XXIX Almaniya Beynəlxalq Opera Festivalında Azərbaycan təmsil olunub

post-img

Avqustun 10-da Almaniyanın Bavariya bölgəsində ənənəvi olaraq keçirilən möhtəşəm XXIX İmmlinq Beynəlxalq Opera Festivalının təntənəli bağlanış mərasimi keçirilib.

“Grande Finale” başlığı ilə keçirilən opera qala konserti İmmling Opera Festival orkestri və xorunun iştirakı ilə yadda qalıb. Həmin gün orkestrə müxtəlif ölkələrdən - Almaniya, Gürcüstan, Çin və Cənubi Afrikadan dirijorlar rəhbərlik edib.

Azərbaycanı festivalda Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev təmsil edib. Azərbaycanlı dirijor artıq beşinci dəfə Bavariyada Opera festivalına dəvət alır - öncəki çıxışlarında Əyyub Quliyevin dirijorluğu altında dahi Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və maestro Niyazinin əsərləri alman musiqiçiləri ilə bərabər böyük uğurla ifa olunub. Bu dəfə dirijorumuzla bərabər İtaliya, İspaniya, Meksika, Gürcüstan, Bolqarıstan, Livan, Çin, Misir və Latviyadan  dəvət olunmuş istedadlı opera müğənnilləri rəngarəng və mürəkkəb musiqi proqramını təqdim ediblər.  

Dörd saata yaxın davam edən konsertdə C. Verdi, C. Puççini, P. Maskanyi, C. Rossini, J. Bize, C. Gerşvin, L. Bernstayn, F. Zuppe, F. Leqar və digər böyük bəstəkarların operalarından ariya, duetlər, səhnələr və üverturalar sürəkli alqışlarla qarşılanmışdır. 2000 nəfərlik Opera Festival zalında insan axınını nəzərə alaraq  salonun qapıları açılaraq dinləyicilərin böyük qismi açıq havada yerləşdirilmiş və onlar konserti küçədən izləmişlər. Konsertin son əsəri olaraq azərbaycanlı dirijor Əyyub Quliyev və gecədə iştirak edən bütün müğənnilər səhnəyə çıxaraq C. Verdinin “Traviata” operasından “Libiamo” əsərini bərabər təqdim ediblər.  Festivalın rəhbəri Lüdviq Bauman və bədii rəhbəri Korneliya fon Kersenbrok dinləyicələrin adından müxtəlif ölkələrdən dəvət olunmuş ifaçılara - müğənni və dirijorlara bavariyalı dinləyicilər adından təşəkkürlərini bildirmişlər. 

Qeyd etmək lazımdır ki, 21 iyundan başlayan festival ərzində J. Bizenin “Karmen”, V. Mosartın “Sehirli fleyta”, C. Verdinin “Taleyin gücü”, C. Puççinin “Manon Lesko” operaları, “O Sole Mio”, “Concerto Aranjues” kimi yeni konsert proqramlarının premyeraları baş tutub. 











Mədəniyyət