“Zəngəzur yazarlarının Zəfər çələngi”

post-img

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zəngəzur yazarlarının Zəfər çələngi” layihəsi çərçivəsində buraxdığı eyniadlı kitabda tarixi Zəngəzur bölgəsini əhatə edən 9 rayonda – Cəbrayıl, Qarakilsə, Mehri, Gorus, Kəlbəcər, Laçın, Qafan, Zəngilan və Qubadlıda doğulan, soy-kökü ilə bu bölgəyə bağlı olan 250 müəllifin müxtəlif janrlı bədii və publisistik yazıları toplanıb.

Fərqli üslub və rəngarəng mövzulu müxtəlif janrlı yazılarda müəlliflərin Vətən, torpaq, dövlət, xalq, ulu öndər Heydər Əliyev, Ali Baş Komandan İlham Əliyev, Milli Ordu, şəhid, qazi, ata-ana, Zəngəzur, Azərbaycan – Türkiyə birliyi, xalqımızın Vətən müharibəsindən sonrakı qürurlu həyatı, duyğuları ifadə olunub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi və 23 saat davam edən anti-terror əməliyyatı zamanı etdiyi tarixi çıxışlarından sətirlər, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın feysbuk paylaşımları, xalqımızın Zəfər yoluna ayna tutan çoxsaylı fotolar da toplunun vətənpərvərlik ruhuna əyanilik gətirir və nəşrin mənəvi dəyərini, bədii siqlətini yüksəldir.

Toplu professor Mönsüm Alışovun “Zəfər ovqatlı Ön söz”ü ilə açılır. Qeyd olunur ki, kitabda adı, sözü keçən yazarların bəziləri xalqımızın Zəfər günlərini görmədən yurd həsrətilə dünyadan köçüblər. Onların Vətən sevgisi ilə aşılanmış yazıları da nəşrə salınıb. 8 Noyabr Zəfərinin tarixi önəmini dərindən anlamaq, yaşadığımız faciələrdən dərs almaq üçün bu yazılar həqiqət qaynağıdır.

Yaşadığımız şərəfli günlərin, ümümxalq təntənəsinin bədii inikası olan topludakı ədəbi örnəklərin xeyli hissəsini redaksiya heyətinin üzvləri, tərtibçilər son 5 ilin çap, media və internet bazalarından toplayıblar.

Almanaxın nüsxələri şəhid ailələrinə, qazilərə, təqdimatda iştirak edənlərə, elm, təhsil, mədəniyyət müəssisələrinə, ictimai təşkilatlara, dövlət, qeyri – hökumət təşkilatlarına, KİV-lərə, hərbi hissələrə, müəlliflərə paylanıb.

XQ

Mədəniyyət