Bu gün Batıdan-Doğuya, Doğudan-Batıya hər bir türkün çox sevdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Bu fikrin isbatına heç bir ehtiyac yoxdur – desək də, deməsək də, tarix özü bu həqiqəti təsdiq edib.
Şairlərin böyüklüyünü xalq bilir, xalqın yaddaşı onun sevgisi kimidir.
30 il öncə B.Vahabzadənin anadan olmasının 70 illiyi münasibətilə belə bir kitab nəşr olunmuşdu: “Poeziyamızın Bəxtiyarı”. O kitabda B.Vahabzadənin yaradıcılığı, keçdiyi ömür yolu və şəxsiyyəti barədə məqalələr, resenziyalar toplanmışdı. Dünyanın, Azərbaycanın tanınmış sənətçiləri poeziyamızın Bəxtiyarına ən səmimi, ən duyğulu ürək sözlərini izhar edirdilər.
Bəxtiyar Vahabzadə poeziyası onun şəxsiyyətindən ayrılmazdır. Əslində, hər hansı bir şeir şairdən kiçik bir zərrədir. Şair havadan poeziya yarada bilməz. Poeziya onun ruhi, iç aləminin bəlirtiləridir. Şairin dünyası isə ÖZ DÜNYASI ilə yaşadığı dünyanın harmoniyasından, yaxud ziddiyyətindən yaranır. Harmoniya yarananda şair yaşadığı dünyanın gözəlliklərindən hədsiz zövq alır. Amma bəzən elə ifrata varır ki, ətrafında top atılsa da, diksinmir, yaxud, o dərəcədə ifrata varır ki, həyatda olmayan gözəlliyə də bir gözəllik donu bəxş edir, despotu adil padşaha çevirir və s. Öz dünyası ilə yaşadığı dünya arasında bu cür süni harmoniya yaradan şairlərin çoxu ilhamına xəyanət edənlərdir. Şair ilk şeirindən son şeirinəcən təkcə gözəllikləri vəsf etməməlidir, həm də və bəlkə də, ən başlıcası, yaşadığı dünya ilə müxalifətdə olmalıdır. Sevincin içində sevinc bolluğunu görməyə nə var, dərdi gör, qəmi sez, kədəri ara. Gözəlliyin içində gözəlliyin çalarlarını duymağa nə var, bu gözəlliyin faciəsini gör.
Mənim fikrimcə, Bəxtiyar Vahabzadə Mirzə Ələkbər Sabirdən sonra dövranla, dünya ilə ən amansız müxalifətdə olan şairlərimizdən birisidir. Dahi Sabirin “Hophopnamə”si göz yaşları içində qəhqəhə idi, üz tutduğu xalqa “özünü dərk et” harayını, fəryadını çatdırırdı. Bəxtiyarın “Bəxtiyarnamə”si isə nə göz yaşlarıdı, nə də qəhqəhə. Müdrik bir şair-filosofun bəzən çılğın, bəzən qəzəb, HİDDƏT, ÜSYAN dolu çağırışlarıdır. “Ey xalqım, özünü dərk et və düşün, əsrlər boyu səni izləyən və qəhr edən bu bəlalardan özün çıxış yolu ara, tarixdən ibrət al!”
Törədi Koroğlu dəlilərindən
Savadlı, bilikli “ağıllılar” hey.
Bu ağıl hünərə deyil, bəs nədən
Kölə ehtiyata səcdə qılır hey?
Əllinci illərin sonları. Sovet imperiyasının hələ heç sarsılmadığı, daha da güc topladığı o illərdə Bəxtiyar Vahabzadə “Gülustan” poemasını yazdı. Bircə elə bu fakt kifayətdir deyək ki, o taylı-bu taylı yatmış millətin içində huşyar insanlar da vardı, biri də Bəxtiyar Vahabzadə idi. CÜRƏT, QEYRƏT, MİLLİ AMAL insana bəxş olunmur, insanla birgə doğulur, qanda, ilikdə yaranır bunlar.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı, ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
Xalqın, millətin sevimli şairinə ilk mənəvi zərbə də elə bu poemadan sonra dəydi. Amma Bəxtiyar sarsılmadı, bəziləri kimi, “günahını” etirafda bulunmadı. Bəxtiyar Vahabzadənin həm şəxsiyyəti, həm də yaradıcılığı onu millətin, xalqın böyük şairi anlamına gətirir. Onun üçün dünya Azərbaycandan başlayırdı, Azərbaycanla da bitirdi. Bu xalqın dəli-divanəsiydi.
Bəxtiyar poeziyasında həmişə zamanın ahəngi, ritmi, hətta addım səsləri aydınca duyulmuşdur. Zaman onun poeziyasında həm konkret mənada – dəqiq ayı, ili, əsri ilə məlum çərçivədə, həm də bütün keçmişləri indiyə və gələcəyə sığışdırılan bir dairədədir. Zamanın ayrı-ayrı bölümlərini ifadə edən yazılarında Bəxtiyar Vahabzadə “Gülüstan”, “416”, “Şəhidlər”, “Yollar-oğullar” şairidir. Yəni konkret tarixi hadisələrin konkret zaman bölümündə əksi… Amma unutmaq olmaz ki, burada konkretliyin özündə də bir şərtilik var. “Gülüstan” bir xalqın tarixi faciəsinin ibrət dərsidir, bir zamanın başqa bir zamanda ehyası, sonrakı zamanın da əbədi ağrısıdır. “Şəhidlər” də həmçinin.
Amma elə şeirlər, poemalar var ki, orada Zaman dəyişməz və bütövdür, konkret bir ayla, əsrlə məhdudlaşmır. Məsələn, “İnsan və zaman” silsiləsindən olan bir sıra şeirlər, “Latın dili”, “Gəl, ana təbiət”, “Muğam”, “Mənə nə var?”, “Özümdən narazıyam”, “Həyat, sən nə şirinsən”, “Ana dili”... və s. bu qəbildən olan poetik nümunələr.
Fırlandıqca bu dünya,
yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanın xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.
…Onun poeziyası bütövlükdə tarixi keçmişimizə və XX əsr Azərbaycanına tutulan saf, ləkəsiz, təmiz bir güzgüdür deyirik. Poeziyamızda CƏSARƏTİN necə boy atdığını, müstəbidləri necə titrətdiyini hiss etdik. Qanlı Yanvar faciəsindən bir neçə gün sonra Bəxtiyar Vahabzadənin rus generalının üzünə tüpürdüyünü dedilər, amma o öz şeirlərində çox-çox əvvəl imperiyanın üzünə tüpürmüşdü.
Bəxtiyar şeiri düşüncə, idrak yoluna işıq saçır. Bu işıqdan hələ neçə nəsil faydalanacaqdır.
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru