Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə T. Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
XQ xəbər verir ki, Memorandum Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Qırğızıstan Milli Akademik Dram Teatrının direktoru, Xalq artisti Asılbek Özübekov tərəfindən imzalanıb.
BU münasibətlə keçirilən tədbirdə çıxış edən Qırğızıstan Milli Akademik Dram Teatrının direktoru Asılbek Özübekov qeyd edib ki, iki dost və qardaş ölkənin milli teatrlarının rəsmiləşdirdiyi əməkdaşlıq müqaviləsi mədəniyyət tarixinin vacib hadisəsidir.
Memorandum Qırğızıstanın Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında səmərəli əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin — rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutur.
"Teatrlarımız arasında imzalanmış bu memorandum çərçivəsində həyata keçirilən tədbirlər hər iki ölkənin teatr həyatında canlanma yaradacaq, Azərbaycan və Qırğızıstan arasında mədəni və dostluq əlaqələrinin inkişafına dəyərli töhfələr verəcək", - deyə Asılbek Özübekov əlavə edib.
Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov isə qeyd edib ki, rəhbərlik etdiyi teatr Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müəyyən etdiyi yol xəritəsinə uyğun olaraq beynəlxalq əlaqələrini genişləndirir: "Çox şadam ki, teatr tariximizin bu vacib hadisəsi 2009-cu ildə Naxçıvanda Türk Dövlətləri Təşkilatının yaradılmasının 16-cı ildönümünə təsadüf edir. Azərbaycanın beynəlxalq əlaqələri günbəgün böyük uğurla inkişaf edir. Ölkəmizin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara uyğun olaraq, biz də teatr kimi, mədəniyyətin bir istiqaməti olaraq, öz işimizi dövlətimizin atdığı mühüm addımlara uyğun şəkildə qururuq. Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif ölkələrdə təntənəli şəkildə Azərbaycan mədəniyyəti günləri keçirilir. Məhz bu istiqaməti, bu yol xəritəsini əsas tutaraq, əməkdaşlıq əlaqələri qururuq. Növbəti əməkdaşlıq müqavilələri Qazaxıstan və Özbəkistanın milli teatrları ilə imzalanacaq".
Bişkekə rəsmi səfəri çərçivəsində İlham Əsgərov həmçinin Ata-Beyit Milli Tarixi Memorial Kompleksində Çingiz Aytmatovun məzarını və yazıçının ev-muzeyini ziyarət edib, Qırğızıstan-Azərbaycan Dostluq Parkında və Azərbaycanın Qırğızıstandakı səfirliyində olub, səfirliyin müşaviri Zülfüqar Tanarverdi və "Birlik" Azərbaycan diaspora təşkilatının sədri Xansuvar Baxşəliyevlə görüşüb, gələcəkdə teatr sahəsində vacib addımların atılması istiqamətində müzakirələr aparıb.