Xatirələrdə yaşayan mənalı gülüş

post-img

Səyavuş Aslan – 90

Görkəmli teatr və kino xadimi, komik rolların mahir ifaçısı olmuş “Şöhrət” və “Şərəf” ordenli, Xalq artisti Səyavuş Aslan həqiqətən də milli mədəniyyətimizə şöhrət və şərəf gətirmiş sənətkarlardan idi. Yaradıcılığının  bütün məhsuldar dövrünü Azərbaycan Dövlət Akademik Musiqili və Akademik Dram teatrlarında keçirmiş unudulmaz aktyor özündən sonrakı nəsil üçün əsl örnək olub.

Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabr ayının 5-də Bakının Saray kəndində dünyaya göz açıb. İncəsənətə marağı tara könül verməsi ilə başlayıb, 3-cü sinfə qədər “Pionerlər evi”ndə tarzənlik öyrənib. Amma dram dərnəyinə gedən dostu Hacıağa ona səhnə sənətinin özəlliklərindən o qədər danışıb ki, axırda “saqqızını oğurlayıb” və şair demişkən, bir gün Səyavuş “tarı ağuşundan yerə qoyaraq” teatr dərnəyinə üz tutub.      

Gələcəyin çox böyük potensiallı ­ak­t­yoru Ağadadaş Qurbanovun yanında bu sənətin “əlifba”sını öyrənib, sonra bir müddət estrada truppasında və Quba teatrında işləyib. Ağası Məşədibəyovun “Toy kimindir?” tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə “muzkomediya”nın xor solisti olan Səyavuş aktyor heyətinə keçirilib və bundan sonrakı dövrdə məşhur obrazlardan ibarət böyük bir “qoşun” yaradıb. Onun canlandırdığı Bayram, İbişov, Firuzbala, Şubay, Dadaşbala, Qəmzəli, Misir Nəsir, Orduxan bəy rolları indi də xatırlananda çöhrələrdə xoş təbəssüm yaradır, replikaları, atmacaları misal çəkilir.

O, 1963–1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb. Dostlarının dediyinə görə, Lütvəli Abdullayev gənc Səyavuşun kumiri olub. Onu lap olduğu kimi təqlid edib. Hətta istedadlı gəncin xətrini çox istəyən tanınmış aktyor hərdən özünü xəstəliyə vururmuş ki, Səyavuş üçün səhnəyə çıxıb özünü göstərmək imkanı yaransın. Fitri istedadlı gənc “Arşın mal alan”dakı Vəli rolunu da bu qaydada, yəni əvəzediciliklə oynayıb. Ardınca parlaq obrazlar qalereyası gəlib. Səyavuş Aslan Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artistləri Nəsibə Zeynalova, Hacıbaba Bağırov və başqaları ilə çox uğurlu tərəf-müqabili olub.

...“Hicran” tamaşasında kəkələyə-kəkələyə danışan Dadaşbalanı elə gözəl və ustalıqla oynamışdı ki, eyni qüsuru olan bir seyrçi möhkəm incimiş və demişdi ki, insanın fiziki əngəlli olmasını bu dərəcədə məsxərə obyekti etməzlər. İnsani baxımdan doğru irad olsa da, eyni zamanda  bu amil Səyavuş Aslanın yüksək sənətkarlıq səviyyəsindən soraq verirdi. 

Bu isə rejissor Vaqif Mustafazadənin söylədiklərindəndir: “Deməli, “Bəyin oğurlanması” filminin çəkilişi zamanı toyda Muxtar Maniyev “İsrafil!” deyərək, Siyavuş Aslana möhkəm bir sillə vurur. Onunsa bundan xəbəri yox idi. Hamı çaşıb qalır, amma məharətli aktyor olan Səyavuş Aslan özünü o yerə qoymur, sanki ssenari belə imiş. Elə oynayır ki, sanki belə də olmalıymış və o sillə səhnəsi də epizodun orqanik bir hissəsidir”. Onun ekranda canlandırdığı bütün surətlər, beləcə, səmimiliyi və inandırıcılığı ilə seçilərək uğurlu tale yaşayıb. 

Görkəmli aktyorun 80 illik yubileyində çıxış edən ovaxtkı mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin söylədikləri yadımıza düşür: “Səyavuş Aslan unikal şəxsiyyət, unikal sənətkar idi. O, əsl sənətkar kimi heç vaxt unudulmayacaq. Nə qədər ki, Azərbaycan teatrı, Azərbaycan kinosu, mədəniyyətimiz var, Səyavuş Aslanın sənəti də yaşayacaq”. Düz 10 il əvvəl deyilmiş bu sözlər indi də öz qüvvəsində qalır, bundan sonra da çox onilliklər boyunca belə olacaq.

Müəyyən səbəblərə görə, “muzkomediya”nı tərk edəndə onu uşaqlıq dostu, birlikdə dərnəyə getdiyi Həsənağa Turabov rəhbərlik etdiyi “Azdrama”ya çağırıb.  Böyük sənətkar həmin teatrda və televiziya tamaşalarında da yaddaqalan obrazlar yaradıb. Bununla bərabər, Səyavuş Aslanın səsi, jestləri, idimi, təbii yumor hissi ilə daha çox komediya aktyoru kimi ürəkləri fəth etdiyi vurğulanır. 

Düz 12 il əvvəl, bir yay günü dünyasını dəyişən görkəmli aktyor Səyavuş Aslan parlaq obrazlar qalereyası ilə teatrımızın, kinomuzun tarixində və sənətsevərlərin qəlbində əbədi qalacaq.

Ə.DOSTƏLİ 
XQ 

 



Mədəniyyət