Əsərləri aforizmlərlə zəngin olan Bəxtiyar Vahabzadə dəyərli sözləri söhbətlərdə, məclislərdə daha çox misal gətirilən şairlərimizdəndir. Çünki onun yaradıcılığı folklorla yaxından bağlı, xalq ruhuna yaxındır. Şairin şeir nəfəsi yaşadığı dövr, düşdüyü mühit, ictimai-siyasi ab-hava ilə ayrılmazdır. O, əsərlərində xalq hikmətlərindən yetərincə bəhrələnməklə yanaşı, onlardan yeri gəldikcə həm öz əsərlərində istifadə edib, həm də bu gün dillər əzbəri olan çox gözəl, dəyərli aforizmlər, hikmətli sözlər yaradıb. Aforizmləri, xalq hikmətlərini, kəlamları şeirin poetik dilinə uydurmaq və ya fikrin ifadəsində bənzər söz seçimi ilə tarazlaşdırmaq Xalq şairinin ustalığından, bacarığından xəbər verir. Bəxtiyar Vahabzadənin bir sıra kəlamını oxuculara təqdim edirik:
Qılınc bu gün varsa, sabah pas tutar,
Sözünsə qılıncı həmişə parlar.
Əgər ana ürəyinə toxunsan,
Quş yuvası dağıdırsan elə bil.
Nəsənsə, özün ol,
Kökündən yapış!
Dünənə arxalan,
Bu gündən yapış!
Mən tək olan zaman fikirlərimin,
Hər biri yanımda bir adam olur.
Nə qədər zirvəyə qalxıb ucalsan,
Sən qalxan zirvəyə enən deyiləm...
Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!
Vətən borclu deyil, biz borcluyuq Vətənə.
Keçmişinə daş atanın gələcəyinə güllə atarlar.
Düzlük istəyənin ən əvvəl özü,
Əgər düz olmasa; vay o düzlüyə!
Hamıya bəllidir savab işlərim –
Amma günahlarım tək mənə bəlli.