim kimi, Azərbaycanda bütün sahələrə, o cümlədən mədəniyyətin inkişafına hər zaman böyük diqqət və qayğı göstərib. İlin əvvəlində muzeyimiz “Heydər Əliyev və Azərbaycan” adlı layihəyə start verib. Gənclər Gününə həsr olunmuş “Çağdaş Azərbaycan gəncliyi üçün Heydər Əliyev fenomeni” adlı dəyirmi masa bu layihə çərçivəsində təşkil olunan silsilə tədbirlərin ilki idi. 20 Yanvar hadisəsinin 33-cü ildönümünə, Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbirlərimiz də olub. “ Zamana qalib gələnlər!” isə Azərbaycan Teatrının 150 illik yubileyinə həsr olunmuşdu.
“Can gülüm, can, can!” Novruz bayramında keçirilən bayram tədbirimiz idi. “Sabah” – Azərbaycan teleməkanında üzən ada” kimi tədbirlər də bu qəbildəndir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş daha bir tədbirimiz isə “Bir günəşin altında” adlı 18 May Beynəlxalq Muzeylər günündə keçirildi.
Muzeydə 28 May Müstəqillik, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi, 27 Sentyabr Anım günlərinə həsr olunmuş tədbirlər də geniş səviyyədə keçirilib. Xalq artisti Qabil Quliyevin səhnə fəaliyyətinin 50 illik yubileyi, sənətşünas Fidan Cəfərovanın “Yarasaların gözünü kor edən” kitabının təqdimatı və H.Cavid yaradıcılığına həsr olunmuş sərgi də muzeyin həyata keçirdiyi işlərdəndir.
Sevinc xanım dedi ki, Teatr Muzeyinin açılış mərasimi 1934-cü il noyabrın 25-də keçirilib. Sənət ocağı əvvəlcə Azərbaycan Dövlət Dram Teatrının binasında fəaliyyət göstərib. Mərasimdə görkəmli sənət xadimləri – Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Aleksandr Tuqanov, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə iştirak ediblər. 1935-ci ildə muzeyə böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının adı verilib.1963-cü ildə ləğv edilərək Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Teatr və dramaturgiya şöbəsinə çevrilən Teatr Muzeyi 1968-ci ildə bərpa olunub. 1991-ci ildə isə bu sənət saxlancı “Muzey Mərkəzi”nə köçürülüb. Beləliklə, uzun illərdən sonra Azərbaycan teatrının tarixini əks etdirən zəngin ekspozisiya yaradılıb. Bu gün muzeyin kolleksiyasında 140 mindən artıq eksponat var. Ekspozisiyalar 7 zalda yerləşir.
Maraqlı faktlardan biri də odur ki, Dövlət Teatr Muzeyinin ilk direktoru Ağakərim Şərifov repressiya illərində həbs edilən vaxt elmi işçi Afərin Məmmədbəyova öz həyatını təhlükəyə qoyaraq muzeydəki bir çox əşyaları gizlətməsi və həmin sənədlər bugünümüzə gəlib çatmasıdır.
Teatr Muzeyinin fondu ilbəil genişlənir.
Ramilə QURBANLI
XQ

